Onlayn ictimai-siyasi qəzet
Adətən şam tam əriyib sönməmişdən qabaq son dəfə parlaq yanır. İndi “miatsum”dan ağzı-burnu yanan erməni revanşistlər də. Əfsus ki, qonşu toplumda ultra-radikal ovqat güclü olaraq qalır. Üstəgəl, Fransa və ABŞ-dakı imkanlı lobbi əlindən gələni edir ki, Türkə “nifrət qazanı” daima qaynasın. Bölgəmizdə sülh, sakitlik, xalqlar arasında barışıq və mehribançılıq heç vaxt mümkün olmasın. Qonşularla dava-dalaş, qırğın bitməsin, Ermənistan xarici güclərin əlində maşa, alət olsun.
Təəssüf, hələ ki, buna nail olurlar. Çünki iyrənc Njde ideologiyasından, faşist düşüncə tərzindən bezib yorulan və çıxış yolu axtaran zavallı ermənilərin də “saqqızını” oğurlaya bilirlər. Bundan ötrü cəhənnəmlik olmuş “Böyük Ermənistan” və onun əsas tərkib elementi kimi “artsax” mövzusunu gündəmdə saxlamaq bəs edir...
Misal üçün, Qarabağdakı oyuncaq rejimin qondarma “dövlət naziri” olmuş Artak Beqlaryan utanmazcasına Paşinyan hökumətini ittiham edir ki, niyə Qarabağdan erməni köçü ilə bağlı matəm elan eləməyib. “500 insanın öldüyü (Xankəndi yaxınlığında benzin çəninin partlaması nəzərdə tutulur – Z.S.) böyük faciə, üstəgəl, “artsax”ın itirilməsi milli matəm üçün səbəb deyil?”, - separatçı qırığı hakimiyyətə sual edib və onu Qarabağ ermənilərinə ögey münasibətdə suçlayıb.
Halbuki Qarabağ ermənilərinə az-çox qayğını elə Paşinyan hökuməti göstərir, nəinki beqlaryanlar. Sonuncuların tək hədəfi məlum: soydaşlarını təzədən kollektiv faciəyə tuş eləmək. Görəsən bunca müsibətlər və məhrumiyyətlərdən, qanunsuz rejimin özünü tragikomik şəkildə buraxmasından sonra da erməni tərəfin özünü necə aparmalı olduğu aydın deyil?..
Yaxud belə bir fakt. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç İrəvandan sonra iki gündür Bakıda səfərdədir. Dünən o, Qərbi Azərbaycan İcmasının rəhbərliyi, Ermənistandan olan qaçqınlarla görüşüb, onların şikayətlərini dinləyib. Soydaşlarımızın taleyinə İrəvanın biganəliyi ilə bağlı haqlı iradlara qulaq asıb. İcma nümayəndələri onun diqqətini həm də buna yönəldiblər ki, Ermənistan azərbaycanlıları qovmaqla, onların geri qayıtmasına mane olmaqla beynəlxalq hüququ, Avropa İnsan Hüquqları Konvensiyasını kobud şəkildə pozur.
Miyatoviç isə azərbaycanlı qaçqınların geri qayıtmaq hüququnun vacibliyini anladığını qeyd edərək bildirib ki, bu problemin həlli siyasi iradə tələb edir. O, regiona səfərinin məqsədləri barədə danışıb və qaldırılan məsələlərin həlli ilə öz səlahiyyətləri çərçivəsində məşğul olacağına söz verib.
“Azərbaycanşünas” ekspert Tatevik Ayrapetyan isə görün həmin görüşlə bağlı nə sarsaqlayıb. Sitat: “İndi bu nə demək? Avropa Şurası İlham Əliyevin birbaşa göstərişi ilə yaradılmış və Azərbaycanın Ermənistana ərazi iddiasını təmsil edən bu hökumət strukturunun nümayəndələrini necə qəbul edə bilər?”
30 ildən çox beynəlxalq hüquq yadına düşməyən işğalçı bir ölkənin nümayəndəsi Ayrapetyan ardınca tələb edib ki, Ermənistan XİN həmin görüşlə bağlı təcili nota verməlidir. “Belə görüşlər Ermənistana qarşı ərazi ambisiyalarının əsaslandırılması kimi qiymətləndirməli və qarşısı alınmalıdır”, - “azərbaycanşünas” çərənləyib...
Axmaq axçi. Bəs nə xəyal eləmişdiniz, Azərbaycanda rahatca erməni etnos yaşaya, hətta on illərlə dağıdıcı separatçılıqla məşğul ola bilər, amma Qərbi azərbaycanlılar zorla çıxarıldıqları dədə-baba torpaqlarından danışmaq hüququna da malik ola bilməz?!
Ayrapetyan əlbəttə, gözünün içinə kimi yalan danışır. İcma Ermənistana ərazi iddiası üçün yaradılmayıb. Əzəli Türk yurdu olmasına rəğmən, bizim “Ermənistan” adlı saxta dövlətdə gözümüz yox. Bu, ən yüksək səviyyədə, dönə-dönə bəyan edilib. Qurumun nizamnaməsində də təbii ki, belə şey yoxdur. Yəqin ki, Myatoviç də oxuyub.
Əksinə, nə qədər gec deyil, siz gedin öncə Ermənistanın indiki konstitusiyasını dəyişin. Harada ki, (preambula hissəsi) keçmiş DQMV Ermənistan ərazisi kimi göstərilir! Torpaq iddiası bax, belə olur! Yeri gəlmişkən, Azərbaycan təzminat davasında yəqin ki, bu faktdan da yararlanacaq.
Nota-motaya gəlincə, it hürər, karvan keçər. Qoy haylar qulaqlarında sırğa eləsinlər, bundan sonra belə olacaq: qaçqın soydaşlarımıza Ermənistan, onun cəmiyyəti hansı münasibəti göstərəcəksə, Azərbaycan da eyni yanaşmanı Qarabağa qayıtmaq istəyən ermənilərə layiq biləcək. Nə az nə çox - 50:50-yə!
Nəhayət, “Dəmir yumruq”un yaratdığı təzə dönəmə öyrəşmək lazımdır, cənab “Qafqaz qaraçıları”! Bir də Meşəli canisi Vaqif Xaçatryan kimi Azərbaycan xalqından üzr istəmək, tövbə eləmək, Ermənistanda bəşəriyyətə təhqir olan bütün abidə-kompleksləri (Njde, “Nemezis” və s.) sökmək. Bunlar sülh istəyən ölkənin və xalqın minimum etməli olduğu. Hökmən gərək Nürnberq məhkəməsi qurulsun?..
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ