İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Rusiyanın “uşağı” siyahısında - Paşinyanın Qərb siyasətinin iflası...

Nüfuzlu “The Economist” nəşri Kremlin ən yaxın müttəfiqi olan ikinci paytaxtın İrəvan olduğunu göstərdi; erməni iqtidarı Moskvaya sanksiyalardan sıyrılmaqda yardım edirmiş

Nüfuzlu “The Economist” nəşri Rusiyanın ən yaxın müttəfiqi olan ölkələrin reytinqini dərc edərkən bir reallıq çılpaqlığı ilə üzə çıxdı: siyahıya Rusiya ilə ittifaq dövləti yaradan Belarus başçılıq etsə də, sonrakı pillədə Ermənistan qərarlaşıb.

“Yeni Müsavat”ın siyasət şöbəsi təhlil edir ki, bu, İrəvanın nə qədər çalışsa da, Qərbdə Rusiyanın vassalı olaraq qəbul edildiyini bir daha sübut edir. Maraqlıdır ki, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistanın adı ilk onluqda olsa da, Azərbaycan orada yoxdur. Məqalədə II Qarabağ müharibəsi günlərində Rusiyanın Ermənistandakı hərbi bazasından İrəvana yardım üçün istifadə etməməsi və bunun Paşinyan hökumətini hiddətləndirməsi qeyd olunur. Bildirilir ki, məhz bu səbəbdən son aylarda Ermənistan KTMT çərçivəsində Rusiya ilə hərbi əməkdaşlıqdan mümkün qədər boyun qaçırmağa və Azərbaycanla sərhəd ərazilərinə Aİ missiyasını cəlb etməklə özünü qərbyönümlü siyasət yürüdürmüş kimi göstərməyə çalışır.

Lakin təqdim olunan reytinq İrəvanın xarici siyasətinin tam olaraq iflasa uğradığını və ölkənin Qərbin gözündə Rusiyanın ən yaxın müttəfiqi kimi göründüyünü bir daha əyani şəkildə təsdiqləyir. Baş nazir Nikol Paşinyan son mətbuat konfransında Moskva ilə münasibətlər haqda danışarkən söylədi ki, Rusiya ilə problemlər mövcuddur, amma böhran yoxdur. “Problemlər də var, ancaq onlar obyektiv məsələlərdir və iki ölkə arasında əməkdaşlığa təsir etmirlər”, - Paşinyan vurğulayıb. Eləcə də əlavə etmişdi ki, KTMT Ermənistanı tərk edir. Amma həm də Rusiyanın boynuna məsuliyyət qoyurdu ki, Qarabağ ermənilərinin təminatçısı bölgədəki hərbi kontingentdir.

Hərçənd Kreml “Kommersant” nəşrinin dili ilə Nikola cavab vermişdi - üçtərəfli sənəddə belə bir öhdəlik yoxdur, rus əsgərinin missiyası sülhyaratmadır. Halbuki elə Paşinyanın dediyinə oxşardır, rus hərbçiləri ermənilərə qahmar çıxıblar. Bununla belə, Paşinyan administrasiyası ilə Moskva arasında əlaqələrdə müəyyən soyuqluq, narazılıq olmasına baxmayaraq, Rusiya üçün Ermənistan ayrıdır, onun iqtidarı ayrı. Bu mənada  “The Economist” nəşrinin Rusiyanın ən yaxın müttəfiqi kimi göstərdiyi ikinci ölkənin Ermənistan olması təəccüb doğurmur...

Yeri gəlmişkən, Ukrayna mətbuatında Ermənistanın Rusiya hərbi sənayesi üçün “arxa qapıya” çevrilməsinə dair maraqlı məlumatlar dərc olunub. “Ukrainskaya Pravda” nəşrində dərc olunan yazıda göstərilir ki, məhz balaca Ermənistan Rusiyanın elektron avadanlıqlarına olan tələbatını ödəməkdə ən aparıcı mövqeləri tutur. Əlbəttə ki, söhbət geridə qalmış kənd təsərrüfatı ölkəsi olan qonşumuzun elektronika sənayesinin məhsullarından getmir. Çünki Ermənistanda belə şey ümumiyyətlə yoxdur. Söhbət Qərb ölkələrində istehsal olunan elektrotexnikanın, avadanlıqların Ermənistan vasitəsilə sanksiyalardan yayındırılaraq, Rusiyaya ötürülməsindən gedir ki, həmin avadanlıqlar da sonradan Rusiya hərbi sənayesində istifadə olunur, Ukraynanı bombalayan raketlərə, təyyarələrə, gəmilərə, hərbi dronlara və s. quraşdırılır.

Ukrayna nəşri yazır ki, müharibə başlayandan sonra tətbiq olunan sanksiyaların Rusiya hərbi sənayesini çökdürəcəyi gözlənilirdi. Lakin Ermənistan kimi “dost ölkələr” Rusiyanın “boz sxemlər”dən istifadə edərək, elektron avadanlıqlarla təmin olunmasına kömək etdi: “Ermənistandan Rusiyaya mal ixracı 4 dəfə artaraq, 85 milyon dollardan 325 milyon dollara çatıb...”

Avropa ölkələrinin hökumətləri bu cür “boz sxemlər”in qarşısını almağa çalışsalar da, bir çox istehsalçı şirkətlər öz maddi maraqları naminə Ermənistan kimi dövlətlərdən istifadə edərək, mallarını Rusiyaya çatdırırlar. Bunun qarşısını almaq üçünsə Ermənistan kimi ölkələrə ciddi sanksiyaların tətbiq olunmasının vacibliyi qeyd olunur. Azərbaycanlı mütəxəssislər necə düşünürlər? Qərb KİV-nin yaydığı siyahı həqiqəti əks etdirirmi, yoxsa doğrudan da müttəfiqlər arasında krizis yaşanmaqdadır?

Ukrayna üç aylıq şok hücum planını açıqladı - Qabil Hüseynli ilə CANLI -  YouTube

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Qərb artıq Paşinyanın şəxsinə və onun yürütdüyü siyasətə ehtiyatla yanaşmağa başlayıb. Q.Hüseynlinin fikrincə, bunun da əsas səbəbi Ermənistanın Rusiya ilə əlaqələrinin nəinki kəsilməməsi, əksinə, bir qədər də artmasıdır: “Son hesablamalar göstərir ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra Moskva-İrəvan arasında iqtisadi əlaqələr 2.8 faiz artıb. Rusiyadan Ermənistana göndərilən maliyyə resursları da çoxalıb. Qərbin nüfuzlu işgüzar dairələri bununla əlaqədar bildirirlər ki, Rusiyaya tətbiq olunan sanksiyaların yerinə yetirilməməsində Ermənistan postsovet məkanında birinci yeri tutan ölkədir. Hətta Rusiya xaricdə olan və üzərinə hələ həbs qoyulmamış maliyyə resurslarının bir çoxunu məhz Ermənistan bankları vasitəsilə öz hesabına köçürə bilir. Bundan başqa, Qərbdən alınan bir sıra hazır məhsulların çoxu Ermənistanın sifarişi kimi qeyd olunaraq buradan Rusiyaya göndərilir. Ona görə Qərb bu əlaqələrdən, maliyyə-ticarət işlərinin Ermənistan üzərindən aparılmasından çox məyusdur”. Onun sözlərinə görə, Ermənistanın KTMT-dən hələ də çıxmaması, Rusiyanın nəzarəti altında olan Avrasiya İqtisadi Birliyində qalması da Qərbi ciddi surətdə narahat etməkdədir: “Çoxlarına elə gəlir ki, Paşinyan iki stulda oturmağa çalışır, amma bu da mümkünsüzdür. O baxımdan, siyahıda Ermənistanın yeri düzgün göstərilib”.

Türkiyə müxalifəti seçkilərin ertələnməsinə qarşı - Opponentlərin  arxayınlığının səbəbi

Fuad Əliyev

ALDP sədri Fuad Əliyev Ermənistanın Rusiyanın əlaltısı olaraq qalmaqda davam etdiyini düşünür. Partiya sədrinin fikrincə, bu ölkə Rusiyadan siyasi-iqtisadi, eləcə də hərbi cəhətdən asılıdır: “Ermənistan sərhədlərini ruslar qoruyur, dəmiryol xətləri rus şirkətlərinin mülkiyyətindədir, iqtisadi vəziyyəti Rusiyadan asılıdır, Gümrüdə və Erebunidə iki hərbi baza yerləşir, əhalidə Rusiyaya güvən yeri kimi baxmaq davam edir, müxalifət Kremlin nəzarəti altında hərəkət edir... Bütün bu sadaladığımız faktorlar göstərir ki, Ermənistan Rusiyanın vassalıdır. Onlar bir dövlət olaraq mövcudluğuna görə Rusiyaya minnətdar olmalıdırlar. Sadəcə, Paşinyan hakimiyyətinin ölkəni rusun orbitindən uzaqlaşdırmaq səylərini müşahidə etmək olar. Lakin bu da riyakar siyasi gedişdir. Ermənistan hakimiyyəti yeri gələndə Rusiyaya elə yaltaqlanır ki, Avropa mat qalır. Yəni hiyləgər bir siyasət yürütməyə çalışır, amma axıra qədər belə oynaya bilməyəcək. Rusiya ondan seçim etməsini tələb edəcək. Onsuz da rus siyasi xadimləri tez-tez qeyd edirlər ki, Ermənistan seçimini etsin”.

F.Əliyevin fikrincə, Ukraynada müharibə bitdikdən sonra Kremlin İrəvana təzyiqləri güclənəcək: “İndi yaranmış fürsəti dəyərləndirməyə, Avropa Birliyinin müşahidə qrupunu regiona gətirməyə nail olublar. Qərb rəsmiləri Ermənistana səfərlər edirlər, ABŞ Ermənistanda təsir gücünü artırmağa çalışır. Yəni Paşinyan Avrointeqrasiya siyasəti apardığını düşünür, amerikalılara belini söykəyib, amma Rusiyadan azca təzyiq görən kimi geri çəkilir və Moskvaya yarınmağa başlayır. Odur ki, günün birində Paşinyan qərar verməli olacaq: ya Avropa, ya Avrasiya...”

Emil SALAMOĞLU 
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR