Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller erməni jurnalist Aykaram Nahapetyanın sualına cavabında özünü və ölkəsini rəzil edən mövqe sərgiləyib.
İddia olunub ki, Ruben Vardanyanın vəkili Jared Genserin Azərbaycana girişinə qadağa qoyulması onun müdafiəsini qeyri-mümkün edir və fundamental hüquqlarını pozur.
Dünya demokratiyası, insan hüquqları adına utandırıcı reaksiyadır. Vardanyanın fundamental hüquqları var imiş, bir filmdə deyildiyi kimi, “yox xəbəri qızların, oğlanların...” Bəs, Xankəndidən, Şuşadan, Ağdamdan, Laçından...30 ilə yaxın müddətdə didərgin salınan azərbaycanlıların fundamental hüquqları yox idimi?!
Soruşan gərək, cənab Miller, Ruban Vardanyanın Qarabağda nə ölümü var idi? Bəlkə Qarabağda peyda olarkən Azərbaycan hökumətindən rəsmi icazə almışdı. Erməni milyarder Qarabağdakı xunta rejiminin oyuncaq “dövlət naziri” olma ondan, sonra Ermənistan hakimiyyətinə transfer olunmaq, beləliklə, Sorosun qurduğu Paşinyan iqtidarını yola salmaq üçün hazırlanmışdı. Doğrudanmı o boyda Amerikanın bu plandan xəbəri olmayıb? Yəni heç bilmirdiniz ki, 1,1 milyard dollarlıq varidatı olan Vardanyan pullarını sanksiyalardan qorumaq üçün qəfildən Rusiya vətəndaşlığından imtina etdi və Qarabağa gəldi?
Vardanyan 2022-ci ilin sentyabr ayında Azərbaycanın dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz keçərək, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olub, həmin ərazidə Azərbaycan qanunlarına zidd fəaliyyətlərə başlayıb. Azərbaycanın suveren ərazisinə icazəsiz daxil olan birisini ABŞ kimi ölkənin rəsmisi necə müdafiə edə bilər? Bu, ən azı ayıb, ən çoxu da həyasızlıqdır! Haqqını, hüququnu müdafiə etməyə adammı tapmadınız, beynəlxalq səviyyəli terroru, separatizmi himayə edəni seçdiniz? ABŞ-yə “yaşıl kart”, yaxud viza almaqdan ötrü illərlə çalışan insanlar var. Kimsə bu ölkəyə sənədsiz soxula bilərmi? Bu ölkədə hətta yol polisinin “saxla” əmrini dərhal icra etməyən sürücülərə qarşı silah tətbiq olunur. Belə olduqda Azərbaycan ərazisinə qanunsuz daxil olan, üstəlik burada özünü “dövlət naziri” adlandıran əclafın himayə olunması ikiüzlülük deyilmi?!
Bu günlərdə xunta rejiminin 15 nümayəndəsinin ibtidai istintaqı bitdi və iş Bakı Hərbi Məhkəməsinə göndərildi. Ermənilər və separatizmdən bəhrələnən çevrələr narahatdır, Azərbaycana təzyiqlər işə yaramadı. Heç olmasa Vardanyanla bağlı nələrsə əldə etməyə çalışırlar deyə, yenidən aktivləşiblər. Həm də Ruben Vardanyan onlar üçün “pul dağarcığı”dır axı.
2023-cü ilin 27 sentyabrında Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsində saxlanılan Ermənistan vətəndaşı Ruben Vardanyan 28 sentyabrda ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs-qətimkan tədbiri seçilib. Rəsmi açıqlamada bildirilib ki, Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq cinayətlərinin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaq aparılır. “Toplanılmış sübutlarla hazırda Ermənistan vətəndaşı olan Ruben Vardanyan Azərbaycan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib”, açıqlamada bildirilib. İstisna deyil ki, Vardanyana qarşı yeni ittihamlar elan olunsun. İttihamlar sübut olunarsa, Vardanyanı 30 ilədək həbs gözləyir.
Bu arada, Ermənistanın “Hraparak” nəşri Qarabağda törətdikləri hərbi cinayətlərə görə həbs edilən Ruben Vardanyan, Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan və digərlərinin İrəvan rəsmiləri tərəfindən niyə müdafiə olunmadığına dair maraqlı məlumat yayıb. Nəşr hərbi cinayətkar Araik Arutyunyanın Azərbaycan mediasına müsahibə verəcəyini, lakin həmin müsahibənin təxirə salındığını xatırladıb. “Müsahibə xəbərindən Ermənistanda kimlərin qorxuya düşdüyü müəmmalı olaraq qalır. Lakin ola bilsin ki, Mher Qriqoryan (Paşinyanın müavini) zəng edib və Bakının nə istədiyini soruşub. Bu isə o deməkdir ki, Ermənistan danışıqlarda Azərbaycana daha bir məsələdə güzəştə gedib.
İstisna deyil ki, belə müsahibələr təkcə Araik Arutyunyandan yox, digərlərindən də götürülüb. Onlar elə şeylər danışıblar ki, təkcə Paşinyan və onun hakimiyyətini yox, bütün erməni xalqını iflic etməyə yetərlidir”, - nəşr iddia edib. Bəli, gözlənilən budur ki, məhkəmə istintaqında sensasion adlar çəkiləcək, faktlar açıqlanacaq. Faktiki olaraq Ermənistan hakimiyyəti belə, Bakıdakı erməni caniləri müdafiə etmir, hətta ola bilsin onların ölümünü arzulayır. Amma “Roma papasından artıq katolik” Miller kimilər yaxalarını yırtırlar. Təəccüblü deyil, Qarabağdakı keçmiş xunta rejiminin cani başçıları işğal dövründə Xankəndidəki qondarma hakimiyyətə müxtəlif adlar altında təkcə ABŞ-dən 2 milyard dolların göndərildiyini, başqa dəstək xarakterli addımların məhz “həmsədr ölkə” tərəfindən atıldığını açıqlayacaqlar və “ədalət carçı”ları ifaş olunacaq. Buna görə də narahatdırlar.
Həm də Miller kimiləri danışdıran Vardanyanın yüz milyonlarıdır. Özü də rəqabət gedir, görək kim qazanacaq? Bir neçə ay əvvəl Ruben Vardanyanın həbsindən bir il ötməsi ilə əlaqədar ABŞ-də və digər Qərb ölkələrində PR maşınları işə salınmışdı. Vardanyanla sıx əlaqələrə malik ABŞ-nin “Edelman” PR şirkəti onun azad olunmasını tələb edən kampaniyanı aktiv şəkildə davam etdirərək bəyanat yaymışdı, daha əvvəl isə petisiya başlatmışdılar. Erməni lobbisinə böyük pullar xərcləmiş Rubeni əldən buraxmaq istəmirlər. Vardanyanın işinə Dövlət Təhlükəsizliyi Xidmətində baxılır və ona ağır cinayətlərlə bağlı 45 ittiham irəli sürülüb. Hər bir ittiham çoxsaylı faktlara söykənir, Miller görün kimi müdafiə edir?
Ruben Vardanyanın və ailəsinin beynəlxalq hüquq məsləhətçisi Jared Genserin Azərbaycana buraxılmamasına gəldikdə... Bir müddət əvvəl “Azadlıq” radiosuna müsahibəsində həmin bu “hüquq alverçisi” özünü ifşa etmişdi, Vardanyan kimi canini “siyasi məhbus” adlandırmaqla. Görün bu, “hüquqşünas” nə deyib: “Vardanyan ona görə həbs olunub ki, özünün fikir, sərbəst, müstəqil toplaşma azadlıqlarından istifadə edib. Onun siyasi məhbus olmasını həm də o deməyə əsas verir ki, Qarabağın 8 keçmiş lideri eyni ittihamla həbs olunub. Bu onu göstərir ki, yalnız Dağlıq Qarabağın liderləri təqib edilir”.
Dövlət içində oyuncaq “dövlət” yaradanları, 30 ildən artıq müddətdə cinayətlər törədənləri müdafiə edən Genser Vardanyanın qanunsuz olaraq Azərbaycan ərazisində peyda olmasına da anormal reaksiya vermişdi. Sitat: “Sizə ABŞ-dən misal gətirim. Birləşmiş ştatlarda, Merlin ştatında məskunlaşan və sonra Merlin ştatının qubernatorluğuna namizəd olmaq qərarına gələn bir adamın bunun üçün ABŞ-nin mərkəzi hökumətindən icazə almasına ehtiyac yoxdur. Eləcə də Vardanyan. Bu uzun illər əvvəl qurulmuş subregional hökumətdir. O öz qanunlarına və bununla bağlı qaydalara əməl edən seçilmiş məmurlar tərəfindən bu vəzifəyə təyin olunmuşdu. Dünyanın əksər ölkələrində subregional hökumətdə öz namizədliyini irəli sürmək üçün milli hökumətin icazəsini tələb etmirlər. BMT TŞ aydın şəkildə bildirdi ki, Qarabağın statusu ilə bağlı bütün tərəflər arasında danışıqlar aparılmalıdır. O, Qarabağı işğal olunmuş ərazi kimi qəbul etməyib. Bunun mübahisəli ərazi olduğu bildirilib. Ona görə də inanmıram ki, bu suallarla bağlı beynəlxalq ictimaiyyətin yekun qərarı olsun. Vardanyanın həbsinin Dağlıq Qarabağa gəlməsi və ya gördüyü işlərə aidiyyəti yoxdur. O buna görə mühakimə olunmur. Bu hökumətdə çalışmış yüzlərlə şəxsdən biri kimi saxta ittihamlarla təqib olunur”. Adam bu qədər qərəzli, həyasız, beynəlxalq hüquqdan bixəbər, Azərbaycan düşmənidir. Onun Azərbaycanda nə ölümü var?!
“Bölgənin tarixini ətraflı bilmirəm. Bilmədiyimə görə də konkret hüquqi rəy verə bilmərəm”, deyib, erməni canilərinin 30 il ərzində Qarabağda törətdiklərini görməzdən gələn bu “vəkil” “Azərbaycana gəlmək üçün mənə icazə verilmir. Əlimdə olan sübut Rubenin dedikləridir”, deməklə nə qədər həyasız sifətə sahib olduğunu nümayiş etdirib. İndi onunla bağlı Ağ Evdə müzakirə açılırsa…Amma yox, qoy danışsınlar, özlərini ifşa edirlər! Vardanyan “aşiqləri”ni getdikcə daha yaxşı tanıyırıq. Yoxsa illər öncə elə hesab edirdik ki, demokratiya ancaq oralarda olur, insan hüquqları, ədalətin beşiyi də oradır. Bunlar uşaq qatillərinə qahmar çıxacaq qədər ədalətsizdirlər!
19 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ