İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsəbləşdirən göyərti

Rusiyalı alimlərin araşdırmasına görə, əsəbləri sakitləşdirən göyərti tapılıbdır. Bu haqda mən qəzetimizdə oxudum. Ən çox oxunan xəbərlər sırasında ilk yerdə gəlirdi.

Açığı, bir az da sevindim. Ki, uca millətimizin Türkiyədə ana müxalifətin namizədinin, İstanbul merinin həbsi, Ukraynada müharibə, Tramp-Putin danışıqları, falan-filan heç vecinə deyildir, bütün bunların boş şey olduğunu dərk edərək artıq nirvana, vəhdətül-vəcd vəziyyətinə çatmışıq və əsəbləri sakitləşdirən göyərti temasına keçmişik. Sufizmdə insanın Tanrıya çatması üçün mərhələlər məhz bu şəkildə göstərilir: şəriət, təriqət, mərifət və həqiqət. Ən axırıncısı həqiqətdir. Ona çox az adam çatır. Dünən mən saytda “Bu göyərti əsəbləri sakitləşdirir” başlığına varid olanda artıq 5589 zəhmətkeşimiz həqiqətə çatmışdı. Mənimlə 5590 oldu.

Atalar demişkən, səksən, doxsan, bir gün varsan, bir gün yoxsan. Yox, bu başqa mövzunun məsəli idi, səhvən düşdü, ancaq silmirəm, qalsın. Bəlkə kiminsə işinə yaradı - ata sözləri üçün bayram endirimi edirik.

Nə başınızı ağrıdım, materialı oxudum və agah oldu ki, insanın əsəblərini sakitləşdirən göyərti reyhan imiş.

Ancaq görəsən, həmin alimlərin reyhanın bir dəstəsinin dükan-bazarda qiymətindən xəbəri vardırmı? Məsələn, mən son dəfə görəndə 25 qəpik idi. Özü də yekə-yekə “dəstə” yazdığıma baxmayın, əslində iki ədəd reyhan yarpağını söyüd budağı ilə bir-birinə bənd edib kamali-ədəblə piştaxtaya uzatmışdılar, arada reyhanın sonbahar (qədim türkcəmizdə yazsam, güz) yarpaqları küləkdə can verirmiş kimi qalxıb enirdi. Necə deyərlər, bu reyhanı dabaq tutmuş danaya versən yeməzdi, lakin bizim üçün satışa qoyulmuşdu.

Sözümün canı odur ki, həmin reyhanı görəndə mən əsəbləşdim, bunu alıb yeyən insan nə günə düşər? Niyə xalqı aldadırlar?

Bu elmi kəşfi rusiyalı alimlərin eləməyi də başqa anekdotdur. Deyən gərək, sizin prezidentin ora-bura bomba silkələməsi üzündən planetdə əsəbi korlanmayan qalmayıb, hamı oturub nüvə müharibəsini gözləyir (az qala “intizarındadır” yazmışdım), reyhan yarpağı ilə buna əlac edilməsi mümkündürmü? Mümkün deyil. Ən yüksək dozalı əsəb sakitləşdirici dərmanlar da bəşəriyətin xarab olmuş başına əlac etməz.

Baş isə çox pis xarab olub. Hegemon dövlətin birinin prezidenti kabinetində uşaq saxlayır, elə bilərsən, deputatın bağçasıdır. O birini də yuxarıda yazdım - əlinə ucuz nüvə knopkası düşüb, təsbeh kimi oynadır. Hələ biri də var, deyirlər, internetdə “panda” yazmağı qadağan edib, çünki bunun adına oxşayırmış.

Qardaş ölkəmizdəki proseslər də, açığı, ürəkaçan deyil. Çünki bu saat bütün dünya türklərinin, içində mən də olmaqla (ona görə “biz” yazmadım ki, bəlkə bunu uşağı rus sektorunda oxuyan və özünü türk saymayan yoldaşlar da oxuyacaqdır - hər kəsin seçim haqqına hörmətlə yanaşırıq), əsas dayaq nöqtəsi Türkiyədir. Türkiyə dərd görməsin. Lakin orfda siyasi-iqtisadi gərginlik artmaqdadır. Bu, bizə heç lazım deyil, hansısa dinc diskussiyalar, müzakirələr aparılmalıdır.

Üstəlik, şəxsən mənə bu saxta diplom teması çatmır. Guya böyük iş olub. Bizdə Vasif müəllim Təfəkkür Universitetinin hüquq magistri idi, yalan olmasın. Hamı da bilirdi ki, orfda dərs sıfırdır. Lakin bu, Vasif müəllimə 30 il Naxçıvan xanı işləməyə mane olmadı ki? Hələ nə qədər San-Marinonu, Beynəlxalqı-zadı qurtaranlar var. Bakıda hansı taksiyə minsən, minimum Oksfordun məzunu çıxır. Diplom çox mənasız mövzudur.

Hələ mən biləni, Türkiyənin ən yaxşı başçılarından olmuş Bülent Ecevitin, ümumiyyətlə, ali təhsil diplomu yox idi. Nə düzü, nə saxtası. Lakin bu, nə ona beş dəfə baş nazir olmağa, nə də Quzey Kıbrısa ordu yeridib adanı yunan işğalından qurtarmağa mane olmamışdı.   

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Mart 2025

BÜTÜN XƏBƏRLƏR