Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi Azərbaycanda plastik cərrah kimi fəaliyyət göstərmək istəyən onlarla həkimin arzusuna “yox” cavabı verilib.
Səhiyyə Nazirliyi, Baş Prokurorluq, DİN və Təhsil Nazirliyindən ibarət Xüsusi Təftiş Komissiyası tərəfindən verilən icazələrin siyahısı ortalığı qarışdırıb.
Məlum olub ki, komissiyaya müraciət edən 82 estetik cərrahdan yalnız 42-si fəaliyyətə rəsmi icazə alıb. Qalan 40-a yaxın tanınmış cərrah isə gözlənilmədən siyahıdan kənarda qalıb.
Ən maraqlısı odur ki, icazə ala bilməyənlər arasında tanınmış, illərlə estetik əməliyyatlar edən və saysız-hesabsız reklamla ad qazanan cərrahlar da var. Bəzi adlar isə sadəcə şok effekti yaradır. Siyahıda olmayan məşhurlar arasında kimlər var?
Mirsaleh Abdullayev – Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının Plastik-estetik cərrahiyyə şöbəsinin müdiri.
Onu da qeyd edək ki, Mirsaleh Abdullayev İkinci Qarabağ müharibəsində yaralı əsgər və zabitlərə tibbi yardım göstərən fədakar həkimlərdən biridir.
Fərid Əliyev – Rinoplastikanın "ulduzu" kimi tanınır.
Svetlana İbadullayeva – İllərdir Bakıda estetik əməliyyat sahəsində tanınan həkim.
Taleh Hüseynzadə – adı bir neçə qalmaqalda hallanıb.
Elnur Mehrail – sosial şəbəkələrdə fəal və çoxsaylı pasiyenti olan cərrah.
Günel Əzizova – müğənni Xatirə İslamın bacısı, özü də məşhur estetik həkim kimi tanınır.
Dilqəm Məhərrəmov - “Baku Medical Plaza” klinikasının məşhur plastik cərrahı
Qeyd edək ki, siyahının yayılması cəmiyyət və sosial şəbəkələrdə ciddi rezonans doğurub.
Xatırladaq ki, bir müddət əvvəl hazırda ABŞ-da yaşayan jurnalist Qənirə Ataşovanın bir neçə həkimin heç bir rəsmi icazəsi olmadan əməliyyat apardığını iddia etmiş və bununla bağlı siyahı yaymışdı. Həmin adlar arasında da Taleh Hüseynzadə, Elnur Mehrail və Günel Əzizovanın adları var idi.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə artıq bəzi cərrahlar icazə verilməməsindən narazılıq edərək, bu qərara etiraz etməyə hazırlaşır. Bəziləri isə sosial şəbəkələrdə etibarlı pasiyent bazalarını itirməmək üçün vəziyyəti gizlətməyə çalışır.
Bəziləri qeyd edir ki, əgər icazəsiz fəaliyyət göstərən şəxslərə qarşı cəza tədbirləri tətbiq ediləcəksə, bu, estetik bazarda böyük dəyişikliklərə yol aça bilər.
Xalidə Gəray,
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ