İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan oturduğu “budağı” kəsir – guppultusu möhkəm olacaq!

Kapitulyant ölkə bölgəni növbəti dəfə qarışıqlığa və təlatümə aparacaq böyük avantüra içindədir. Macəraçı Ermənistan Rusiyanın regiondakı forpostu olmaqdan çıxıb, indi də Qərbin marionetinə çevrilmək istəyir.

Əlbəttə, hər ölkənin öz xarici siyasət oriyentirini, öz dostları seçmək, təmsil olunduğu siyasi-hərbi düşərgəni dəyişmək, bloklara qoşulub-qoşulmamaq haqqı var. Ancaq iş ondadır ki, İrəvan bunu müstəsna olaraq bizim hesabımıza, Azərbaycanın hədəfə gətirmək hesabına reallaşdırmağa çalışır. Üstəgəl, əlavə “bonus” kimi kollektiv Qərbdən Qarabağla bağlı nəsə qoparmaq niyyətindədir.

Məqsəd-məram Rusiya ilə yanaşı, Azərbaycana da pislik eləmək, ziyan və zərbə vurmaqdır. Halbuki dəmir məntiqə görə, Moskvadan bağları qoparmağı hədəfləyən Ermənistan öncə Azərbaycan və Türkiyə ilə təcili sülh müqavilələri imzalayıb onlarla barışmalı, necə deyərlər, “arxasını” möhkəmlətməlidır.

Amma tərsini görürük: ermənilər Qərbin silahları ilə Azərbaycan və Türkiyə qarşı savaşmağı, hətta hərbi revanş götürməyi xəyal edirlər. Bunu sezməmək qeyri- mümkün. Heç kim çörəyi qulağına yemir. Hərçənd Nikol Paşinyan iddia edir ki, silah-sursatı, hərbi texnikanı guya müdafiə üçün alırlar.

Başqa nə çərənləyəcək ki? Kim müharibəyə hazırlaşdığını boynuna alır ki? Daha xəbərləri yoxdur ki, bu yol iqtidarlı-müxalifətli erməni xalqını yeni müsibətə, olan-qalan erməni dövlətçiliyinin məhvinə aparır. Əsas səbəbə az yuxarıda toxunduq: çünki İrəvan Bakı və Ankara ilə düşmənçiliyi davam etdirir.

İkinci yandan, Ermənistan Rusiya ilə yanaşı, özünü birdən-birə 4 qonşudan 3-ünün (Azərbaycan, Türkiyə və İran) qəzəbinə gətirməkdədir. Hansı ağıllı məmləkət, millət buna gedər?

Yaxşı, belə vəziyyətdə o, necə mövcud olacaq, iqtisadi-ticari maraqlarını necə təmin edəcək? Axı ölkəni silah-sursat anbarına çevirməklə onun təhlükəsizliyi təmin edilməz. Təhlükəsizlik qarantı ən əvvəl qonşulardan alınmalıdır! Sən nə vaxtadək bölgədə dalan durumda, düşmən əhatəsində anklav olaraq varlığını qoruya bilərsən ki? Bunun sonu gəlməlidir, ya yox?

Gələcək də...

Qərbyönlü Gürcüstan isə Ermənistan üçün ümid qapısı, xilas pəncərəsi ola bilməz. Necə ki, işğal dövründə İran işğalçı ölkəyə ola bilmədi. Gürcüstanın özü xeyli dərəcədə qonşu Azərbaycan və Türkiyədən, bizim neft-qazımızdan, Türk sərmayəsindən, kommunikasiyalarımızdan asılıdır.

Söz gəlişi, təkcə Rusiya İrəvana dünya bazar qiyməti ilə müqayisədə üç dəfə ucuz satdığı qazı azca bahalaşdırsa, yaxud Gürcüstan üzərindən keçən qaz kəmərinin ventilini bağlasa, kapitulyant ölkənin halı necə olar, haylar fərqindəmi? Bax onda Azərbaycan və ya Türkiyə öz qazı ilə köməyə gələ bilərdi. Di gəl, bu qurumsaqlar bizə də, qardaş Türkiyəyə də asi kəsiliblər. Eləcə də İran bəlli səbəbdən qaz əvəzinə, ermənilərə üç barmağın bəlli konfiqurasiyasını göstərəcək...

Yaxud Ermənistandan çox erməninin yaşadığı Rusiya öz ərazində erməni miqrant bazarını bağlayıb onların üzünü geriyə göndərsə, nə baş verər? Hansı miqrantlar ki, hər il öz ölkələrinə 4 milyard dollara yaxın pul göndərir. Bir yandan həmin vəsait kəsiləcək, o biri yandan isə yüz minlərlə erməni işsiz ölkədə əlavə sosial-siyasi gərginliyin mənbəyi olacaq.

Nə isə. Görünən budur ki, Ermənistan üstündə oturduğu sonuncu “budağı” da kəsməkdədir - nəticələri vecinə almadan. Özləri bilər, asi çıxdıqları allahları bilər. Amma guppultusu möhkəm olacaq...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR