İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan referendum keçirmədən də bunu edə bilər - tanınmış hüquqşünas yollar göstərdi

Xəbər verdiyimiz kimi, Ermənistan baş naziri Nikol Paşinyan deyib ki, Bakının konstitusiya tələbini bir sıra ekspertlərin düşündüyü kimi, sülh sazişini imzalamamaq üçün bəhanə yox, səmimi narahatlıq kimi qəbul etmək lazımdır. Amma hökumət başçısı məsuliyyəti də Ermənistan Konstitusiya Məhkəməsinin üzərinə qoyub.

“Məhkəmə konstitusiyasının mətninin rəsmi şərhini verə bilər, yəni Konstitusiya Məhkəməsi Ermənistan konstitusiyasında nələrin olduğunu və nələrin olmadığını rəsmi şəkildə deyə bilən orqandır”, - baş nazir bildirib.

Hüquqşünas, sabiq millət vəkili Qulamhüseyn Əlibəyli Musavat.com-a açıqlamasında bir çox vacib məqamlara aydınlıq gətirib:

“Ümumiyyətlə, Azərbaycanın konstitusiyanı dəyişmək tələbini başqa cür qəbul etməyin özü doğru deyil. Hamı bunun haqlı tələb olduğunu bilir. Ermənistanın kontitusiyasında müstəqillik bəyannaməsinə istinad və orada keçmiş Dağlıq Qarabağı Ermənistana birləşdirmək milli məqsəd kimi qəbul olunur. Rəsmi Bakı da ya bunun bəyannamədən çıxarılmasını, ya da müstəqillik bəyannaməsinin özünün dəyişdirilməsini tələb edir.

QULAM.jpg (43 KB)

Əvvəllər Ermənistan bu tələbi tamamilə qəbul etmirdi və hesab edirdi ki, konsitusiyasında ərazi iddiaları müddəası yoxdur. Bir qədər sonra məsələni dəyişib yeni bir variant irəli sürdü ki, Azərbaycan Kontitusiyasında müstəqillik bəyannaməsinə olan istinad aradan qaldırılsın. Sonradan kontitusiyanın Venesiya Komissiyasına göndərilməsi məsələsi ortalığa çıxdı. İndi də yeni bir hiylə ortalığa çıxıb. Bu da Ermənistan Konstitusiya Məhkəməsinə göndərməkdir.

Bu məhkəmənin də nə işlə məşğul olduğu təxminən aydındır. Bu və ya digər şəkildə hakimiyyətə qulluq edən, onun tapşırıqlarını icra edən orqana çevrilib. Hesab edirəm ki, bütün bunlarla Ermənistan vaxt udmağa çalışır. Cəhd edir ki, sülh müqaviləsinin imzalanmasından yayınsın, daha sürətlə silahlanmanı həyata keçirə bilsin, bu və ya digər formada sərhəddə təxribatlar törətməyə nail olsun. Bununla Amerika başda olmaqla Qərb ölkələrinin diqqətini Ermənistana cəlb etməyə çalışır.

Bununla düşünür ki, onlarsız bölgədə sülh sazişinin əldə olunmasını mümkünsüz göstərəcəyini zənn edir. Bununla yeri gələndə hərbi qüvvə ilə prosesə qoşulub Rusiyaya da təzyiqlərin göstərilə biləcəyini düşünürlər. Bütün bunlar hazırkı erməni hakimiyyətinin son məqsədləri kimi görünür. Onun üçün çalışır ki, sülh sazişinin imzalanmasından elə yayınsın ki, günahı Azərbaycanın üzərinə yıxmış olsun. Açığı deyim ki, bu istiqamətdə xeyli də uğurlar qazana biliblər.

Bu sahədə çox yaxşı oynaya bilirlər. Artıq bilməlidirlər ki, bu cür boş-boş fikirlər ortalığa atmaq lazım deyil. 2027-ci ildə referendum keçirməyi düşünürlər. Hesab edirəm ki, ilk növbədə, həmin müddəanı çıxarmalıdırlar. Bu da mümkün məsələdir. Amma əlində sadə bir forma da var. Bu gün istəsə bir saatın içərisində həmin müddəanı çıxara bilər. Ermənistan Kontitusiyası Ali Sovet tərəfindən qəbul olunub. İndi desək, parlament tərəfindən qəbul olunub deyə bilərik.

Ondan əvvəl də Ali Sovet Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edib. Səhv etmirəmsə, 1992-ci ildə isə, Qarabağın Azərbaycana məxsus olması barədə hər hansı bir sənədə imza atmağı erməni hakimiyyətinə qadağan edib. Yəni istənilən vaxt bu müddəa parlament tərəfindən dəyişdirilə bilər. Bunları referenduma çıxarmağa heç ehtiyac da yoxdur. Erməni hakimiyyəti belə səmimidirsə, iclas keçirib, hər üç qərarı ləğv etsin. Ermənistan sadə yollarla getmək əvəzinə, mürəkkəb yollar üzərində düşünür.

İndiki Paşinyan iqtidarının parlamentdə üstünlüyü var və istənilən qərarı qəbul etdirə bilər. Bunun dəfələrlə biz şahidi olmuşuq. Hesab edirəm ki, bu Ermənistanın növbəti hiyləsidir. Vaxtı uzatmaq üçün başqa yollar üzərində düşünəcəklər, guya Azərbaycan tərəfi bunu istəmir. Azərbaycanın rəsmi orqanları qeyd etdiyim digər yolları da onlara göstərməlidir”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR