Onlayn ictimai-siyasi qəzet
Ağdamda hərbçimiz minaya düşüb, təminat yolunda...
Azərbaycanın Qarabağdakı ermənilərə göndərmək istədiyi yardımın gözlədiyi 13-cü günündə! Təkcə bu iki fakt arasında paralellik aparmaq proseslərə münasibət bildirmək üçün yetərlidir. Azərbaycan vətəndaşı saydığı Qarabağ ermənilərinə 40 ton un göndərib. Ancaq yolu kəsən, yardımın Xankəndiyə çatdırılmasına maneə yaradan ermənilər fürsət taparaq Azərbaycanın təminat yollarına minalar basdırır...
Bu minaları basdıran, Azərbaycan əsgərinin ölümünə fərman verən təkcə Qarabağdakı separatçı-terrorçu ermənilərdirmi? Qəti şəkildə yox!
Bu minanın basdırılmasında 23 apreldən – Azərbaycan dövləti beynəlxalq və ölkə qanunvericiliyinə tam uyğun şəkildə Laçın sərhəd-buraxılış məntəqəsi quran dövlətimizə qarşı olmazın təzyiqlərə əl açan, erməni ləçərliyinə stimul verən şəbəkələrin də əli var. Azərbaycan dövlətinin icazəsi olmadan Laçın yolu ilə Xankəndiyə TIR dolu nələrsə daşımağı qəsd edən, bununla əlaqədar beynəlxalq tamaşa quran çevrələr ermənilərlə birləşib basdırıb o minaları. Azərbaycan hərbçisinin Ağdamda minaya düşdüyü gün də “Laçın dəhlizi indi açılmalıdır” deyən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin də əli var bu cinayətdə.
Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla telefon danışığından sonra dərhal öz səhifəsində “Laçın dəhlizi indi açılmalıdır. Ağdam kimi digər yollar da razılaşma çərçivəsində açıla bilər, lakin alternativ olaraq deyil” - yazan Boreldə erməni sevgisinin səbəbi nəymiş? Laçın yolunun dəhliz olmadığını hələ də anlamırmı? Ağdam yolu “açıla bilər” nə deməkdir? Borelin ölkəsinin bir bölgəsini hansısa separatçı-terrorçu qruplaşma beton sədlərlə, minalarla bağlasa da, belə deyəcəkmi: “açıla bilər”?! Bu yanaşmanın məntiqi nəticəsidir, Azərbaycan əsgərlərinin təminat yoluna erməni terrorçularının minalar basdırması.
Laçın yolunun “indi” açılmasını ona görə istəyirlər ki, Ermənistan istehsalı olan minaların daşınmasını davam etdirsinlər, daha möhkəm sədd yaratsınlar, Azərbaycan qanunları bərqərar olmasın deyə. Dövlətimizin, əsgərimizin 44 günlük müharibədə qazandığı zəfəri sinirə bilmirlər hələ də. Məhz bu səbəbdən birləşiblər, Azərbaycan bayrağının Xankəndidə dalğalanmasının əngəllənməsindən ötrü hər cür əclaflıqlara, beynəlxalq simasızlıqlara gedirlər!
Hələ siz Beynəlxalq Qırmızı Xaç Komitəsinə baxın! Azərbaycan dövlətinin qanunlarına, həm də beynəlxalq hüquqa zidd olaraq Qarabağda ofisini quran, separatçılara “yengəlik” edən “Qırmızı Xaç”lılar hədlərini aşmaqdadırlar. Ağdam-Xankəndi yolunda iki həftədir gözləyən yükün ünvanına çatdırılmasına müqavimət göstərən haylara havadarlıq etməkdən utanmırlar. Laçın yolundan Meşəli soyqırımının Vaqif adlı başkəsəni kimi terrorçuları qaçırıb, pul qazanan “Xaç”lılar Azərbaycan dövlətinin bu marşrutu nəzarətə almasından, faktiki olaraq ifşa olunmalarından sonra gərək rədd olub gedəydilər, utanan üzləri olsaydı. Amma görünür, öhdəlikləri var paytaxtlar qarşısında, odur ki, sonadək dirəşiblər. Hətta Rusiya Qırmızı Xaç Təşkilatının 10 sentyabr saat 10-da Xankəndiyə daxil olmalı olan ərzaq dolu TIR-ının qarşısının erməni separatçıları tərəfindən kəsilməsinə də nail olub bu hayçı “Qırmızı Xaç”lılar. Bunların hikkəsinə baxın, yüklər Ağdam yox, Laçın yolu ilə daşınmalıymış...
Ermənilər “acından ölür”düsə, nə fərqi vardı ərzağın hansı yolla gətirilməsi? Əvvəl dedilər “ölərik, türkün göndərdiyi ərzağı yemərik”. İndi isə hətta Rusiyanın yolladığı ərzaqdan imtina edirlər ki, Ağdam-Xankəndi yolu ilə göndərilir. Beynəlxalq aləm, aparıcı təşkilatlar, elə Beynəlxalq Qırmızı Xaç Komitəsi daxil, separatçıların bu müqavimətini ittiham etməkdənsə, belə oldusa, “can sizin, cəhənnəm Tanrının” deməksənsə, yenə də onların çaldığına oynayırlar, yenə də Laçın yolu, daha nələr... Və, erməni quldurlar bu müzakirələrin gedişindən yararlanıb Qarabağda, Rusiya hərbi kontingentinin təsir zonasında istehkamlar qurur, minalar döşəyir, hətta imkan tapıb Azərbaycan əsgərlərinə də təhlükə yaradır. Bu cinayətlərdə “Qırmızı Xaç”ın da “pay” sahibi olduğuna heç bir şübhə yoxdur!
Ötən il Qarabağdakı separatçılar Ukraynadakı separatçı qurumlara yardım yolladılar, deyəsən, 14 milyon dollarlıq yük idi. Əgər BQXK Rusiya ilə, onun təşkilatı ilə bu qədər gərgin münasibətlərdəydisə, o halda maraqlıdır, niyə Ukrayna separatçıların göndərilən yardımının qarşısını kəsmədi, etirazını bildirmədi, Laçın yolunda “xara-kiri” eləmədi? Belə çıxır ki, “Qırmızı Xaç” Azərbaycanın milli maraqlarının müdafiəsinə, dövlətin mənafeyinə uyğun addım atılmasına yönəlik hansısa addımı məqbul saymır. Rusiya Azərbaycan dövlətinin maraqlarına zidd olaraq Qarabağdan Donetsk və Luqansk separatçılarına yardım göndərəndə yaxşı idi, amma Azərbaycan dövlətinin təkidli tələblərinə uyğun şəkildə Xankəndiyə “humanitar yardım”ı məhz Ağdam yolu ilə yollayanda pisdir?!
Qarabağdakı separatçı rejim özünə yeni “lider” seçib və beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr qondarma “seçki”nin nəticələrini tanımadığını bəyan edir. Amma bu, azdır. Azərbaycan ərazisində belə “seçki”lər çox olub və hər dəfə nəticələri tanımayanlar dolayısı, birbaşa yolla terrorçuların başında dayananları himayə ediblər, onların qudurğanlığına imkanlar tanıyıblar. Elə bu gün Bakı ilə Xankəndi arasında dialoq təklifini verənlər də fərqli mövqe sərgiləmirlər.
Xankəndidə söz sahibi kimdir, ordakı mülkilər, xuntanın girovluğundakı erməni əhalimi? Yox. Deməli, Azərbaycan dövlətini terrorbaşı ilə danışmağa sövq etməyə çalışır özünü ağıllı sayan paytaxtlar və liderlər. Bu günədək hansı ölkədə terrorçuların başçısı ilə danışıqlar aparılıb, hansı ölkənin ərazisini qəsb edənlər, ayağının altına mina basdıranların qarşısına gül-çiçəklə gedilib ki, bunu Azərbaycandan tələb edirlər?! Təkcə müharibədən sonra Azərbaycanın 306 vətəndaşı mina qurbanı olub!
Bütün bunlardan sonra yenə də Əsgəran yolunu minalayan erməni caniləri yox, Azərbaycan ittiham edilir, dövlətimizə yolu “indi” açmaq çağırışı ünvanlanır!
Heç şübhəsiz, belə davam etməyəcək! 30 il ərzində ərazilərimizi azad etməyə imkan verməyənlər, əl-qolumuzu bağlamağa çalışanlar istəklərinə nail olmadılar, Xankəndiyə yolumuzu da kəsə bilməyəcəklər! Görünən budur ki, Nikol Paşinyanın təbirincə desək, Qarabağdakı 25 minlik erməni hərbi birləşmələri Rusiyanın 1960 nəfərlik hərbi kontingentinə də təhdid yaradır. Əks təqdirdə, Qarabağdakı erməni quldurların hərbi yüklərini sağ-sola daşıyan Rusiya hərbi dəstələri bu gün səhərdən Xankəndiyə buraxılmayan TIR-ın da girişini təmin edərdi. Deməli, Rusiya hərbi kontingenti erməni silahlı birləşmələrindən çəkinir və Azərbaycanın köməyinə ehtiyac yaranacaq. Bu da o deməkdir ki, çox keçməyəcək, Azərbaycanın və Rusiyanın Qarabağdakı girov ermənilərə göndərilən ərzaq dolu yük maşınları Azərbaycan ordusunun tank və BTR-lərinin müşayiəti ilə, Bayraqdarlarının nəzarəti ilə Xankəndiyə daxil ola bilər. Azərbaycan BMT TŞ-nin 4 qətnaməsini təkbaşına icra edən ölkədir, bu işlərin də öhdəsindən gələcək!
Dövlətimizə və Ordumuza güvənirik!
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ