Onlayn ictimai-siyasi qəzet
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi postuna əsas namizəd bəlli olub. Mediada yayılan xəbərlərə görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəhbərliyi millinin sükanı arxasına əslən Türkmənistandan olan Qurban Berdiyevi oturtmaq istəyir.
Artıq ilkin danışıqların aparıldığı, rusiyalı mütəxəssislə əsas danışıqların 2024-cü ilin yanvarında başlayacağı qeyd olunur.
Berdiyev hazırda Rusiya çempionatının birinci divizionunda çıxış edən Mahaçqala “Dinamo”sunun baş məşqçisidir. Kazan “Rubin”indəki fəaliyyəti ilə tanınan təcrübəli mütəxəssis Qazaxıstanın “Kayrat” və Təbrizin “Traktor” klublarında, eləcə də Türkmənistan millisində çalışıb.
Niyə məhz Qurban Berdiyev? Bu ən uğurlu seçimmi? Millimizə baş məşqçi təyinatı üçün hələ nə qədər vaxt qalır?
Elnur Məmmədli: “Tələsməyə ehtiyac yoxdur”
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli bu xəbərləri təkzib etdi: “Milli komandanın baş məşqçi postu ilə əlaqədar İşçi qrup yaradılıb. Və İşçi Qrupun hələ ki yalnız bir iclası olub. O iclas da yalnız tanışlıq xarakteri daşıyıb. Yəni orada heç bir mütəxəssisin namizədliyi ilə bağlı müzakirələr olmayıb. Milli komandanın növbəti oyunu martda ayındadır, o da yoldaşlıq oyunu olmalıdır. Ona görə də tələsməyə ehtiyac yoxdur. Kifayət qədər vaxt var”.
Kənan Məstəliyev: “Hörmətli mütəxəssisdir, amma...”
İdman mütəxəssisi Kənan Məstəliyev bu məşqçini uğurlu saymır: “Yenə bir qoca, futbol bilgisi ölmüş adamı milliyə "calayırlar". Bu Berdiyevə bizim Qurban Qurbanov ötən dəfə futbol dərsi keçib, onun “Kayrat”ını qrupda saxlamışdı. Hörmətli mütəxəssisdir, amma millimiz etibar olunacaq qədər hazır deyil. Dövrü keçib, yaşı çoxdur, heç öz ölkəsində tələbatı yoxdur. Bu “sroku keçmiş”lərlə biz çox uzağa gedə bilmərik. Bərbad namizəddir, təyinatına da inanmıram".
Natiq Muxtarlı: “AFFA rəhbərliyi özü başladığı bu ”oyunu" dayandırmayacaq"
İdman yazarı Natiq Muxtarlı bu müzakirələri bir oyun sayır: “Azərbaycan yığmasının baş məşqçisi kim olacaq” sualı ətrafında gedən müzakirələr bunu deməyə əsas verir: AFFA milli ətrafında yenə “oyun” qurub. Azərbaycan futbolunun əsas problemi qalıb bir tərəfdə, AFFA rəhbərliyi ictimai rəyi başqa məsələlərlə yönəltməyə çalışır. Fikir verin, əvvəlcə türkiyəli mütəxəssislər məsələsini gündəmə gətirdilər. Gördülər ki, ictimaiyyət bunu qəbul etmir. Ardınca Prosineçki gündəm oldu. O da qəbul edilmədi. İndi də Qurban Berdiyev məsələsini ortaya atıblar. Bütün bunlar hamısı AFFA-dan qaynaqlanır. İctimaiyyət bunu tələb edir: AFFA rəhbərliyi tam tərkibdə istefaya getməli, yeni rəhbərlik futbolun inkişafı ilə bağlı layihəsini təqdim etməlidir. Azərbaycan futbolunun problemi “millinin baş məşqçisi kim olsun” deyil. Problemimiz infrastrukturun, uşaq futbolunun yoxluğu, idarəetmə sisteminin iflic olmasıdır. Bütün bunlar həll olunmaq əvəzinə, AFFA millinin baş məşqçisi ətrafında ajiotaj yaratmaqla ictimai rəyi əsas problemlərdən uzaqlaşdırmağa çalışır. Bu da ondan qaynaqlanır ki, qurum rəhbərləri bununla öz kreslolarını qorumağa cəhd edirlər. Birdəfəlik qəbul etməliyik ki, millinin baş məşqçisinin kim olmasının heç bir əhəmiyyəti yoxdur. Kim olursa-olsun, nəticə olmayacaq. Gələn əcnəbi Azərbaycandan külli miqdarda vəsait aparacaq, futbolumuz isə Avropadan daha da geri qalacaq. “Millinin baş məşqçisi kim olsun” “oyunu” dayandırılmalıdır. Təbii ki, AFFA rəhbərliyi özü başladığı bu “oyunu” dayandırmayacaq. İctimai narazılığın böyüklüyünü nəzərə alsaq, bu məsələyə hakimiyyətin yuxarı dairələri müdaxilə etməlidir. Bununla bağlı AFFA rəhbərliyinə sərt xəbərdarlıq olunmalıdır. Azərbaycan dövlətinin, xalqının pulunu 15 ildir ki, əcnəbi məşqçilərə paylayırlar. Bu müddətdə əcnəbilər ölkəmizdən 100 milyon dollardan çox pul aparıblar. Bəs nəticə hanı? İnkişaf əvəzinə, daha da geri getmişik. Bütün bunların baiskarı da AFFA rəhbərliyidir. Görünən odur ki, qurum islahat xəttini tutmaq niyyətində deyil. Deyilsə, işə hökumət qarışmalıdır. Başqa çıxış yolu yoxdur".
Aydın Bağırov: “Hər hansı bir fikir yürütmək indiki vaxtda erkən olardı”
Qol.az-ın baş redaktoru Aydın Bağırov bu barədə danışmağı tez sayır: “Hələ ki bu barədə rəsmi məlumat yoxdur. Qurban Berdiyevin, sadəcə, adı hallanır, namizədlərdən biri kimi. Burada bir çox namizədin adı hallana bilər, o cümlədən Qurban Berdiyevin. Bir sözlə, bunlar xəbər yox, dedi-qodu söhbətində olan iddialardır. Dəqiq bir xəbər olmadığına görə, hər hansı bir fikir yürütmək indiki vaxtda erkən olardı, konkret Azərbaycan millisi ilə bağlı. Amma Qurban Berdiyevin özü Rusiyada tanınmış bir məşqçidir. Onun uğurları olub, xüsusilə ”Rubin Kazan"da yaxşı fəaliyyəti olub. İndi dəqiq bir xəbər olmadan nəsə demək tez olardı. Gözləyək".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ