İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan yenə rəzil oldu - 100 minlik yalan, BMT şilləsi və...  

“Laçın” postundan keçən ermənilərin o taydan ilk təəssürat videoları yayılıb. Gözlənildiyinin əksinə olaraq, Qarabağın erməni sakinləri əleyhimizə, demək olar, pis bir şey söyləməyiblər. Sərhədçilərimizin onlarla mədəni, nəzakətlə davrandığını, təhqiramiz, hədələyici ifadələr işlətmədiklərini, təzyiq göstərmədiklərini bildiriblər.

Beləcə, nə qədər qəribə də görünsə, ünvanımıza faktiki xoşagəlməz sözlər deyilməyib. Səbəb iki ola bilər: 1. Ola bilsin onlar Ermənistana könülsüz köçüblər və ona görə separatçı-xuntaçılardan, səbəbkarlardan bu şəkildə narazılıq ifadə edirlər – gerçəyi söyləməklə. 2. İstisna deyil ki, nə vaxtsa Qarabağa qayıdacaqlarını göz önünə alaraq, öz əleyhlərinə işlənəcək böhtan xarakterli açıqlamalardan çəkiniblər.

Bütün hallarda ermənilərin video-təəssüratları azərbaycanlı jurnalistlərin postumuzda çəkdikləri çoxsaylı videoları tamamlayır və təbliğat savaşında bizim işimizə əməllicə yarayacaq. İlk növbədə də İrəvan rəsmilərinin Azərbaycana qarşı etnik təmizləmə iddiasını daha kəsərsiz eləmək üçün...

Yeri gəlmişkən, Ermənistan artıq utanmazcasına etnik diskriminasiya iddiası ilə BMT Ədalət Məhkəməsinə (BƏM) Azərbaycandan şikayət göndərib. Ancaq düşünmürük ki, “daşdan keçən” N sayda əks-dəlillərin fonunda belə cəhdlərin ciddi nəticəsi olsun. Böyük ehtimalla, balanslı qərar çıxarılacaq, Azərbaycanı mifik “soyqırımı”nda suçlamaq mümkün olmayacaq. Çünki soyqırımı, etnik təmizləmə belə olmur. Bu soyqırımıdırsa, onda Xocalıda törədilənlər nə idi bəs?

Müxtəsəri, Ermənistan qapıbir qonşu Azərbaycan və Türkiyə ilə təcili barışmaq, düşmənçiliyə son vermək, öz xalqını inkişaf yoluna çıxarmaq əvəzinə, yenə özünüifşa, özünü və xalqını aldatma yolunu tutub. Amma elə ermənilərin öz dili ilə ifşa olunmaqdadır...

Üstəlik, İrəvan rəsmilərinin rəqəm saxtakarlığı da davam edir. Paşinyan hökuməti bu gün bəyan edib ki, guya Qarabağı artıq 100 mindən çox erməni tərk edib (100 4i7). Gerçək göstərici isə əlbəttə ki, “Laçın” postundan veriləcək. Haylara qalsa, onların meyitləri də doğub-törəyir. Necə ki, Osmanlı İmperiyasında məlum hadisələr zamanı ölən ermənilərin sayının (300 min) bir əsrdə 5 dəfə böyüdərək 1.5 milyona çatdırıblar.

Qarabağda gedənlərin sayını da bir azdan 200 min elan etsələr, təəccüblənmərik. Amma yəqin ki, 120 mində dayanacaqlar. Nədən ki, “blokada” şousu zamanı da bu rəqəmdən istifadə ediblər. Hərgah, 44 günlük müharibədən sonra Qarabağda qat-qat az erməni yaşayıb. Demək, sərhədçilərimizin açıqlayacağı yekun rəqəmlə (gerçəklə) erməni rəsmilərin yalanı arasında təzad qaçılmazdır.

Şəkk-şübhə yox ki, şişirtmə rəqəm İrəvana həm də BƏM-də bizə qarşı istifadə eləmək, Qarabağda bircə erməninin qalmadığı, Bakının reinteqrasiya siyasətinin guya iflas olduğunu dünyaya göstərmək, bir də ağlaşma qurub ABŞ və Avropadan daha çox humanitar yardım qoparmaq üçün gərəkdir...

Və sonda. Erməni tərəfinin “soyqırımı” yalanına BMT-dən şillə kimi reaksiya gəlib. Özü də qurumun Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi Kavita Belanidən. Cenevrə ofisinin həftəlik mətbuat konfransında onlayn çıxışı zamanı o bildirib ki, BMT Azərbaycanın Qarabağ bölgəsini öz istəkləri ilə tərk edərək Ermənistana köçən erməni sakinlərə qarşı pis rəftarla bağlı heç bir fakt qeydə almayıb.

“Bilirəm ki, indiyədək heç bir insident, pis rəftar halları ilə bağlı fakt yoxdur. Bu, uzun yoldur, tıxaclar insanlar üçün çətinlik yaradır. Lakin azərbaycanlılar tərəfindən pis rəftar halları qeydə alınmayıb”, - Belani qeyd edib.

Əla. İfşa prosesi isə davam edəcək. Çünki haqq nazilər, üzülməz. İndi XIX əsr deyil. Bayırda 2023-cü ildir, internet əsridir. İndi ənənəvi “palazqulaq” erməni yalanlarını dünyaya sırımaq mümkünsüz. İllah da etnik təmizləmə nəticəsində monoetnik ölkəyə çevrilmiş Ermənistanın həyasızcasına qonşusunu törətmədiyi “soyqırımı”, “etnik təmizləmə” kimi bəşəriyyət əleyhinə cinayətlərdə ittiham eləməsi...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR