İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Vedi su anbarının tikintisinə başlayıb: Araz çayı susuz qalacaq - Növbəti fəlakət

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Fransanın Avropa və xarici işlər naziri Stefan Sejournet Vedi su anbarının tikinti sahəsinə birgə səfər ediblər.

Layihə Fransa İnkişaf Agentliyinin maliyyə dəstəyi və Ermənistan hökumətinin birgə maliyyələşdirilməsi ilə həyata keçirilir. Ararat Mirzoyan bildirib ki, Ermənistan və Fransa arasında tərəfdaşlıq bütün istiqamətlərdə fəal inkişaf edir.

Musavat.com xəbər verir ki, anbarın tutumu 32 milyon kubmetrdir. Bu layihənin icrası üçün Fransa İnkişaf Agentliyi Ermənistana 20 milyon avro kredit verib.

Səid Səfərov qlobal istiləşmənin təhlükələrindən danışıb

Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bildirib ki, Vedi çayının transsərhəd çayı olan Arazı qidalandıran əsas mənbələrdən biri olduğunu nəzərə alsaq, belə bir layihənin icrası regionun su təhlükəsizliyi üçün risk yaradır.

Onun sözlərinə görə, xüsusən anbarın doldurulması zamanı Araz çayında suyun kəskin azalması müşahidə edilə bilər: "Anbarın su tutumu kifayət qədər böyükdür. Bu səbəbdən Arazın həm hidroloji rejiminə, həm də ekoloji vəziyyətinə mənfi təsir göstərəcək. Həmçinin digər region ölkələri kimi Azərbaycana axan içməli su azalacaq, su qıtlığı təhlükəsi artacaq. Bununla bağlı təbii ki, beynəlxalq təşkilatlara müraciət etmək olar, lakin baxan yoxdur. Bildiyiniz kimi, Ermənistanın işğaldan azad olunan ərazilərimizdəki çaylarımızı zəhərləməsi ilə bağlı daha öncə müxtəlif qurumlara müraciət olunmuşdu. Heç bir nəticəsi olmadı. Bu gün beynəlxalq qanunlar işləmir. Digər tərəfdən də İran Qaraçay üzərində xeyli bəndlər tikib. Bu da çayın hidroloji rejiminə xeyli zərər vurur".

Çingiz İsmayılov: “Ekologiya sahəsində boşluqlar çoxdur” Pravda.az

Bakı Dövlət Universitetinin professoru, coğrafiya elmləri doktoru Çingiz İsmayılov isə Musavat.com-a açıqlamasında bildirib ki, transsərhəd çayların su ehtiyatlarının idarə edilməsi dövlətlərarası razılaşma əsasında olmalıdır:

“Biz Samur çayı ilə bağlı Rusiya ilə razılaşma əldə etmişik. Ölkələrin hansı həcmdə su götürməsi müəyyən olunub. Kür çayı ilə bağlı da Ermənistan və Gürcüstanla belə razılaşma olmalıdır.  Ancaq belə razılaşma yoxdur. Gürcülər bundan yayınır, sənədi imzalamaq istəmirlər. Ermənistanla təbii resurslar, o cümlədən transsərhəd çaylarla bağlı hələ ki heç bir razılaşma yoxdur. Ancaq beynəlxalq konvensiyalar və qanunlar var.  Bir neçə ölkədən keçən çayların suları razılaşma əsasında tənzimlənməlidir. Bir çayın mənbəyində və ya hər hansısa bir hissəsində su anbarı yaradılırsa, suyun həcminə təsir edir.

Sovet vaxtı Sərsəng su anbarı yaradılanda onun suyundan düzən yerlərində suvarmada istifadə olunurdu. Ermənilər torpaqlarımızı işğal edəndən sonra anbarın suyunu kəsdilər və aşağı bölgələrimizdə quraqlıq prosesi artdı. Suvarmada su çatışmırdı. COP 29- sammitində transsərhəd çaylardan istifadə qaydası ilə bağlı  məsələni qaldırmaq lazımdır. Çünki qaydalara əməl edilməsə, Araz çayının aşağı hissələrində quraqlıq başlaya bilər. Beynəlxalq hüquq normalarına söykənərək su ehtiyatlarının istifadəsinə dair bu məsələni işıqlandırmaq çox vacibdir”.

Professor bildirib ki, ermənilər tərəfindən Araz çayı və onun qollarına daim tullantılar, sənaye müəssislərindən çirkab suları, normadan artıq ağır metallarla zəngin su axıdılır: “Əlbəttə ki, bu istiqamətdə monitorinqlər aparılmalıdırlar. Bizdə bir şey olanda ermənilər hər yerə car çəkirlər. Biz də bunu etməliyik”.

Qeyd edək ki, otuzillik işğal dövründə Ermənistan Azərbaycana qarşı geniş miqyasda beynəlxalq cinayətlər törədib. Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində törətdiyi ağır cinayətlər sırasında ekoloji cinayətlərin də sayı kifayət qədər çoxdur.

Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 70 faizi qonşu ölkələrdə formalaşıb, transsərhəd su axınları hesabınadır. Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalan çaydır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, sanki sənaye tullantılarının kollektoru rolunu oynayır.

Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Araz çayı Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə mənfi təsirlərə yol aça bilər.

Təəssüf ki, çayların böyük bir hissəsinin Azərbaycan ərazisinə axdığı Ermənistan hələ də Transsərhəd Su hövzlərinə dair Helsinki Konvensiyasına qoşulmayıb. 1992-ci ildə Helsinki (Finlandiya) şəhərində qəbul edilmiş bu beynəlxalq sənəd transsərhəd səth və yeraltı sularının ekoloji cəhətdən etibarlı idarə olunmasına və qorunmasına yönəlmiş milli tədbirlərin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün bir mexanizm rolunu oynayır.

Qeyd edək ki, Araz çayının sol qolu olan Oxçuçay çayının uzunluğu 83 km, sahəsi 1,175 km2-dir. Mənbəyini Zəngəzur silsiləsinin Qapıcıq dağından (3285 m) götürür. Çayın böyük hissəsi Ermənistanın Sünik bölgəsində (Azərbaycanın Zəngəzur adlanan tarixi bölgəsidir) yerləşir, aşağı məcrası erməni işğalından azad edilmiş Zəngilan rayonu ərazisindən axaraq Araz çayına tökülür. Əsas axınını qar (46%), yağış (10%) və yeraltı (44%) sular formalaşdırır. Orta illik su axını 10 m3/san, orta illik həcmi 315 milyon m3-dir. İllik axının 40% -i yaz dövründə, 43% -i yayda, 10% -i payızda, 7% -i qış mövsümündə formalaşır.

Şahanə Rəhimli

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR