İnsanlara hürriyət, millətlərə istiqlal!

"Futbolçularım üçün darıxacağam" - Qurban Qurbanov

"Futbolçuları təbrik edirəm. Dinamik və səbirli oyunla yaxşı qalibiyyət əldə etdilər. İlin son oyunu idi. Azarkeşlər üçün maraqlı oyun oldu. Futbolçular bir neçə gün istirahət edə bilərlər. Onlar üçün darıxacağam. Bilmirəm, onlar mənim üçün darıxacaqlar, ya yox, amma yanvarın 5-də yenidən toplanacağıq".

Redaktor.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 18-ci turunda bu gün "Zirə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 1:0 hesablı səfər qələbəsini belə şərh edib: "Ümumən tempi qorumaq asan deyil. Rəşad Sadıqov komandanı yaxşı hazırlamışdı. İlk dəqiqələrdən hiss olunurdu ki, çəkinmədən oynayırlar. Bizim üçün asan olmadı. İkinci hissənin sonlarında "Zirə" üstünlüyü ələ aldı. Rəşad risqə getdi və hücumları daha da artırdılar. Ola bilər yorğunluq təsir etdi, amma ümumilikdə azarkeşlər üçün maraqlı oyun keçdi".

Q.Qurbanov öz istirahəti üçün vaxtının az olduğunu qeyd edib: "2-3 gündən sonra iş başında olacam. Çünki yanvardan sonra proqramımız daha sıx olacaq. Yaxşı plan üzrə ikinci yarıya hazır olmalıyıq. İşimiz çoxdur".

Baş məşqçi hazırlığın ölkə xaricində yox, Bakıda olacağının komandaya mənfi təsir göstərməyəcəyinə ümid etdiyini deyib: "İnşallah ki, olmaz. Çünki vaxtımız azıdır. Xaricə gedib vaxt itirmək istəmirdik. Məncə, problem olmayacaq. Komanda uzun müddət istirahətdə olmayacaq. Vaxtımız çox olanda ölkə xaricinə gedirdik. Çempionatın əvvəlindən formamızı daha da yaxşılaşdırmağa çalışacağıq".

Q.Qurbanov 2023-cü ili komandası və özü üçün dəyərləndirib: "Uğurlu il keçdi. Məqsədimiz çempionatda yaxşı çıxış etmək idi. Şükürlər olsun ki, Premyer Liqada çempion olduq. Çempionlar Liqasının qrupuna düşməsək də, Avropa Liqasında yaxşı mövsüm keçirdik. Çətinliklər oldu. Gözləntilər çox idi. Digər klublarımız məğlub oldu, ona görə bütün diqqətlər bizim üzərimizdə idi. Amma futbolçularım yaxşı çıxış etdilər. Ölkə kubokunda mübarizəmizə davam edirik. Xankəndidə olmaq, orda oyun keçirmək ilə damğa vurdu. Əziyyət çəkdik, sonda gedib orda da oyun keçirdik. İnşallah, bundan sonra ölkəmizdə sakitlik olar və düşmən bizə heç bir təsir göstərə bilməz".

"Qarabağ"ın çalışdırıcısı illərdir ən yaxşı məşqçi seçilməsinə, amma futbolçularının son illər bu ada layiq görülməməsi fikrinə də münasibət bildirib: "Futbol elə oyundur ki, burada fərqli seçimlərin olmağı normaldır. Futbolçularım tapşırıqlarımı yerinə yetirsinlər, onda mənim gözümdə ən gülüdürlər. Namizəd olaraq isə bu barədə düşünmək lazımdır".

Q.Qurbanov onun iştirakı ilə keçirilən son üç mətbuat konfransının uzun çəkməsi fikrinə isə zarafatla cavab verib: "Yəqin məni çox istəməyə başlamısınız (gülür). Yəqin son oyunlardır deyə belədir. Bu gün istəyirsiniz uzun olsun, davam edə bilərik".

Mətbuat konfransında Q.Qurbanovun "Hekken"lə oyundan sonra bildirdiyi "azərbaycanlılardan incimirəm, suallar bəzən tənqidi olsa da, əsəbləşsəm də, sonradan keçir" fikirləri xatırlanıb və ona "Bu il hansı təndiqlər sizə təsir etmişdi" sualı ünvanlanıb: "Ciddi təsir edən hansısa təndiq olmayıb. Yayda "Rakov"a məğlub olduqdan sonra tənqidlər oldu, transfer etmədiyimizlə bağlı fikirlər səslənirdi. Bir neçə oyunçunu satmağımızla bağlı müzakirə gedirdi. Bəzən kənardan baxanda fikir bildirmək asandır. Amma işin içində nələr olur onları bilmədən nəsə deyəndə fərqli olur. İstəmirəm komanda daxilində olan hadisələr kənara çıxsın. Daha böyük klub olmaq üçün risqlərə getməliyik. Transfer bazarına girməliyik. Oyunçularımız ölkə xaricinə çıxmalıdır. Bazarda da aktiv olmalıyıq. Digər tərəfdən yerli çempionatda uğursuzluq oldu. Amma bunlar hər il olan şeydir. Buna hazır olmalıyıq. Hər bir azərbaycanlı mənim üçün dəyərlidir".

Q.Qurbanov transfer işləri barədə qısa danışıb: "Danışıq apardığımız futbolçular var. Nə dərəcədə uğurlu olacaq onu bilmirəm".

Baş məşqçi "Qarabağ"ın futbolçuları ilə maraqlanan komandaların olduğunu da deyib: "Maraqlanan komandalar var, amma ciddi təklif yoxdur. Çalışırıq ki, bu məsələləri ikitərəfli yoluna qoyaq".

Q.Qurbanov Xandəndidəki oyunla bağlı xarici mediadan heç kimin "Qarabağ"ın əcnəbi futbolçularından açıqlama almaması fikrinə də münasibət bildirib: "Müəllimim həmişə mənə deyirdi ki, köməyim sənə mane olmamaqdır. İndi də digərlərinin köməyi bizə mane olmamaqdır. Fransada Xankəndi haqda yazmasalar da, hər şey öz qaydasındadır. Futbolçularımızın hadisə barədə tam məlumatı var, nə vaxt sual versələr, yerində cavab verəcəklər".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR