Onlayn ictimai-siyasi qəzet
Bu dəfə Göyçə qubernatoru Karen Sərkisyan “zilə çıxıb”. Həmin bu hay deyib ki, Azərbaycanın qoşunları Göyçə bölgəsinin ərazilərindən geri çəkməlidir. Sən demə, Ermənistan Azərbaycanın çıxarılması üçün müxtəlif vasitələrə əl atacaqmış.
Üstəlik, “Güc variantı da bura daxildir, amma güc son vasitədir”.
Belə yerdə adam jurnalistikanı, klaviaturanı bir kənara qoyub, “ay sən öləsən” deməkdən özünü saxlaya bilmir. Deyəsən, Karen Göyçə mahalını, göl qarışıq Azərbaycana təhvil vermək üçün çox tələsir. Yoxsa qəfildən niyə “xoruz səsi”nə müraciət eləsin ki? Həm də məşhur deyim var: “Vaxtsız banlayan...” Yaddaşında problem varsa, xatırlada bilərik: vaxtilə Serj Sərkisyan Xocalı aeroportunun ilk sərnişini olacağını iddia edirdi, Köçəryanın da arzuları qursağında qaldı. Henrix Mxtryan Qarabağda uşaq futbolunu inkişaf etdirəcəkdi, sonradan bəlli oldu ki, Qarabağ ona villa tikdirmək üçün lazım imiş. Hə, digərlərini də əlavə edək: vaxt var idi erməni revanşistlər “yeni ərazilər uğrunda” mübarizə elan etmişdilər, Azərbaycanı təhdid edirdilər ki, Xəzər sahilinədək tank sürəcəklər. Tanklarını qandallayıb, Xəzər sahilindəki parka gətirdik. Paşinyanın Annası da bir zamanlar muğama qulaq asmaq, çay içmək üçün xitab etməyə həddi olmadığı ünvana müraciət edirdi, nəticəsi bəlli...İndi də Karen...
İstisna deyil ki, Karen və onun kimiləri danışdıranlar var. Baqrat Qalstanyan radialların görünən nümayəndəsidir, özü də gülünc təmsilçidir. Serj Sərkisyan-Robert Köçəryan, İkinci Qaregin də bəlli. Amma burada Ermənistanın xarici siyasətinə rəhbərlik edən, Azərbaycanla danışıqlar aparan, həftə səkkiz, mən doqquz “sülh qapıdadır”- deyib, sonra da pəncərədən dil çıxaran Ararat Mirzoyan kimi kənardan idarə olunan iradəsizlər də qarışdırıcı rol oynayır.
Diqqət edin, baş nazir Nikol Paşinyan süh sazişi barədə danışarkən “Əsas prinsiplər razılaşdırılıb, qalan yalnız onları sülh müqaviləsinin mətnində təkrarlamaqdır. Düşünürəm ki, bizim bu işi ən qısa zamanda başa çatdırmaq şansımız var”, - deyib. Di gəl eyni gündə xarici işlər naziri Ararat Mirzoyan parlament komissiyalarının birgə iclasında Azərbaycan Konstitusiyası ilə bağlı ağlına gələnləri söyləyib. Az qalıb desin ki, ermənilər Azərbaycan Konstitusiyasına görə gecələr rahat yata bilmirlər, gözlərinə kabus görünür.
Bunu o ölkənin XİN başçısı deyir ki, Konstitusiyasının preambulasındakı Müstəqillik Bəyannaməsində həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddiaları əksini tapır. Özü də qapılarını açmaq istədiyi, Marqara sərhəd-buraxılış məntəqəsini təmir edib, Ankaradan cavab gözləyən ölkənin müstəqillik bəyannaməsində Türkiyəyə qarşı saxta “soyqırım” iddiaları var. Türkiyənin 6 vilayətinə iddialıdırlar, gerblərində də Ağrı dağının əksi danılmaz faktdır. Bütün bunlardan sonra elə öz adında Ağrı dağına iddianın əskini tapdığı Ararat Mirzoyan absurd iddia səsləndirir, faktiki olaraq Baqratkimilər fəsiləsindən olanlara “dayanmayın, davam edin”, mesajını vermiş olur. Sən Türkiyənin Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivasına iddia elə, Qarabağla bağlı iddialarının əksini tapdığı kağız parçalarını “qanun” adına saxla, üstəlik Azərbaycanın Konstitusiyasına dil uzat, sadəcə abırsızlıqdır!
Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov tamamilə haqlı olaraq Mirzoyanın Azərbaycan və Ermənistan konstitusiyalarında paralellik aparmaq cəhdini qəbuledilməz adlandırıb. Bildirib ki, Ermənistanın Müstəqillik aktında, Konstitusiyasında, digər qanunvericilik aktlarında qonşu ölkələrə, Azərbaycana qarşı ərazi iddialarının olması faktdır. Sitat: “Ermənistan cəmiyyətində belə diskussiyaların getməsi özlüyündə müsbət haldır. Amma Azərbaycan və Ermənistan konstitusiyaları arasında bu baxımdan paralellik aparmaq yolverilməzdir. Biz anlayırıq ki, bu xarici tərəfdaşlarımızda çaşqınlıq yarada bilər. Ona görə biz bunu qətiyyətlə yolverilməz sayırıq və digər tərəfdaşlarımızı da bununla bağlı məlumatlandırırıq”.
Bəli, qəbuledilməz və yolverilməz mövqedir!
Ermənistan bu günlərdə sülh müqaviləsi layihəsinin 9-cu variantına baxaraq, Bakıya yollayıb. 4 ildir üçtərəfli bəyanatın 9-cu bəndini icra etməyən, “oturduğu budağı” kəsməyə ehtiyatsız ifadələri ilə çalışan erməni rəsmilər sülhün 9-cu variantından danışırlar. Sən əvvəlcə kommunikasiyaların açılması ilə bağlı öhdəliyi icra elə, Zəngəzur dəhlizinin 43 km-nin 9 metrlik də olsa, məsafəsini qət elə, sonra sülh sazişindən danış! Deyək ki, sabah sülh müqaviləsi imzalandı, lap elə iki ölkənin dəqiqləşdirilən sərhədləri tərəfdə, sonra? Guya Ermənistandakı revanşçı qüvvələr – özü də onlar təkcə baqratlardan ibarət deyil, elə Mirzoyan kimilər də bu sırada yer alır fürsət düşən kimi – dərhal etirazlara başlayacaqlar. Belə olduğu təqdirdə sülh müqaviləsinin parlamentdə ratifikasiyası mümkün olacaqmı? 27 oktyabr 1999-cu il tarixində Ermənistan hökumət üzvlərinin iştirakı ilə keçirilən parlamentin növbəti iclası zamanı bir qrup silahlı zala soxularaq, parlament sədri Karen Demirçyanı, baş nazir Vazqen Sarkisyanı və daha 6 nəfəri - parlament sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, millət vəkilləri Armenak Armenakyan, Mikayel Kotanyan, Qenrix Abrahamyan və hökumət üzvü Leonard Petrosyanı güllələmədimi? Hələ o zaman ortada nə var idi ki, indiki ilə müqayisədə? Bəli, Azərbaycan qətiyyətli qələbə qazanıb, Ermənistan ordusu darmadağındır, amma erməni ictimai rəyi hələ də düşmənçiliyi körükləyir. Görün ermənilərin neçə faizi əbədi sülhü təmin edəcək mövqedədir? Əgər hakimiyyətdə olan şəxs də belə radikalların girovluğundadırsa, sülh sənədinin imzalanması belə, vəziyyəti dəyişməyəcək. Üstəlik, bu radikal tayfa Ermənistanın qonşulara qarşı iddialar üzərində bərqərar olmuş əsas qanunvericilyini, Müstəqillik Bəyannaməsini dəyişmək istəmir. Azərbaycanın Konstitusiyasında erməniləri qorxudan nə var ki? Əgər Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını nəzərdə tuturlarsa, dəyişib nə yazmalıyıq? Elə Mirzoyan desin: Maddə 2-də “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir”, əvəzində nə yazmalıyıq?! Bəlkə varisi deyil? İnanmırsa, bilmirsə, Paris Sülh Konfransının səndələrinə müraciət etsin, Millətlər Liqasında saxlanılan Azərbaycanın xəritəsinə baxsın! Orda Ermənistan yoxdur, Azərbaycan var! Biz dövlətimizimi danmalıyıq?!
Göyçə qubernatoru bilmir, bəs Ararat, onun da xəbəri yoxdur keçmişdən? Soruşan gərək, deyək ki, Göyçə qubernatoru bisavaddır, “Tarixi-Nadir”dən xəbərsizdir, bəs sən necə, Ararat Mirzoyan?! Hə, tarixi bilmirsə, öyrədərik: masaya Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi gələndə! Hə, 9-cu sülh variantı, 9-cu bənddən danışmışkən, Azərbaycan ərazilərində yaradılan Ermənistanın ərazisi də cəmi 9 min kv.km olub. Başlayaq(mı?!)
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ