İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gəlin təslim olun, güllələyək, söhbət bağlansın”

 

Bir ölkədə prezidentlə baş nazir dalaşırsa, orda xeyir-bərəkət olmaz. Xeyir-bərəkət o tərəfə dursun, elə ölkədə qan-qada, tutqu-mutqu olar, ara yerdə nə qədər məsum insanın başı yarılar, əzilər və s.

Hazırda qonşumuz Gürcüstanda belədir. Dünən baş nazir İrakli Kobaxidze ölkənin prezidenti və ali baş komandanı Salome Zurabişvilini dövlətə xəyanətdə suçlayıb.

Əslində bu söhbətdən sonra onların ikisinin biri tutulmalıdır. Ya prezident baş naziri böhtançı kimi tutdurmalıdır, ya da baş nazir prezidenti, dediyi kimi, dövlətə xəyanət üstündə həbs etdirməlidir.

Yoxsa bu gün milyonlarla insanın qarşısında belə danış, sabah da hər kəs heç nə olmamış kimi işə çıxsın, əmr, göstəriş, fərman, sərəncam, müsahibə versin.

Köhnə kommunistlər buna ikihakimiyyətlilik deyərdilər. Təzə kommunistlər isə Stalin dövrünün nostaljisinə qapılır, gücləri İrkutsk tərəflərdə dağ yamacında iri beton bloklarla СТАЛИН yazmağa çatır. Ay, nə olaydı, biri onlara təzədən hakimiyyət verəydi, onlar postsovet məkanına və dünyaya rəhbərin üzünə qayıdan baş nazirin aqibətinin necə olduğunu göstərəydilər.

Parlaq nümunələr var. O vaxt, ötən əsrin 50-ci illərinin axırlarında sovet dövlətinin baş naziri Georgi Malenkov SSRİ-nin faktiki rəhbəri Nikita Xruşovun qabağında “elə deyil, belədir” deməyə oxşayan söhbətlər eləyib. Adamı o boyda vəzifəsindən çıxarıb Qazaxıstanda elektrik stansiyasının direktoru vəzifəsinə göndəriblər, partiyadan çıxarıblar, söhbət bitib.

İkihakimiyyətliliyin acı nəticələrindən biri də Əfqanıstanda yaşanıb və sonradan onun acı meyvələrini bütün SSRİ, eləcə də Şərq ölkələri dadıb.

1979-cu ildə Əfqanıstanın faktiki rəhbəri Nurməhəmməd Təraki adlı bir yazıçı olub və SSRİ-nin böyüyü Leonid Brejnevlə dostluq edib (ikisi də qələm adamı olub axı). Elə olur ki, Təraki ilə baş nazir Hafizulla Əminin arası dəyir, nəticədə sentyabrın 14-də Tərakinin iqamətgahında onun adamları ilə Əminin mühafizəçiləri arasında atışma baş verir. Bundan sonra H.Əmin dövlətin rəhbərini devirir. Bir həftədən sonra onun əmri ilə Tərakini gizli şəkildə boğub öldürürlər ki, söhbət yekunlaşsın. Adam yoxdursa, müqavimət də yoxdur. Xəbər Brejnevə çatanda deyir, necə ola bilər, Təraki iki həftə qabaq burada, Kremlin həyətindəydi, indi həyatda yoxdur. Uzun sözün kəsəsi, Kremldəcə qərar verir, həmin H.Əminin qələmini qırırlar. Elə 1979-ci ilin axırlarında sovet qoşunları əminliklə Kabula girir, Əmini sarayındaca güllələyir, əmin-amanlığı bərpa edir və əfqan müqaviməti başlayır.

İndi Paşinyanın əlində əsir-yesir qaldığına baxmayın, Moskvann, Kremlin vaxtları olub, başqa ölkələrdə prezidentlər devirib, baş nazirlər güllələyib.

Ən məzəli ikihakimiyyətlilik olayı isə yenə 1979-cu ildə, amma Qanada baş verib.

Həmin il may ayının 15-də hərbi hava qüvvələrinin leytenantı Cerri Rolinqsin rəhbərlik etdiyi gənc zabitlər Barma hərbi düşərgəsində radiostansiyanı, silah arsenallarını və ordu qərargahını ələ keçiriblər, deyiblər, artıq hökumət özümüzük. Hökumət tezliklə qiyamı yatırıb, Rolinqsi tutub məhkəməyə çəkib. O da həyasız adam çıxıb, məhkəmədə şou çıxarıb, hökumət onu mühakimə edərkən, özü qayıdıb hökuməti ittiham edib. Leytenantın məhkəmədəki çıxışı ölkəyə yayılıb və camaat deyib, Rolinqs düz deyir, Akuffo rejimi pisdir.

1979-cu il iyunun 4-nə (15 may və 4 iyun sizə tanış gəlməlidir) keçən gecə Rolinqsin dostu, mayor Boake Qyan Barma düşərgəsini ələ keçirib, Rolinqsi və onun silahdaşlarını azad edib. Səhər saat 6:00-da milli radio çevriliş cəhdinin yatırıldığını bildirib. Saat yarımdan sonra üsyançılar yenidən radiostansiyaları ələ keçiriblər, Rolinqs çıxış edərək xalqa deyib ki, Nikolson stadionuna qədər gəlin, oradan sizi... (yox, bu, başqa hadisədir). Saat 9-da hökumət ordusu radionu yenidən tutub, general Nevil Odartey-Vellinqton dövlət çevrilişinə cəhdin uğursuzluğa düçar olacağını elan edib. Saat 11.00-da üsyançılar bir daha radioya giriblər və Nevil Odartey-Vellinqtonu öldürüblər. Beləcə, gün ərzində atışma gedib, amma radioda axırıncı çıxış edən üsyançılara əsir düşmüş general Hamadu olub və o deyib ki, müqavimətin xeyri yoxdur, təslim olmaq lazımdır. 3-4 gündən sonra üsyançılar prezident Fred Akuffoya və onun yanındakılara çağırış ediblər ki, olan oldu, keçən keçdi, gəlin, təslim olun, söhbəri bağlayaq. Onlar da bir qanalı kimi qanacaqlı və qana qarşı olublar, gəlib təslim olublar və üsyançılar onları mühakimə edərək güllələyiblər. Söhbət bağlanıb.

Bax, belə bir ikihakimiyyətlilik örnəyi. Yaxşı ki, BMT-nin gələcək baş katibi Kofi Annan o vaxt diplomatik işdə olub, ara yerdə güllələnməyib.

İndi Gürcüstanda baş nazir prezidenti xain adlandırır, o da ona irticaçı deyir, arada heç bir fel yoxdur. Belə davam edə bilməz. Hakimiyyət, uğrunda ölən varsa, hakimiyyətdir, yoxdursa, bələdiyyə şurasının üzvlüyü kimi bir şeydir.

Ümid edək ki, Zurabişvili qalib gələr, qadınların necə güclü olduğu növbəti dəfə isbat olunar, o söhbət də bağlanar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR