İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsl səbəblər...

Siyasətdə, xüsusilə beynəlxalq münasibətlər müstəvisində baş verən hadisələri düzgün dəyərləndirmək və yaşanan müxtəlif hadisələrə dair obyektiv şəxsi münasibətin formalaşdırılması üçün biz ilk növbədə emosiyalardan uzaq durmalı, yaşanan müxtəlif siyasi təzahürlərin əsl səbəblərini müəyyən etməyi bacarmalıyıq. Yalnız bu halda müxtəlif səpkili manipulyasiyaların təsiri altına düşməz, həmçinin başqalarının məkrli siyasi oyunlarında “alət” kimi istifadə olunmağın qarşısı almış olarıq. Əslində, qeyd olunanlar bilavasitə siyasi maarifçiliyin strateji vəzifələridir.

Musavat.com xəbər verir ki, bu fikirlər politoloq Asif Adilin “Əsl səbəblər...” sərlövhəli məqaləsində yer alıb.

Məqaləni təqdim edirik:

Keçmiş “Dağlıq Qarabağ problemi” adı altında manipulyasiya, təzyiq və regiona müdaxilə etmək üçün “legitim” alətini (bəhanəni) itirmiş, ancaq regionumuzda hələ də geosiyasi maraqları qalan ölkələr və beynəlxalq təşkilatlar burada öz “fəaliyyətləri”ni yenidən canlandırmaq cəhdlərini davam etdirirlər. Qərəzli informasiya maşını daha da aktivləşib və Qələbədən sonrakı normallaşma prosesində sülh üçün bu günədək olmayan real zəmin və imkanlar yarandığı halda onların bu qədər “fəallıq” göstərmələrinin səbəbləri və hətta tələm-tələsik aparılan anti-Azərbaycan təbliğatı hər bir məsuliyyətli vətəndaşımızı düşündürməyə bilməz. Əlbəttə ki, bu cür ədalətsiz yanaşmalar xain radikal qüvvələrə sərf edir. Onlar hətta Qərbin ölkəmizə qarşı apardığı bu oyunlarda özlərinə hansısa rolu almaq arzularını belə gizlətmirlər. Heç şübhəsiz ki, xalq bu cür vətənşivənlərin əsl niyyətlərinin nədən ibarət olmasının fərqindədir.

Bu kiçik yazı çərçivəsində nəzəri yanaşmalardan uzaq duraraq konkret tezislərlə, bilavasitə Prezident İlham Əliyevin sözlərinə istinadən Qərbin “acgöz” və qərəzli hücumlarının əsl səbəblərini müəyyən etməyə çalışacağıq. Ümid edirik ki, yazı bir çox məsələlərə aydınlıq gətirəcək və ölkəmizə qarşı aparılan qaranlıq oyunlara işıq salacaq.

Səbəb 1. Aydın məsələdir ki, regionda müstəqil siyasət aparan ölkənin mövcudluğu qlobal geosiyasi oyunlar oynayan “super güclər”in marağında deyil. Bu həqiqət, siyasi aksiomdur. Qlobal “super güclər” heç vaxt öz iddialarından vaz keçməzlər. Bu cür iddialardan əl çəkmək onlar üçün statuslarının itirilməsi deməkdir. Müstəqil siyasət aparmaq üçün zəmin yaradan vacib amillər cəsarət, ədalətli mövqe, müvafiq potensial, doğru strategiya və ən əsası xalqın dəstəyidir. Bütün sadalanmış amillər Prezident İlham Əliyevin siyasətini xarakterizə edən əsas meyarlardır. Qeyd olunan kontekstdə dövlət başçısının növbəti sözləri əlamətdar xarakter daşıyır: “Müstəqil ölkə kimi Azərbaycan bu gün də müstəqil siyasət aparır. Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır”. Odur ki, müstəqil siyasətimiz, habelə bu siyasəti aparmaq üçün sahib olduğumuz iradə və potensial, heç şübhəsiz, bəzilərində qıcıq yaradır.

Səbəb 2. Prezident İlham Əliyev bir çox məsələlərdə olduğu kimi, ölkəmizə qarşı tətbiq olunan və ümumiyyətlə, beynəlxalq münasibətlər sistemində tüğyan edən “ikili standartlar” siyasətinə qarşı hər zaman prinsipial mövqe sərgiləyir. Burada bəzi hadisələri və dövlət başçısının beynəlxalq tədbirlər zamanı səsləndirdiyi müvafiq fikirləri xatırlatsaq biz çəkinmədən deyə bilərik ki, Prezident İlham Əliyev müasir beynəlxalq münasibətlər sistemində “ikili standartlar” siyasətinə qarşı çıxış edən ölkələr arasında əsas sima və liderlərdən biridir.

Mövcud kontekstdə əlamətdar sitat kimi Prezidentin növbəti fikirləri qeyd oluna bilər: "Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır”. Unutmayaq ki, “ikili standartlar” siyasətinin tənqid olunması bilavasitə beynəlxalq təşkilatların fəaliyyətlərinin obyektivliyini sual altına qoyur. Odur ki, mövcud istiqamətdə bu cür prinsipial mövqe sərgiləyən dövlət beynəlxalq təşkilatları narahat etməyə bilməz.

Səbəb 3. Azərbaycan beynəlxalq münasibətlər sistemində müşahidə olunan neqativ tendensiyaları heç nədən və heç kəsdən çəkinmədən hər zaman açıq şəkildə tənqid edib. COVID-19 epidemiyası zamanı məhz Azərbaycanın tənqidləri və fəal mövqeyi bəzi ölkələri çox narahat etmiş, habelə onların beynəlxalq nüfuzlarına da təsir etmişdir. Bu mənada Prezident İlham Əliyevin növbəti ədalətli fikirləri bir çox ölkələrinin narahatlığına səbəb olmuş və beynəlxalq ictimaiyyəti düşünməyə məcbur etmişdir: "Eyni zamanda, biz BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərlə bərabər və universal çıxış və peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs irəli sürdük. Biz qlobal səviyyədə "peyvənd millətçiliyi" və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkələrdənik. Bəzi ölkələr artıq peyvəndin üçüncü dozasının tətbiqini planlaşdırır. Digər ölkələrdə isə vaksinasiyanın səviyyəsi aşağıdır. Beləliklə, biz bərabər imkanların yaradılması üçün bu məsələni müzakirə etməliyik”. Burada onu da xatırladaq ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 30-dan artıq ölkəyə maliyyə yardımı və humanitar yardım etmiş və yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə dəstəyi vermişdir. Təbii ki, bu cür yanaşma və təşəbbüslər Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki statusunu əsaslı şəkildə artırır.

Səbəb 4. Heç kim üçün artıq sirr deyil ki, islamofobiya bəzi ölkələrin qlobal geosiyasətlərinin əsas alətlərindən biridir. Məhz islamofobiya vasitəsilə müvafiq manipulyasiyalar həyata keçirilir və xalqların ictimai şüurunda qərəzli stereotiplər formalaşdırılır. Bəli, təəssüf ki, insanların inancları və dini baxışları hələ də siyasi alət kimi istifadə olunmaqdadır. Beynəlxalq münasibətlər sistemində qeyd olunan tendensiyaları açıq şəkildə tənqid edən lider yenə də məhz Prezident İlham Əliyevdir. Sitat: “Azərbaycan islamofobiya və İslamı terrorçuluqla əlaqələndirmə əleyhinə ən fəal mübarizə aparan ölkələrdəndir... Eyni zamanda, gərginliyin azaldılması üçün bizim İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təsisatlar arasında əlaqələndirməyə ehtiyacımız var”. Dövlət başçısının bu cür yanaşması sadəcə ədalətli deyil, bu, eyni zamanda, mərd yanaşmadır.

Səbəb 5. Yəqin ki, cəmi bir neçə il öncə beynəlxalq mətbuat vasitəsilə “dünyada multikulturalizm ideyalarının böhranı dövrü yaşanır” kimi fikirlərin olduqca aktiv şəkildə tirajlanmasını hər kəs çox gözəl xatırlayır. Onu da xatırladaq ki, dünyanın siyasi xəritəsindəki müxtəlif bölgələrdə münaqişələrin sayının kəskin şəkildə artması da məhz elə həmin dövrə təsadüf edir. Əlbəttə ki, bu paralellik təsadüfi deyil. Elə təqribən həmin dövrdən etibarən də bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə beynəlxalq münasibətlər sistemində multikulturalizm prinsip və ideyaları aktiv şəkildə təbliğ olunmağa başlanmışdır.

Bütün təfərrüatlara varmadan sadəcə onu qeyd edə bilərik ki, görülmüş çoxsaylı işlərin nəticəsində bir çox ölkələrin liderləri, tanınmış siyasətçilər və beynəlxalq təşkilatların rəhbərləri tərəfindən Azərbaycan dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınır. Mövcud kontekstdə Prezident İlham Əliyevin növbəti fikri xüsusi əhəmiyyətə malikdir: “Dünyada multikulturalizmin alternativi yoxdur... Mən hesab edirəm ki, multikulturalizmin alternativi ksenofobiyadır, ayrı-seçkilikdir, irqçilikdir, islamofobiyadır, antisemitizmdir”. Beləliklə, biz bir daha onun şahidi olduq ki, dünyada sülhü arzulayan, bu istiqamətdə konkret addımlar atan, humanitar çağırışlarla çıxış edən tərəf özünü “super güc” hesab edən hansısa bir ölkə yox, məhz Azərbaycan oldu.

Səbəb 6. Beynəlxalq münasibətlər sisteminin fəal və müstəqil subyekti kimi Azərbaycan davamlı olaraq dünyada müşahidə edilən mənfi tendensiyaları daim tənqid edib. Bu mənada Prezident İlham Əliyevin növbəti fikirlərini qeyd edə bilərik: “Həmçinin Azərbaycan sədrliyi (Qoşulmama Hərəkatı) dövründə dekolonizasiya gündəliyinə xüsusi diqqət ayırmışdı. Biz bəzi ölkələr, xüsusilə də Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmiş, bu utancverici praktikaya son qoyulması tələbini səsləndirmişik”. Əlbəttə ki, dövlət başçısının neokolonializm siyasətini bu cür açıq şəkildə tənqid edən fikirləri bir çox dövlətləri düşündürəcək və hətta onların narahatlığına səbəb olacaq.

Səbəb 7. Artıq heç kim üçün sirr deyil ki, dünyada yaşanan bir çox problemin əsas səbəblərindən biri bəzi ölkələr tərəfindən tətbiq olunan ayrı-seçkilikdir. Əslində “ikili standartlar” siyasətinin də ideoloji mənbəyi və metodoloji bazası da məhz ayrı-seçkilikdir. Qeyd olunanlar müstəvisində Prezident İlham Əliyevin “ayırıcı xətlər” ilə əlaqədar növbəti tənqidi fikirləri beynəlxalq münasibətlər sistemi üçün xüsusi əhəmiyyət kəsb edir: “Biz hətta cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayırıcı xətləri açıq-aydın görürük”. Odur ki, Prezident İlham Əliyevin mövcud istiqamətdəki müasir beynəlxalq münasibətlərin özəl xüsusiyyətlərini ifşa edən fikirləri də bəzilərini narahat etməyə bilməz.

Səbəb 8. Mütəxəssislər, xüsusən də tarixçilər çox gözəl bilirlər ki, demonizasiya konkret ölkələrə qarşı istifadə olunan ideoloji mübarizə alətlərindən biridir. Bu alət yenə də məhz “super güclər” tərəfindən istifadə olunur. Burada Prezident İlham Əliyevin növbəti fikirlərinin yada salınması yerinə düşərdi: “Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir”. Əlbəttə ki, dövlət başçısının bu fikirləri rahat “həzm” oluna bilməz. Beynəlxalq təşkilatlar və konkret ölkələr Prezident İlham Əliyevin səsləndirdiyi bu cür ifşaedici fikirləri eşitməyə hələ hazır deyillər.

Səbəb 9. Prezident İlham Əliyev bütün çətinliklərə rəğmən daim özünün islahatlar kursuna sadiq olub. Prezidentliyin ilk illərindən etibarən ölkəmizdə ictimai-siyasi münasibətlərin bütün sahələrini əhatə edən sistemli islahatlar aparılır. Biz dəfələrlə onun şahidi olmuşuq ki, müxtəlif qərəzli tənqidlər vasitəsilə Prezident İlham Əliyevi bu islahatlardan yayındırmağa çalışıblar. Bu məqamda dövlətimizin başçısının növbəti sözlərini xatırladaq: “Ölkədə aparılan, dərinləşən siyasi və iqtisadi islahatlar bu gün Azərbaycanı çox güclü bir ölkə kimi, regional dövlət kimi artıq dünyaya təqdim edir”. Bəzi ölkələri narahat edən amil də məhz elə budur. Hər bir islahat daha təkmil idarəetmə formasının axtarışıdır. Bütün bunlar dəyişikliklərdən qorxan mühafizəkar Avropanı ona görə narahat edir ki, hər bir islahat konkret sahənin və ümumiyyətlə ölkəmizin özünəməxsus müstəqil inkişaf yolunu müəyyən edir. Bu amil isə kollektiv Qərbin ölkəmizi öz təsir altına salmaq istəklərini mümkünsüz edir.

Səbəb 10. Son üç ildə müşahidə olunan bəzi tendensiyaları nəzərə alaraq, ehtimal edə bilərik ki, iddialı ölkələrdə ən çox qıcıq yaradan və sözün əsl mənasında qısqanclığa səbəb olan əsas amil məhz bizim şanlı Zəfərimiz və bu tarixi Qələbə nəticəsində yaranmış yeni reallıqdır. Bu mənada Prezident İlham Əliyevin növbəti əlamətdar ifadəsini xatırlamaq yerinə düşər: “Biz yeni reallıq yaratmışıq, hesablaşın”. Dövlət başçısının bu sözləri Azərbaycan ilə aparılması mümkün olan münasibətin paradiqmasını, eləcə də ölkəmizin beynəlxalq münasibətlər sistemində yeni statusunu konkret şəkildə müəyyən edir. Onu da unutmayaq ki, qazanılan Qələbə sayəsində Prezident İlham Əliyev dünyada bir lider olaraq digər dövlət başçılarından seçilir. Ölkə başçısı artıq Müzəffər Ali Baş Komandan kimi Qalib Xalqın Qalib Lideridir. Əlbəttə ki, sözügedən amil bir çox dövlət başçılarını qısqandırmaya bilməz.

Səbəb 11. Vaxtaşırı hamımız, sözün əsl mənasında, çirkin və qərəz dolu, əsassız tənqidlərə şahidlik etmək məcburiyyətində qalırıq. Şübhəsiz ki, yaramaz tənqidlər sifarişlidir və onların tək bir hədəfi var – siyasi sabitliyin və həmrəylik mühitinin pozulması. Xatırladaq ki, Qərbin “kirli” siyasi texnologiyalarının strateji hədəfi məhz sabitliyin pozulması və “rəngli” inqilablar üçün münbit şəraitin yaradılmasıdır. Həmin texnologiya və məkrli niyyətlərə qarşı dövlətin təbii immuniteti cəmiyyətdə yaşanan həmrəylik mühitidir. Bu mənada bütün tənqidlərə rəğmən siyasi münasibətlərdə israrla dialoq mühitini təşviq edən Prezident İlham Əliyev yenə də Qərbi məyus edir. Prezidentin: “Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var” kimi fikirləri Qərbin “kirli” siyasi texnologiyalarını tərk-silah edir.

Yuxarıda qeyd olunmuş fikirlər müstəvisində Prezident İlham Əliyevin bu il fevralın 14-də andiçmə mərasimində səsləndirdiyi növbəti fikrinin mahiyyəti və özündə ehtiva etdiyi mesajların ünvanları bizə daha aydın olur: “Biz, - İkinci Qarabağ müharibəsi zamanı və antiterror tədbirləri zamanı mən bunu artıq demişdim, - sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik”. Azərbaycan vətəndaşı bütün bu həqiqətləri bilməlidir. Odur ki, yuxarıda sadaladığımız səbəblər ölkəmizdə yaşanan həmrəylik və sabitlik mühitinin göz bəbəyi kimi qorunmasını labüd edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR