Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda plastik əməliyyatlar son illər xüsusən də qadınlar arasında populyarlıq qazanıb. Əlbəttə ki, sağlamlıqla bağlı belə əməliyyatlara tibbi göstəriş normaldır. Bəzən isə yeri gəldi-gəlmədi, ehtiyac oldu-olmadı zərif cinsin nümayəndələri daha gözəl görünmək üçün bıçaq altına uzanırlar. Bu da vaxtaşırı əks-nəticə verir, hətta ölümlə nəticələnir.
Bu arada müğənni Türkan Vəlizadə maraqlı bir açıqlama verib. Lent.az-ın xəbərinə görə, teleproqramların birində o, heç bir vaxt plastik əməliyyat etdirmədiyini deyib.
“Üz baxımlarını sevmirəm. Şou-biznesdə yeganə müğənniyəm ki, plastik əməliyyat etdirməmişəm. Özüm haqda yazılan şərhlərdə oxuyuram ki, ”Bəsdir də əməliyyat etdirdin". Onlara demək istəyirəm ki, nə üzümdə, nə bədənimdə əməliyyat yoxdur. Bütün orqanlarım yerindədir", - T. Vəlizadə vurğulayıb.
Yəni müğənni estetik əməliyyat etdirmədiyini söyləsə də, bir çoxları özünün dediyi kimi, buna inanmır, əksini düşünürlər.
Qeyd edək ki, adətən burun əməliyyatı edənlərin burunları, dodaqda estetik əməliyyata məruz qalanların isə dodaqları sanki bir qəlibdən çıxmış kimi bir-birinə bənzəyir. Bəs plastik əməliyyat o dərəcədə mükəmməl və qüsursuz aparıla bilərmi ki, izi ümumiyyətlə qalmasın və heç kim bunu fərq etməsin? Yəni adam plastik əməliyyat etdirsə də rahatca bunu dana bilsin. Mümkünmü? Bu həkim peşəkarlığına bağlı məsələdir?
Mövzu ilə bağlı plastik cərrah Elnur Mehrəli “Yeni Müsavat”a danışıb:
“Bir çox məşhurlar estetik əməliyyat keçirmədiklərini, təbii bədən quruluşuna malik olduqlarını iddia edirlər. Amma ”görünən dağa nə bələdçi". Əlbəttə ki, məşhurlar daim göz önündə olduqları üçün onların keçmiş və indiki vəziyyəti arasında fərqi görmək çox asandır. Xüsusən də sinə böyütmə (mamoplastika), bədən şəkilləndirmə - abdominoplastika, liposaksiya, yaxud popoplastika əməliyyatları, eləcə də üst və alt blefaroplastika, üz gərmə əməliyyatlarından sonra fərqi görməmək mümkünsüzdür. Yəni, məşhurlar bunu nə qədər dansalar, inkar etmiş olsalar da fakt göz önündədir.
Təbii ki, hər bir estetik plastik əməliyyatların birinci amalı meyarı odur ki, əməliyyat izləri, nöqtələri bilinməsin, təbiilik daha çox saxlanılsın. Yəni, bütün plastik cərrahiyyənin qarısında duran ümdə vəzifə budur ki, kiçik kəsiklərlə böyük işlər görülsün. Amma estetik əməliyyatlar nə qədər ideal, peşəkar aparılsa belə mütləq şəkildə həmin əməliyyatların izləri, yerləri qalır".
Məlum olub ki, dünyada ən çox müraciət edilən plastik əməliyyat “ritidektomiya” - sifət və boyun dərisinin dartılması əməliyyatıdır. Bu əməliyyat növü ötən əsrin əvvəllərində Avropada yaranıb, lakin uzun müddət gizlin saxlanılıb. “Liposaksiya” - bel, yan, qarın, əl, boyun və digər hissələrdəki artıq piylər üçün nəzərdə tutulan əməliyyat növü də dünyada geniş yayılmağa başlayıb. Bu əməliyyat isə ilk dəfə 20 il əvvəl Fransada yaranıb.
“Rinoplastik” burun əməliyyatları isə artıq adiləşməyə başlayıb. Bu əməliyyat zamanı burun kiçildilib, böyüdülür, yenidən formalaşdırılır, kiçik donqar götürülür, burun ucu incəldilir və s. Burun plastikasının Hindistan növü artıq 5 min ildir ki, mövcuddur.
Araşdırmalara görə, ölkəmizdə ən çox müraciət edilən plastik əməliyyat isə rinoplastik əməliyyatdır. Sonrakı sırada üz cizgilərinin dəyişdirilməsi, o cümlədən qırışların açılması, üzün və göz qapaqlarının dartılmasıdır. Digər sırada isə silikondan istifadə ilə süd vəzilərinin böyüdülməsi, ayaqların kökəldilməsi, sağrı nahiyəsinin böyüdülməsidir. Bu əməliyyat plastik əməliyyatlar içərisində ən bahalı olanıdır.
Qeyd edək ki, plastik əməliyyatlardan heç də hamısı uğurlu olmur. Belə ki, xarici mütəxəssislərin hesablamalarına görə, hər 100 plastik əməliyyatdan 10-u uğursuz başa çatır. Bəzi ekspertlər bildirir ki, problemin əsas səbəblərindən biri Azərbaycanda pasiyentlərin psixoloq rəyi almadan birbaşa estetik cərrahla təmasda olması, əməliyyata girməsidir. Hansı ki, dünyanın demək olar ki, əksər ölkələrində pasiyentlər mütləq şəkildə psixoloq rəyi aldıqdan sonra əməliyyata girə bilir.
Sovet dövründə plastik əməliyyatlar çox az olub. Əsasən Moskvada mərkəzi klinikalarda bu cür əməliyyatlar aparılırdı və orada nəinki hərtərəfli müayinələr, həm də mütləq şəkildə psixoloqun icazəsi tələb olunurdu. Bu gün isə bu sistem demək olar ki, yoxdur.
Onu da əlavə edək ki, son vaxtlar kişilərin də estetik əməliyyatlara marağı xeyli artıb. Cərrah Elnur Mehrəli qeyd edib ki, Azərbaycanda kişilər müxtəlif səbəblərdən estetik əməliyyatlara müraciət edir:
“Yerli pasiyentlər daha çox liposaksiyaya, yəni, bədənin artıq piylərdən aradan qaldırılması üçün müraciət edir. Yəni, kişilərin də bədən piylərindən azad olmaq üçün bizə müraciəti artıb. Kişilər əsasən qarın kürək-bel nahiyəsində artıq piylərdən qurtulmağa, daha fit, presli bədənə nail olmağa çalışırlar.
Digər xarici pasiyentlər, məsələn, ərəb ölkələrindən olan kişilər daha çox göz qapaqları, üz gəncləşdirmə əməliyyatlarına maraq göstərir.
Həmçinin son zamanlar icra etdiyimiz əməliyyatlar içərisində otoplastika qulaq estetik əməliyyatları da artıb. Eyni zamanda üz plastika, göz qapaqlarının sallanması, buxaq nahiyəsində olan buxağın qırışları, dəri əzələsinin boşalmasına uyğun əməliyyatlarla bağlı da müraciətlər artmaqdadır.
Son vaxtlar kişilərin daha çox müraciət etdiyi plastik əməliyyatlardan biri də ginekomastiya əməliyyatıdır. Məlum olduğu kimi ginekomasti bir kişinin məməsinin dəyişiklik nəticəsində normalından daha böyük formada olması deməkdir. Bəzən məmə forması artıq dərəcədə böyük olduğu üçün qadınsı formada görünür.Tək bəzən də hər iki tərəfli müşahidə edilən bu hal kişinin həyat keyfiyyətlərinə və psixologiyasına mənfi təsir edir. Kişilərin müraciət etdiyi estetik əməliyyatlar sırasında burun sınma, çəpər əyriliyi ilə bağlı əməliyyatlar da var".
Xalidə GƏRAY
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ