İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan sərhəddə ABŞ puluna zavod tikməkdən vaz keçir - Azərbaycanın tələbi...

Ermənistanın bütün ekoloji normalara və konvensiyalara zidd olaraq ABŞ sərmayəsi hesabına Naxçıvanla sərhəddə metallurgiya zavodu tikmək arzusu, deyəsən, fiasko olacaq.

Qeyd edək ki, Azərbaycan həm rəsmi səviyyədə, həm də QHT-lər səviyyəsində buna etiraz olaraq müvafiq beynəlxalq instansiyalara dərhal müraciətlər ünvalanmışdı. Erməni tərəfi isə israr edirdi ki, heç bir beynəlxalq konvensiya və öhdəliyi guya pozmayıb. Üstəlik, məsələni siyasiləşdirmək və ABŞ-Azərbaycan müstəvisinə keçirmək üçün tikinti ərazisində Ermənistan və Birləşmiş Ştatların bayraqlarını yan-yana asmışdılar. Amma, görünür, bu da kömək olmayıb.

Onu da qeyd edək ki, zavodun məhz indiki ərazidə inşası həm də Kərki kəndinin Azərbaycana qaytarılmasını qeyri-mümkün etmək niyyəti güdür(dü).

“Yerasxda tikilən erməni-amerikan metallurgiya zavodu tezliklə başqa, daha təhlükəsiz yerə köçürülə bilər”.

“Yeni Müsavat” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a məlumatlı mənbələrdən bildirilib. Ən çox ehtimal olunan variant kimi isə Ararat şəhəri ilə bitişik ərazi hesab olunur. “Zavod rəhbərliyi bizimlə söhbətində məlumatı nə təkzib, nə də təsdiq etdi. Əvvəllər bu variant müəssisənin sahibi olan GTB holdinqin direktoru tərəfindən təkzib edilmişdi. İyunun 13-dən Azərbaycan Silahlı Qüvvələri vaxtaşırı Yerasxdakı zavodun tikinti sahəsini atəşə tutub, insidentlərdən biri zamanı iki Hindistan vətəndaşı yaralanıb. Rəhbərlik ABŞ bayrağının asılmasının müəyyən psixoloji təsir göstərəcəyinə ümid etsə də, ondan sonra və xarici səfirlər əraziyə baş çəkəndən sonra da atəş açılma halları səngiməmişdi”, - deyə qəzet qeyd edib. GTB holdinqin direktoru Tiran Akopyan bir müddət əvvəl zavodun inşasının faktiki iflic vəziyyətə düşdüyünü, “tikinti sahəsindəki işçilərin dərhal Azərbaycan Silahlı Qüvvələrinin hədəfinə çevrildiyini” bildirmişdi. İnşa edilən metallurgiya zavodunun sahibləri Amerikanın Virtual Funding və CESI Global Investments şirkətləridir. İyulun 14-də onlar utanmazcasına Azərbaycana ünvanlı birgə bəyanatla müraciət edərək bildirmişdilər ki, “silahsız işçilər istiqamətində yenidən atəş açılacağı təqdirdə, bunu Amerika kapitalına birbaşa zərbə hesab edəcəklər”.

Əlbəttə ki, atəş məsələsi ermənilərin uydurması və şantajdır. Bəs zavodun yeri həqiqətən dəyişdirilə bilərmi və əsas hansı səbəbdən? Bəlkə ABŞ investorları nəhayət, anlayıblar ki, mübahisəli əraziyə investisiya qoymağa dəyməz?

Fikrət Yusifov: 2016-cı ilin büdcəsi: İqtisadi təlatümlər və Azərbaycan  reallıqları

Fikrət Yusifov: “Bu addımı atmaqda başlıca məqsəd...”

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a bu barədə açıqlamasında bildirdi ki, imkanları çatan bütün vasitələrlə Azərbaycana və digər qonşu ölkələrə qarşı təxribat törətmək erməni xislətinin mahiyyətindən irəli gəlir: “Bu millətin sağlam düşüncəsi olmadığı kimi, sağlam əməlləri də yoxdur. Ermənilər tarix boyu ekoloji təxribatlar törətməklə Azərbaycana ziyan vurmağa çalışıb. Sovetlər dönəmində ermənilərin ən böyük ekoloji təxribatı ”Arpa-Sevan" adlı, dəyəri milyardlarla dollarla ölçülən tunelin çəkilməsi idi. Ermənilər 1960-cı illərin əvvəlində Sovetlər İttifaqına rəhbərlik etmiş Xruşovu inandıra bilmişdilər ki, bu layihə reallaşdırılmasa, Sevan (Göyçə) gölü ekoloji fəlakətlə üz-üzə qalacaqdır. Təbii ki, bu addımı atmaqda başlıca məqsəd ilk növbədə Naxçıvanın böyük bir ərazisini susuz qoymaq idi. Lakin uzunluğu 48 kilometr olan “Arpa Sevan” tunelinin çəkilişi ermənilərin niyyətini gözlərində qoydu. Belə ki, tunelin keçdiyi ərazilərdə uran suxurlarının olması səbəbindən Arpaçaydan axıdılan su Sevan (Göyçə) gölündə ekoloji fəlakətə səbəb oldu - yəni göldə yaşayan balıqlar məhv olmağa başladı. Belə olan halda Arpaçaydan Sevan gölünə su axıdılması tamamilə dayandırıldı.

Ermənilər bundan sonra da Arpaçay üzərindəki təxribatlarını dayandırmadılar. Şərur rayonunun Gümüşlü qəsəbəsi yaxınlığında, Arpaçay üzərində Azərbaycanın Arpaçay su anbarını tikdirməkdə əsas məqsədi bu anbara yığılan su hesabına Naxçıvanın böyük bir ərazisində kənd təsərrüfatını inkişaf etdirmək, məhsul bolluğu yaratmaq idi. Lakin hər il bəlli bir zamanda göldə lazım olan həcmdə su yığmaqla bağlı problemlər yaşanır. Ermənilər öz ərazilərində güclü nasoslar vasitəsilə çayın suyunu lazım olan - olmayan yerlərə vurub, onun Arpaçay su anbarına axmasının qarşısını almağa çalışırlar. Baxın, erməni xislətinin iç üzünə - bir millət kimi nə qədər alçalmaq lazımdır ki, belə murdar əməllərə imza ata biləsən?

Bu gün Ermənistan bölgədə tək ekoloji deyil, digər bütün mümkün fəlakətlərin müəllifidir.

Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlıq haqqında yeni sazişə əsasən, energetika sahəsində əməkdaşlıq çərçivəsində Ermənistan istismar müddəti 2016-cı ildə başa çatmış Metsamor atom elektrik stansiyasını bağlamalı və təhlükəsiz şəkildə istismardan çıxarmalıdır. Lakin bütün səviyyələrdən olan tələblərə baxmayaraq, Ermənistan təhlükəli atom elektrik stansiyasının istismarını davam etdirir. Bu stansiyada Çernobıl AES-də yaşanmış fəlakətə bənzər bir fəlakətin baş verməsinin bölgə üçün nə demək olduğunu yəqin hər kəs yaxşı anlayır.

Ermənistanın Azərbaycanın ekosisteminə zərbə vurmaq cəhdləri bütün dönəmlərdə davam edib. Hazırda Ermənistan özünün dağ-mədən sənayesinin kollektoruna çevirdiyi Oxçuçay və Kür çaylarını ciddi şəkildə çirkləndirir. Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən aparılan monitorinqlərlə müəyyən edilib ki, Oxçuçayın suyunda mis-molibden birləşməsinin miqdarı 2, dəmir 4 və nikel 7 dəfə normadan yüksəkdir.

Ermənistanın indi də Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə-Arazdəyən adlanan yerdə ABŞ sərmayəsi ilə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa etmək istəyi bu ölkənin Azərbaycana qarşı yeni bir ekoloji cinayətidir.  Belə zavodun Naxçıvanla sərhəddə inşası geniş zolaqda ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə səbəb ola bilər. Bu zavodun inşası sərhəddə yerləşən Sədərək rayonunun ərazisində mal-qaranın və əkinlərin məhvinə, insanların ciddi xəstəliklərlə üzləşməsinə gətirib çıxara bilər. Çünki Sədərək rayonunun ərazisində fəaliyyət göstərən təsərrüfatlarda Ermənistandan gələn “Şir Arxı”nın suyundan istifadə edilir. Ermənistan Azərbaycanla indiki hərbi münaqişə zəmnində bu zavodu Naxçıvanla sərhəddə tikilməsinin bir o qədər də asan olmayacağını əvvəlcədən yaxşı bilirdi. Elə bu səbəbdən də layihəni ABŞ-də yaşayan, erməni əsilli iş adamı ilə reallaşdırmağa üstünlük verib. Öz tarixi boyu onun-bunun kölgəsində yaşamağı həyat tərzi seçmiş ermənilər, bu dəfə ABŞ bayrağı altında daldalana bilməyəcəklər. Çünki ekoloji fəlakətlərə aparan layihələrə bu gün dünyanın baxışları olduqca fərqlidir.

Ermənilərin Azərbaycan tərəfi şantaj məqsədilə dedikləri “bu layihə ABŞ şirkətinin vəsaiti hesabına tikilir, ABŞ dövləti öz investorunu qoruyacaq kimi” şantaj xarakterli çağırışları, sadəcə, blefdir. Öncə onu deyək ki, aldadılaraq bu layihəyə investisiya qoymağa razı salınmış erməni əsilli investor yaranmış durumda geri çəkilməyə məhkumdur - əks halda onun yatıracağı investisiya böyük risk altında qalacaqdır. Bu məsələ ABŞ hökuməti səviyyəsinə qalxarsa, burada Azərbaycanın sözünün eşidiləcəyi şübhəsizdir. Çünki 1991-ci il fevralın 25-də Finlandiyanın Espo şəhərində imzalanmış Birləşmiş Millətlər Təşkilatının “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Konvensiyasının şərtlərinə görə, konvensiya tərəfi öz ölkəsi ərazisində planlaşdırdığı iri müəssisənin fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri ola bilərsə, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı və həmin müəssisənin ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır.

Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir. Bu, adıçəkilən zavodun Naxçıvanla sərhəddə tikintisinin dayandırılması üçün yetərlidir. Əgər qarşı tərəf beynəlxalq Konvensiyanın şərtlərini pozmağa qərarlı olarsa, bu halda bütün məsuliyyət erməni tərəfin üzərində qalacaqdır. Azərbaycan isə ermənilərin başa düşdüyü digər müvafiq addımları atmağa haqlı olacaqdır".

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli

BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli bu xəbərin həqiqiliyinə müəyyən qədər şübhə ilə yanaşır: “Arazdəyəndə inşa edilən metallurgiya zavodunun başqa bir əraziyə köçürüləcəyi ilə bağlı yayılan xəbərdə diqqətçəkən ən önəmli məqam sözügedən məlumatın ”Sputnik-Ermənistan" tərəfindən yayılmasıdır. Məlumatı Ermənistanın digər informasiya resursları, əsasən hökumətə yaxın olmayan saytlar məhz “Sputnik-Ermənistan”a istinadən yayıblar. Xəbərin reallığı nə dərəcədə əks etdirdiyini söyləmək çox çətindir. Amma anlaşılan odur ki, “Sputnik-Ermənistan”ın və onun rəhbəri Marqarita Simonyanın xidmət etdiyi siyasi dairələr də Azərbaycanla sərhədə ABŞ-Ermənistan birgə müəssisəsinin inşasında maraqlı deyillər. Bunun isə çoxsaylı səbəbləri ola bilər. Qeyd edim ki, həm metallurgiya zavodunun inşa edildiyi ərazi, həm də Rusiyanın Gümrüdəki hərbi bazası eyni zolaq üzərində yerləşir. Arazdəyən Azərbaycanın Naxçıvan eksklavıyla və İranla, Gümrü isə Türkiyə ilə sərhəd bölgəsindədir. Məlum olduğu kimi, Ermənistanın İranla sərhədlərini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti mühafizə edir. Həmin ərazidə ABŞ kapitalıyla metallurgiya zavodunun inşası, ekoloji problemlərlə yanaşı, həm Rusiyanın, həm də İranın maraqlarına ziddir. Rəsmi Tehran bu barədə açıq danışmasa da, sərhədinin bir neçə addımlığında ABŞ kapitallı və gələcəkdə kəşfiyyat xarakterli missiya yerinə yetirəcəyi ehtimal olunan bir müəssisənin inşasını razılıqla qarşılaya bilməz. Digər tərəfdən, Ermənistanın sözügedən zavodun Azərbaycan və İranla sərhəddə inşası barədə qərarı da bir sıra şübhələrin ortaya çıxmasına zəmin yarada bilər. Zəngəzur dəhlizinin Arazdəyəndən (Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz) keçəcəyini nəzərə alsaq, ABŞ kapitallı zavodun inşası üçün Arazdəyənin seçilməsi təsadüfə bənzəmir. İranın bu məsələdə sükuta qərq olmasının səbəblərindən biri də, çox güman ki, rəsmi Tehranın Zəngəzur dəhlizinin işə düşməsində maraqlı olmaması ilə bağlıdır. Amma Tehran da yaxşı başa düşür ki, bu və ya digər əraziyə ABŞ-nin kapitalı daxil olduqdan müəyyən bir müddət sonra bu kapitalın “qorunması” bəhanələri də gündəmə gələ bilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR