İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandakı top və Mariya Zaxarova, axı siz nə istəyirsiniz?!

Görünən budur ki, Rusiyanın anti-türk çibanı deşilib. Şimal qonşumuz hazırda özünü tam şəkildə İvan Krılovun “Qurd və Quzu”sundakı kimi aparır, amma əslində Qurdun adını bədnamdır, daha çox ayısayağı davranışdır...Həm də Qurd bineyi-qədimdən mərd olub, gərək heç olmasa Abbas Səhhət tərcümədə bu məqamı nəzərə alaydı...

Budur, Rusiya mətbuatı iyulun 17-də Krım körpüsünə təşkil olunan dron hücumunda da... Türkiyəyə məxsus iki mülki gəmini günahlandırır. İddia edirlər ki, körpüyə çırpılan dronlar Türkiyəyə məxsus “Xudayar Yusifzadə” gəmisi (“Palmali” şirkətinə məxsus gəmi) və “Beks Loyal” tankerindən buraxılıb. Təkcə Türkiyəyə şər atmırlar ki, Azərbaycanı da, elə Vətən şəhidi Xudayarı da, onun oxuduğu təsnifi də şərləyir şər-böhtançılar, simonyanların, solovyovların həmfikirləri.

Ukraynanın ərazisinin bir hissəsini on ilə yaxındır qəsb ediblər, qalan hissələrini qan gölünə çeviriblər, dinc sakinləri yatdığı yerdə qətlə yetirirlər, ukraynalılarıan cavab zərbəsinə görə nə qədər absurd da olsa, Türkiyəni günahlandırırlar.

1482144286_aazovvklkl.jpg (72 KB)

Türkiyənin “Azov” batalyonunun döyüşçülərini Ukraynaya qaytarmasından qəzəbləniblər, şübhəsiz. Amma təkcə budurmu? Rusiya görür ki, başı Ukrayna bataqlıqlarına batıb, ara yerdə Finlandiya NATO üzvü oldu, ardınca da İsveç gedir. Ümidi var idi ki, Türkiyə veto qoyacaq...

Kreml Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Rusiya sülhməramlıları 2025-ci ilə qədər Qarabağda müəyyən edilmiş yerlərdə qalacaq, 2025-ci ilə qədər isə onlar bu yerləri tərk edəcək”-açıqlamasından da şok keçirib, heç şübhəsiz. Cənab Ərdoğan NATO zirvəsindən sonra Rusiyanın bu razılaşmaya sadiq qalacağına inandığını vurğulamışdı. Amma Rusiya nə zaman anlaşmalara sadiqlik nümayiş etdirib ki? Bəlkə 1920-ci ilin 27 aprelində, “Osmanlı Türkiyəsinə yardıma gedirik” bəhanəsi ilə Azərbaycanı işğal edəndə sözünü tutub?..

Hələlik daha yüksək səviyyədə Türkiyəyə qarşı çıxışlar səslənmir, Mariya Zaxarova sinəsini qabağa verib. Dediklərinə diqqət edin:

editor_e81f694037d5ccd21028f767d.jpg (281 KB)

“Ankara Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının tərəfi deyil”. Rusiya XİN-in sözçüsü unudur ki, Türkiyə Azərbaycan üçün olmazsa, olmazdır, bir millətin iki dövlətindən biridir, nəhayət, Şuşa Bəyannaməsinə əsasən, Azərbaycanın suverenliyinə, təhlükəsizliyinə, ərazi bütövlüyünə təminat verən dünya lideri olan ölkədir! Odur ki, həddini və səddini bilməlidir! Bizlərdə el misalı var: kişinin qarşısına gərək kişi çıxsın! Putin dəfələrlə Türkiyə və Azərbaycan liderlərinin mərd xüsusiyyətlərindən bəhs edib. İndi Zaxarova səviyyəsində ürəkbulandıran açıqlamaların yayılması yumşaq desək, ayıb işdir...

Mariya Zaxarova onu da bildirib ki, “Cənubi Qafqazda sülhün qorunması həm Azərbaycanın, həm Ermənistanın, həm də mənə elə gəlir ki, regionların, o cümlədən Türkiyənin maraqlarına uyğundur. Bu baxımdan biz Ağdam rayonunda Rusiya-Türkiyə müştərək mərkəzi çərçivəsində türkiyəli tərəfdaşlarla mühüm qarşılıqlı əlaqəni qeyd edirik”. Soruşan lazım, hanı sənin ölkənin, onun sülhməramlılarının gətirdiyi sülh? Bəlkə rus hərbçilərin arxasından Azərbaycan əsgərlərinə atəş açanlara görə Rusiyaya təşəkkür etməliyik? Yaxud birgə mərkəz indiyədək nə töhfə verib sülhə? Füzuliyə uçan sərnişin təyyarəmizə müdaxilə cəhdinə görə bəlkə təşəkkür etməliymişik, unutmuşuq...

human-yuku.jpg (42 KB)

İstisna deyil ki, Rusiyanın anti-Türkiyə narahatlığı Türkiyə-Ermənistan sərhədində yerləşən Marqara gömrük-keçid məntəqəsində işlərin yekunlaşmaq üzrə olmasıdır. Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan konkret tarix açıqlamasa da, gömrük-keçid məntəqəsinin açılmasına hazırlıq görüldüyünü təsdiqləyib. Türkiyə və Ermənistan arasında diplomatik əlaqələrin bərpası və 1993-cü ildən bağlı olan qapıların açılması Rusiyanı çox narahat edir. Bu narahatlığı Sürix protokolları imzalanandan sonra da müşahidə etmişdik. Düzdür, o zaman torpaqlarımızın işğal altında olması səbəbindən biz daha çox narahat idik, amma Rusiyanın təzyiqləri nəticəsində Ermənistan faktiki olaraq onun üçün xilas yolu olan sənədi parlamentdə ratifikasiya etmədi. Bu gün də Marqara gömrük-keçid məntəqəsinin açılmasını Rusiya Ermənistanın Moskvadan uzaqlaşması, NATO-nun təsir dairəsinə düşməsinin ilkin işartısı kimi qəbul edir.

Buyurun, Zaxarova səviyyəsində ermənilərin könlünün açılmasına cəhdlər edilir: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan-Azərbaycan sərhədində missiyasının yerləşdirilməsi “vəziyyətin sabitləşməsinə töhfə verərdi. Qarabağ KTMT-nin məsuliyyət zonasına daxil deyil. Eyni zamanda, təşkilatın missiyasının Ermənistanda yerləşdirilməsi Ermənistan-Azərbaycan sərhədindəki “vəziyyətin sabitləşməsinə mühüm töhfə verərdi”. Top Ermənistan tərəfindədir”. Beləcə, hər dəfə Ermənistan Türkiyəyə, yaxud Avropaya, Amerikaya istiqamət götürəndə Rusiya şirnikləndirici addımlar atır. Məqsəd şərti sərhədə “Rus NATO”sunu yerləşdirmək, həm də Qarabağda yeni toqquşmalara rəvac vermək, hərbi kontingentin ömrünü daha 5 il uzatmaqdır, şübhəsiz...

425493607_0030721728_1920x0_80_0 (2).jpg (301 KB)

Faktiki olaraq Rusiya bölgədə gərginliyi tətikləyir, sülhməramlı missiyadan bəhs etdiyi halda, aranı qızışdırmağa çalışır. Ukrayna ilə bağlı Taxıl sazişindən çıxmaqla milyonların taleyi ilə oynayan Moskva vaxtaşırı yersiz şəkildə Laçın yolu ilə bağlı yersiz bəyanatlar səsləndirir. Sənin nə işinə qalıb, mən sərhəd qapısını hardan qoyuram, açıq saxlayıram, yoxsa bağlayıram?! Məgər Rusiyaya kimsə deyirmi ki, niyə filan ölkə ilə sərhəd qapısını taybatay açıq qoymamısan? Diqqət edin, bir tərəfdən Türkiyə-Ermənistan sərhəd qapısının açılmasından əndişələnir, digər tərəfdən də Laçın sərhəd qapısında qayda-qanunun yaradılmasından narahat olur. Niyə? Daha erməni silahlılarını və Ermənistan istehsalı olan minaları Qarabağa sərbəst daşıya bilmədiyi üçünmü?!

Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi, səfir Rövşən Sadıqbəyli qurumun Daimi Şurasının iclasında Ermənistan XİN rəhbərinə cavabında belə deyib: “Sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradıldığı tarixdən - aprelin 23-dən indiyədək Ermənistan tərəfinin onları bu keçiddən istifadədən çəkindirmək üçün apardığı cəhdlərə və yalan təbliğata baxmayaraq, 1927 nəfər buraxılış məntəqəsindən istifadə edərək sərhədi keçib”.

Bunu rus hərbçilər də sayıblar sözsüz ki...Qarabağda 25-30 min erməni yaşayırsa, bunun 2 minə yaxını təkcə üç ayda Ermənistana gedibsə, daha Zaxarovanın Rusiyası nə istəyir?

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR