Onlayn ictimai-siyasi qəzet
Fransa Azərbaycana qarşı isterik davranışı daha da gücləndirir. Casus qalmaqalının, xarici işləri naziri postuna antitürkçü Stefan Sejurnenin gətirilməsinin, Natəvanın heykəlinə (əslində Azərbaycan mədəniyyəti və xalqına) qarşı vandal münasibətin ardınca edilən etirazlara baxmayaraq, Fransa Azərbaycana qarşı növbəti eybəcər işə start verir.
Belə ki, yanvarın 17-də Fransa parlamentinin yuxarı palatasında - senatda ölkəmiz və onun suverenliyi, ərazi bütövlüyü əleyhinə növbəti qərəzli qətnamə layihəsi müzakirəyə çıxarılıb. Senatının rəsmi saytında qeyd edilib: “Senat Azərbaycanın Dağlıq Qarabağa (?! - red.) hərbi hücumunu pisləyən və Ermənistana hər hansı təcavüz cəhdinin, onun ərazi bütövlüyünün pozulmasının qarşısını alan qətnamə layihəsinə baxacaq”.
Sənəd layihəsində həmçinin Azərbaycana qarşı sanksiyaların tətbiqi tələbi yer alıb və “erməni əhalinin Qarabağa qayıtmaq hüququna zəmanət verilməsi” tələb olunur. Qəzetimiz çapa gedənədək müzakirələrin nəticəsi barədə məlumat yox idi.
Fransa bu qətnaməni qəbul edərsə, münasibətlər tamamilə qırıla, diplomatik əlaqələr kəsilə bilərmi? Fransa niyə münasibətləri düzəltmək çağırışlarına məhəl qoymur, əksinə, radikallaşır? Bu, sülh prosesini pozmaq cəhdidirmi? Rəsmi Bakı buna necə cavab verməlidir?
Bəhruz Məhərrəmov: “Bu kağız parçası Parisin Qafqaz siyasətinin iflasının göstəricisidir”
Deputat Bəhruz Məhərrəmov hesab edir ki, sonda rəsmi Paris çıxılmaz durumda qalacaq: “Fransa Senatında Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihəsi heç bir əhəmiyyətli siyasi-hüquqi nəticə doğura bilməz, əksinə, bu kağız parçası Parisin Qafqaz siyasətinin iflasının göstəricisidir. Sirr deyil ki, Fransanın Azərbaycanla ticarət dövriyyəsi Ermənistan və Gürcüstanla birgə dövriyyəsindən xeyli çoxdur. Parisin "sanksiyası" əslində özünün maraqlarına zərbədir və Makron Azərbaycanı yox, məhz özünün Cənubi Qafqazdakı ticari mənafelərini hədəfə almış olur.
İkincisi, Parisin Orta Asiyaya artan marağı, xüsusən Qazaxıstanın yalnız yerüstü nəqliyyatla daşına bilən uran ehtiyatlarının nəqli məsələsində Fransa üçün Azərbaycan açar ölkədir. Makron rejimi və Senatının səbatsız gedişləri ucbatından Parisin özünün çıxılmaz vəziyyətə düşəcəyi şübhə doğurmur. Bu gün Fransanın mövcud olmayan separatçı bir rejimin adını rəsmi sənədlərə salması, dövlətlərin ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsipləri başda olmaqla, beynəlxalq hüquqa açıq hörmətsizlikdir. Hətta Ermənistanın özünün Azərbaycanın yaratdığı yeni reallıqla barışdığı, sülh prosesində Qarabağ məsələsinə toxunmayaraq, belə bir problemin qalmadığını etiraf etdiyi halda Fransanın bu vəziyyətlə barışmaması qəbulolunmaz absurddur.
Digər tərəfdən, Fransa bu kimi cəhdləri ilə Ermənistan və Azərbaycan arasında sülh perspektivlərinə kölgə salmaqla özünün beynəlxalq hüquq düşməni-militar neoimperialist simasını bir daha ifşa edir. Beləliklə, Paris adət etdiyi formada qlobal subyektlərə beynəlxalq hüquq, sülh və bəşəri dəyərlər barədə mühazirələr oxumaq, onlar qarşısında tələblər səsləndirmək haqqına sahib olmadığını elə özü etiraf etmiş olur. Bu, çox böyük bir uğursuzluqdur və Makron rejiminin Fransaya vurduğu ən böyük zərbələrdən biridir. Xüsusən nəzərə alaq ki, Afrikada ardıcıl fiaskoların ardınca Qafqazda da köklü məğlubiyyət Fransa üçün ciddi itkilər yaradır və düşdüyü durumun kökündə də məhz Parisin isterik vəziyyəti və əsassız siyasi kursu dayanır".
Sona Əliyeva: “Müstəmləkələrinin hamısı Fransanın boynunun ardına tərs şapalaq ilişdirərək onu ”qara qitə"dən qovdu"
Sabiq deputat, siyasi şərhçi Sona Əliyeva diqqətimizə çatdırdı ki, Fransa Emmanuel Makronun prezidentliyi dövründə nəinki Cənubi Qafqazda, o cümlədən, yüzillərdir hökm sürüb at oynatdığı Afrikada da nüfuzunu itirdi: “Müstəmləkələrinin hamısı Fransanın boynunun ardına tərs şapalaq ilişdirərək onu "qara qitə"dən qovdu. Elə Avropada da Fransanın nüfuzu ciddi şəkildə zədələndi. Məhz Makronun hakimiyyəti dönəmində Fransada islamafobiya gücləndi. Türkiyə və Azərbaycanla münasibətlər daha da pisləşdi. Fransa diplomatiyası Avropa və Afrikada ard-arda məğlubiyyətlər aldı.
Fransa həmişə ermənipərəst mövqeyi ilə seçilib. Azərbaycana qarşı ikili standartlar indi bu Avropa ölkəsində pik həddə çatıb. Özünü mədəniyyət beşiyi adlandıran ölkə Azərbaycana qarşı qisasını heykəllərdən, mədəniyyət nümunələrindən çıxır. Yəni rəsmi Paris hazırda bu qədər gücsüz və dişsizdir. Bu da Makronun yarıtmaz siyasətinin nəticəsidir. Azərbaycan Fransanı Cənubi Qafqazdan vurub çıxardı. Cənab Prezidentin düşünülmüş və uzaqgörən siyasəti fransızları Cənubi Qafqaz siyasətinə “fransız” qoydu. İndi Fransada vəziyyət, belə demək mümkünsə, ruscadır. Düşdükləri bataqlıqdan çıxa bilmirlər. Onlar anlamırlar ki, artıq bölgədə yeni vəziyyət formalaşıb. Azərbaycan qalib ölkədir və onunla diqtə dilində danışmaq olmaz. Bir sözlə, prezident Əliyev fransalı həmkarını diplomatik masada mat qoyub. İndi Paris Bakı ilə vəziyyəti düzəltməyə, növbəti partiyalarda heç olmasa pat vəziyyətinə razılaşmağa çalışır. Amma bu mümkün olmayacaq. Azərbaycan indiki məqamda Fransa ilə diplomatik münasibətləri tamamilə kəsmək fikrində deyil. Biz Fransadan fərqli olaraq radikal diplomatiyadan uzağıq. Amma Fransa Azərbaycana qarşı təxribatları davam etdirərsə, o zaman onun Cənubi Qafqazla bağlı bütün gedişləri rəsmi Bakı tərəfindən bloklanacaq".
Elxan Şahinoğlu: “Niyə Fransanın ən böyük şirkətlərindən biri Azərbaycanda gəlir əldə etməlidir?”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycan tərəfin analoji qərar qəbul etməsinin tərəfdarıdır: “Fransa Azərbaycana qarşı çirkin siyasətini davam etdirir. II Qarabağ müharibəsi və ondan sonrakı dövrdə bu siyasətindən əl çəkməyib, korrektə etməyib. Fransa Senatında Azərbaycan əleyhinə sənədin qəbulu gözlənilən idi. Əvvəllər də bu kimi mənasız sənədlər qəbul ediblər. Fransanın bu cür qətnamələr qəbul etməsi ölkələrarası əməkdaşlığı aşağı səviyyəyə endirəcək. Bizim Fransadan asılılığımız yoxdur. Fransa çox çalışacaq ki, Avropa İttifaqı da, Avropa Parlamenti də ölkəmizə qarşı hər hansı bir qətnamə qəbul etsin. Zatən Avropa Parlamenti əleyhimizə bir neçə qətnamə qəbul edib. Amma Avropa İttifaqında Azərbaycanın dostları da var ki, əməkdaşlığı davam etdirmək istəyirlər. Fransa Senatının bu qətnaməsindən sonra məncə, Azərbaycan Parlamentində adekvat müzakirələrin aparılmasına və senatın bu qərarına qarşı hər hansı bir sənədin qəbul edilməsinə ehtiyac var. Məncə, Fransa ilə iqtisadi münasibətlərə də yenidən baxmaq lazımdır. Fransanın "Total Energies" şirkəti Abşeron yatağında böyük paya sahibdir. Biz bu məsələyə də yenidən baxmalıyıq. Əgər Fransa bizə qarşı çirkin təbliğatını aparırsa, bizə qarşı hər hansı bir sanksiya tətbiq etmək istəyirsə, niyə Fransanın ən böyük şirkətlərindən biri Azərbaycanda gəlir əldə etməlidir?".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ