Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi Fransanın maliyyə naziri Erik Lombar Bloomberg-ə müsahibəsində Böyük Britaniya, Almaniya, Fransa və digər Avropa ölkələrinin Ukraynaya qoşun göndərməyə hazır olduğunu bildirib.
Fransalı nazir Avropa qüvvələrinin Ukraynaya yerləşdirilməsinin əsas məqsədinin sülhün qorunması olduğunu vurğulayıb.
O, bu təşəbbüsün həyata keçməsi üçün ABŞ-ın dəstəyinin vacibliyini qeyd edib:
“Əgər biz atəşkəs rejiminin qorunmasını istəyiriksə, ABŞ-ın dəstəyinə ehtiyacımız var. Mən hesab edirəm ki, amerikalılar buna razılıq verib.”
ABŞ-ın bu qərara necə reaksiya verəcəyi və Avropa qoşunlarının Ukraynaya nə zaman göndəriləcəyi isə hələlik açıq qalır.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com–a danışıb.
Politoloq qeyd edib ki, Fransa daha əvvəl də Ukraynaya qoşun göndərilməsi ilə bağlı təşəbbüslə çıxış edib:
“Fransa prezidenti Emmanuel Makron bu məsələdə ardıcıl mövqe sərgiləyir və bildirirdi ki, Avropa qoşunları mütləq Ukraynada yerləşdirilməlidir. Lakin Avropa liderləri, o cümlədən İtaliya və Almaniya, bu ideyaya qarşı çıxıblar. Hətta həmin ölkələrin hökumət başçıları — Almaniya kansleri Olaf Şolts və İtaliyanın baş naziri Corcia Meloni Makronun bu təklifini tənqid etmişdilər.
Buna baxmayaraq, Fransanın müəyyən hərbi kontingenti Ukraynaya göndərilmişdi, lakin bu təşəbbüs uğursuz oldu. Bütün bunların fonunda isə tamamilə başqa bir mənzərə ilə qarşılaşırıq. Belə ki, ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi və Ukrayna məsələsinə münasibətdə sərgilədiyi mövqe Avropanı hərəkətə gətirib. Xüsusilə də Fransanın daha aktiv mövqe tutmasının şahidi oluruq.
Digər tərəfdən, Almaniyada hökumət böhranı yaşanıb, keçirilən son seçkilərdə hakim Sosial Demokratlar məğlub olub, Xristian Demokratik İttifaqı isə qalib gəlib. Yüksək ehtimalla Fridrix Mers ölkənin yeni kansleri olacaq. Almaniyada siyasi qeyri-müəyyənliyin davam etdiyi bir vaxtda Makron Avropanın liderliyini ələ keçirmək niyyətindədir. Buna görə də o, Avropa qoşunlarının Ukraynada yerləşdirilməsi kimi təşəbbüslərlə çıxış edir və Fransanın rəhbərliyi altında Avropanın müstəqil güc mərkəzi kimi özünü həm Rusiyaya, həm Çinə, həm də ABŞ-a nümayiş etdirməyə çalışır.
Lakin bu, real ssenari deyil. Çünki hazırda Ukraynanın gələcək taleyi ilə bağlı Rusiya və ABŞ arasında danışıqlar gedir. Avropa qoşunlarının Ukraynada yerləşdirilməsinə nə ABŞ, nə də Rusiya razılıq verəcək. Rusiya əvvəlcədən bəyan edib ki, istər NATO çətiri altında olsun, istərsə də Avropanın öz qoşunları şəklində — Qərb ordularının Ukraynada yerləşdirilməsinə heç bir halda icazə verməyəcək. Aydındır ki, ABŞ da bu məsələyə müsbət yanaşmayacaq.
Avropanın isə təkbaşına Ukraynaya qoşun yeritmək gücü yoxdur. Bunun daxildə ciddi etirazlara səbəb olacağı da şübhəsizdir. Xüsusilə İtaliya bu təşəbbüsə qarşı çıxacaq. Böyük ehtimalla, Almaniya da Fransanın bu planına isti yanaşmayacaq.
Bütün bu amilləri nəzərə alsaq, Fransanın Avropa qoşunlarının Ukraynada yerləşdirilməsi ilə bağlı cəhdləri yenə də fiaskoya uğrayacaq”.
Xalidə Gəray,
Müsavat.com
26 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ