Onlayn ictimai-siyasi qəzet
Bir neçə həftə öncə Gəncə şəhərinin Məhrasa bağı yaşayış kompleksindəki 5 binanın həyətyanı sahəsi çəpərlənib. Yaşayış kompleksinin sakinləri deyirlər ki, meydançanın dəmir çəpərini, uşaqların yelləncəyini gecə saatlarında söküblər.
Musavat.com-a danışan Şaiq Əliyev bildirib ki, mayın 8-də Heydər Əliyevin 100 illiyi münasibətilə sakinlər ağacəkmə kampaniyası keçiriblər.
O, şikayətində qeyd edib ki, ərazi çəpərləndikdən sonra ağacları sulamaq da müşkülə çevrilib: “Şikayət etdik, etirazımızı bildirdik, ondan sonra çəpərin bir qismi söküldü, ağaclara su verə bildik. Gecə ilə uşaqların yelləncəyini, stadionun qapılarını söküb apardılar. Bizə söz vermişdilər ki, məhəllə abadlaşdırılacaq, yeni stadion tikiləcək. Məlum oldu ki, “Səma - 4” MTK ərazini zəbt edib, icarəyə götürüb. Araşdırdıq ki, çıxarışda göstərilən ünvan Dədə Yadigar 171-dir. Biz o ünvanın dəqiq harada yerləşdiyini belə öyrənə bilmirik. Bizim ünvan isə Məhrasa bağı 10-cu binanın qarşısıdır. Gəncə İcra Hakimiyyəti tikinti aparmağa icazə verməyib. Yalnız sakinlərin icazəsi ilə “Abad məhəllə” layihəsinə start verilə bilər. Gəncənin deputatı Naqif Həmzəyevin qəbulunda da olmuşuq. O da bizə bildirib ki, burada “Abad məhəllə” qurulacaq. Biz lazımi orqanlara müraciət göndərmişik, razılaşma var, sadəcə pul köçürmək lazımdır. Çin səfirliyinə də məktub göndərmişik, əgər razılaşsalar, “Abad məhəllə” tikiləcək. Hazırda rəsmi cavab gözləyirik. Çəpərin sökülməsini tələb edirik”.
Şikayətdə bildirilir ki, ərazini özünü şəhid ailəsinin üzvü kimi təqdim edən Güllübəyim Səfərova icarəyə götürüb və əminliklə ərazidə tikinti aparılacağını deyir.
Gəncə Şəhər İcra Hakimiyyətindən mətbuata cavab olaraq bildirilib ki, sözügedən ərazi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən çıxarış əsasında “Səma - 4” MTK-ya 5 il müddətinə icarəyə verilib: “Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən ərazidə hər hansı bir tikintinin aparılmasına icazə verilməyib. Belə bir cəhd edilərsə, bu, qanunsuz hesab olunacaq”.
Nigar HƏSƏNLİ,
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ