Onlayn ictimai-siyasi qəzet
Bəyanatlarının ardınca indi də Ermənistanı açıq şəkildə silahlandırır və bunu heç də gizli saxlamaq niyyətində deyil.
Müdafiə naziri Sebastyan Lekornu bildirib ki, Fransa və Ermənistan İrəvan tərəfindən fransız silahlarının alınmasına dair razılaşma imzalayacaq.
“Biz Ermənistan Respublikasının fransız istehsalçılarından müəyyən miqdarda silah almasını rəsmiləşdirəcəyik”, - deyə o bildirib.
Təbii ki, Fransanın Ermənistana silah verməsi bu ölkədə revanşizmin güclənməsinə, regionda gərginliyin artmasına xidmət edir.
Fransa hökumətinin davranışları açıq şəkildə göstərir ki, sülhün bərqərar olması rəsmi Parisə heç cür sərf etmir. Fransa Cənubi Qafqaz regionuna geosiyasi rəqabət gətirməyə çalışır və bunun üçün Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təhrik edir.
Bu gün Ermənistanın Azərbaycan torpaqlarından ayağı kəsilsə də, mina terroru bitməyib. Ermənilərin 30 il ərzində və bundan sonra torpaqlarımıza xəritəsiz, plansız basdırdıqları minalar hələ tam təmizlənməyib. Əslində, işğalçı dövlətlər olan Fransa və Ermənistanı yaxınlaşdıran cinayətlərdən biri də elə mina terrorudur. Bu barədə Azərbaycan Prezident İlham Əliyev “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində çox detallı bir açıqlama verib.
Sitat: “Fransa həm də dünyada ən çox mina istifadə etmiş ölkələrdən biridir. Ancaq Əlcəzair ərazisində 5 milyondan artıq mina basdırılmışdır. Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələr sırasında ön yerlərdən birini tutur. Bu siyahıda Fransadan sonra onun yaxın müttəfiqi Ermənistan gəlir”.
Dövlət başçısı bir faktı da qeyd edib ki, Parisin İnsan Muzeyində müstəmləkə müharibələrində XIX əsrdə qətlə yetirilən döyüşçülərin 18 min ədəd kəllə sümüyü saxlanılır və nümayiş etdirilir. Həmin kəllə sümükləri arasında əlcəzairli döyüşçülərin də kəllə sümükləri var. Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbi Fransa tərəfindən hələ də tam yerinə yetirilmir. “XXI əsrdə dünyanın çox az dövlətində bu cür təfəkkürə rast gəlmək mümkündür”,-deyə Cənab Prezident müraciətində qeyd edib.
Məlumat üçün bildirək ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində basdırdığı minalar nəticəsində təkcə son 3 ildə 340-a yaxın azərbaycanlı mina qurbanı olub.
Bütün bunların nəticəsidir ki, Fransa-Azərbaycan əlaqələri dondurulub, bütün təmaslar dayandırılıb.
Fransanın yersiz cəhdləri və Ermənistanın da bundan məmnun görünməsinə baxmayaraq, Azərbaycan Fransaya Ermənistanı silahlandırması və neokolonizalizm yolu ilə Cənubi Qafqazda mövqe tutmasına imkan verməyəcək, Afrikadan qovulduğu kimi, Cənubi Qafqazdan da qovulacaq.
Fransanın davranışları və Ermənistanın Qərbə yönəlik siyasəti artıq Rusiya tərəfindən ciddi təpkilərlə qarşılanır.
Bəllidir ki, Qərbi və xüsusilə də Fransanı bölgəyə gətirmək cəhdi Ermənistana baha başa gələcək, İran və Rusiya bunu bağışlamayacaq. Ermənistanı Suriya və Ukraynanın aqibəti gözləyir ki, bu barədə də Rusiyanın rəsmiləri günlərdir ki, deyirlər, qəzetləri bu mövzuda materiallar hazırlayırlar.
Rusiyanın “Kommersant” qəzeti yazır ki, Moskva ilə İrəvan arasında münasibətlər pisləşməkdə davam edir. Qəzet bildirir ki, iki ölkə liderləri arasında birbaşa təmaslar olmadığı halda, tərəflər qiyabi müzakirələr aparırlar:
“Ən azı ritorika səviyyəsində Aİ-yə doğru sürüklənən Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində Rusiya tərəfinin ünvanına tənqidlərlə çıxış etdi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, pərdələnmiş formada Rusiyaya, eləcə də Qarabağdakı Rusiya sülhməramlılarına qarşı ifadələr işlətdi. Moskva Ermənistan liderinin davranışını “məsuliyyətsiz və təxribatçı” adlandırıb. Və xəbərdarlıq edib: “Nikol Paşinyan Ukrayna prezidenti Vladimir Zelenskinin yolu ilə gedir”.
Qəzet yazır ki, İrəvanda Rusiya telekanallarının bağlanmasını müzakirə edirlər:
“Vəziyyət bu qədər gərgin olduğu vaxt Nikol Paşinyan Rusiyaya və ya ona dost ölkələrə deyil, Qərbə səyahətə üstünlük verir”.
Ermənistan hökumətinin bəsit siyasəti, regionda qarışıqlıq yaratmaq cəhdləri və Avropaya meyllənməsi Fransa kimi dövlətlərə sərf edir. Ancaq bu, Ermənistanın dövlətçiliyini sual altına alır. Bu gün Ermənistan öz davranışları ilə Rusiya, İran kimi dövlətlərin hədəfinə çevrilir və bu təzyiqlər altında Ermənistan müstəqil dövlət kimi yaşaya bilməyəcək.
Təbii ki, Azərbaycan və Türkiyə Ermənistan üçün təhlükə deyil. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və istəyinə nail olub. Azərbaycan dəfələrlə bəyan edib ki, onun heç bir dövlətin ərazisində gözü yoxdur. Biz yalnız bizim olanı tələb edib, haqqımız olanı almışıq. Ona görə də Azərbaycan Ermənistan üçün təhlükə deyil. Lakin Ermənistan bu siyasəti ilə öz dövlətçiliyini itirməyə doğru gedir.
İndi Ermənistanın yanında görünsələr də, ekspertlər də hesab edirlər ki, ərazi baxımdan uzaq olan Fransa və ABŞ İran və Rusiyanın təzyiqləri qarşısında Ermənistana kömək edə bilməyəcək.
Ona görə də Ermənistan yaxşı düşünməli və özünü rəzil duruma salmaqdan, dövlət kimi məhv olmaq təhlükəsindən qurtulmalıdır.
Qafar Səfərli,
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ