İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın mövqeyi digər Avropa ölkələrinin milli maraqlarına zərbədir-ekspert


İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli Fransanın xarici işlər naziri Stefan Sejurnenin aprelin 2-də Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərin bölgədə gərginliyi artırdığını deyib.

Edmondo Çirielli bildirib ki, tərəflərdən başqa qurumların nümayəndələrinin hər hansı qeyri-məqbul bəyanatı gərginliyi daha da gücləndirmək riski daşıyır. “Fransanın xarici işlər naziri Stephane Sejurnenin bəyanatları, əlbəttə ki, vəziyyəti sakitləşdirməyə kömək etmir. Nazir Sejurnenin bölgədə davamlı sülh üçün sağlam düşüncə ilə çalışan bir çox insanın səylərinə zərər verməməsi məqsədəuyğun və faydalı olardı”, Çirielli əlavə edib.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Musavat.com-a şərhində bildirib ki, Fransanın mövqeyi dağıdıcıdır. Ekspert qeyd edib ki, bu mövqe dünyada sülhə də zərbə vurur: “Bu mövqe  təkcə Cənubi Qafqazda müharibə vəziyyətinə səbəb olmur. Avropa İttifaqı daxilində 8-10 dövlət bilavasitə Azərbaycan qazı ilə təchiz olunur. Onların arasında İtaliya da var. Amma Fransanın bəzən Avropa İttifaqı adından qərarlar verməsi, oyunçuya çevrilməsi və faktiki olaraq Azərbaycanla yaxşı münasibəti olan digər Qərbi Avropa ölkələrinin milli maraqlarına da zərbədir.

Bu Fransanın Mərkəzi Avropaçılıq siyasəti ilə digər dövlətlərə qarşı sayğısızlığının bariz göstəricisidir. Fransa İspaniya münasibətlərində, Fransa Almaniya münasibətlərində ciddi toqquşmaların şahidi olacağıq”.

Ə.Əlibəyli bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsinə diqqət çəkərək gələcək perspektivləri də şərh etdi:

“Alman İqtisadiyyatının Şərq Komitəsinin rəhbərliyinin Azərbaycana səfəri  bunun barizi göstəricisi idi ki, kəskinləşən Fransa-Azərbaycan münasibətləri kontekstində Almaniya ilə münasibətlər üçün yeni hədəflər, resursların müəyyən edilməsi üçün görüşlər keçirildi, müqavilələr imzalandı. Fransa fərdi qaydada da sülhə ciddi zərbə vurur. O cümlədən ölkələrin qarşılıqlı faydalı əməkdaşlığına, investisiya mühitinə mənfi təsir göstərir. Və bunu Avropa İttifaqı daxilində edir. Azərbaycanın üzərinə gəlinməsi, məğlubiyyətlərdə Azərbaycanın rolunun olması düşüncələrinə özünü inandırması çətin proseslərə gətirib çıxaracaq. Düşünürəm ki, Fransa Avropa İttifaqının Azərbaycan ucbatından çat verməsinə səbəb olacaq”. 

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR