Onlayn ictimai-siyasi qəzet
“Salon Kitti” – bu, 1930-1940-cı illərdə Berlinin ən populyar əyləncə məkanlarından biri olub. Daha dəqiq ifadə etsək, ən “nümunəvi” fahişəxana sayılıb. Salon şəhərdəki digər fahişəxanalardan qadın seçimi bolluğu və istənilən xidmətlərin olması ilə fərqlənib...
Salonun sahibi Kitti Şmitd Berlində işgüzar qadın kimi tanınıb, o, öz işini yüksək səviyyədə quraraq böyük pullar qazanıb. Elə salonda baş verən davaları da, insidentləri də heç kimin köməyi və müdaxiləsi olmadan özü yoluna qoymağı bacarıb. Amma “işgüzar” qadının bu sərbəstliyi çox da uzun çəkməyib.
1930-cu illərdə nasist Almaniyasında SS zabitləri məxfi məlumatların əldə edilməsi, informasiya təminatı, 3-cü Reyx rejimi haqqında formalaşan fikirlərin öyrənilməsi üçün bütün mümkün variantlara əl atıblar. Hətta bununla bağlı yüksəkçinli məmurlar qadınları da bu işə cəlb ediblər və bu tədbirlər “fahişəxana” əməliyyatı adı altında həyata keçirilib. Kitti Şmitd də bu əməliyyatdan kənarda qalmayıb.
1934-cü ildə SS generalı Rixard Qeydrix Kittini əməkdaşlığa dəvət edib, daha dəqiq desək, məcbur edib. Belə ki, general Kittiyə anladıb ki, salonda gizli audio və video qurğular quraşdırılacaq, salona gələn yüksək çinli alman məmurlarının, xarici qonaqların danışıqları və hərəkətləri həmin qurğular vasitəsi ilə yazılacaq və çəkiləcək. Daha sonra general salon üçün xüsusi qadınların hazırlanmasını da ona başa salıb. Elə qadınlar ki, müştərilərindən söz almağı, onları danışdırmağı bacarsın.
Beləliklə, “Salon Kitti” bütövlükdə general Rixard Qeydrixin nəzarəti altına düşüb.
“Salon Kitti”nin statusunu daha da qaldırmaq üçün salonda yüksək səviyyəli təmir işləri aparılıb, daha gənc və cazibədar xanımlar salona cəlb edilib, müştərilərin bütün yataq tələblərini yerinə yetirmək üçün onlardan xüsusi “peşəkarlıq” tələb olunub, təsadüfi adamların salona girişi məhdudlaşdırılıb və s.
SS-nin təşəbbüsü və seçimi ilə 20 nəfər qadın xüsusi hazırlanaraq “Salon Kitti”nin əsas fahişələrinə çevrilib.
“Salon Kitti”nin yerləşdiyi binanın zirzəmisində salonda yazılan səslərin və çəkilişlərin ötürülməsi üçün mütəxəssislər qrupu işləyib.
SS-in “fahişəxana” əməliyyatı uğurlu alınıb. Fəaliyyət göstərdiyi illər ərzində salonda 25 mindən artıq səs və video yazılıb. Məhz bu yazıların içərisində məmurların və diplomatların sərxoş vəziyyətdə olarkən “ürəklərini açması” SS-in işinə yarayıb.
“Salon Kitti” Berlində o qədər məşhurlaşıb ki, salonun sırf öz təyinatına görə xidmətlərindən 3-cü Reyxin ən tanınmış simaları da istifadə ediblər.
İki istiqamətdə işləyən salonun gəliri qısa müddətdə xeyli artıb. Kitti Şmidt əldə etdiyi pulları gizli yollarla xarici banklara köçürüb. Gəlirin artmasına baxmayaraq ona belə qorxu altında işləmək rahat olmayıb, nə vaxtsa bu cür ikibaşlı fəaliyyətinin ağır fəsadlarının olacağını düşünüb. Kitti 1939-cu ildə bütün var-dövlətini götürərək Almaniyadan qaçmağa cəhd edib. Lakin onun bu cəhdi baş tutmayıb, o, Hollandiya sərhədində gestapo tərəfindən saxlanılaraq geri qaytarılıb. Bu cəhddən sonra Kitti Şmidtlə Rixard Qeydrix arasında kiçik bir dialoq baş tutub. SS generalı salon sahibəsinə sonuncu xəbərdarlığını bildirib:
-Yəqin sən yaxşı anlayırsan ki, indi başqa yerdə də ola bilərdin. Unutma ki, biz bu gizli fəaliyyətimizlə Fürerə xidmət edirik. Bu xidmətdən imtina etməyin isə nə ilə nəticələnə biləcəyini də yəqin ki, yaxşı anlayırsan və bu fahişəxanadan kənara artıq bir informasiya çıxarsa, bu sənin ölümünlə nəticələnəcək.
Bu oyunlardan çıxmağın mümkünsüz olduğunu başa düşən Kitti Şmidt generala hər şeyin əvvəlki kimi olacağına söz verib:
-Cənab, mən sizi anladım. Salon öz tempi ilə fəaliyyətini davam etdirəcək.
Kitti Şmidt heç sonralar da salonun fəaliyyəti ilə bağlı heç bir yerdə açıqlama verməyib. Amma salonda müştərilərə xidmət göstərən, xüsusilə Berlində ezamiyyətdə olan xarici qonaqları məharətlə danışdırmağı bacaran Lizl Akerman salondakı xidmətlərlə bağlı geniş açıqlamalar verib:
“Mən “Salon Kitti”nin adi fahişələrindən biri idim. Cavan və gözəl olduğumdan müştəri problemim yox idi. Günlərin birində Berlin polisinin komissarı salona gəldi, seçimində mənim üzərimdə dayandı. Mən əvvəlcə onu adi müştərilərdən biri kimi qəbul etdim. Amma düşündüyüm kimi olmadı. O, məni otağa aparan kimi öz şərtini söylədi:
-Sənin iki yolun var, ya tank zavodunda tankın tırtıllarını daşıyacaqsan, ya da bu salonda mənim dediklərimi edəcəksən.
Mən onun hələ də nə demək istədiyini tam anlamadım, amma anlayacağım qədər cavab verdim:
-Mən sizə yataqda istədiyiniz xidməti göstərə bilərəm. Heç kimdən görmədiyiniz nəvazişi məndən ala bilərsiniz.
O, gülümsədi və sözünə davam etdi:
-Bu öz yerində, amma mən başqa şey anlatmaq istəyirəm sənə. Bu günlərdə İtaliyadan Berlinə böyük məmur qrupu gələcək. Sənin birinci vəzifən onlara lazımınca xidmət etməkdir, ikinci vəzifən isə onları içirtdikdən sonra siyasi söhbətlərə cəlb etməkdir. Onları danışdırmaq lazımdır.
Nəhayət, mən onun nə istədiyini anladım. Razılaşmaqdan başqa ayrı çıxış yolum yox idi. Sonra o, mənimlə yatağa girdi, gedəndə pulumu ikiqat ödədi. Bir neçə gündən sonra mən italiyalı qonaqları qarşıladım, Onların arasında Mussolinin kürəkəni də var idi. Elə bir siyasi diskussiya açmışdım ki, onlar mənim ağ bədənimi unutmuşdular...”
“Salon Kitti” İkinci Dünya müharibəsi zamanı da fəaliyyətini davam etdirib. 1943-cü ildən SS əlini salondan çəksə də obyektdə baş verən hadisələrdən xəbərdar olan yerli əhali bu salonu “SS-in fahişəxanası” adlandırıblar. Sonralar isə şəhər sakinlərinin təkidi ilə salon fəaliyyətini birdəfəlik dayandırıb.
İlham Cəmiloğlu, Musavat.com
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ