İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan “humanitar” özünü-ifşa ərəfəsində - Gerisayım başlayıb

Bakının dəmir məntiqi öz işini görür; ac erməniyə ərzağın hansı yolla çatdırılmasının nə fərqi - populyar Fransa nəşrində İrəvan və havadarlarının arqumentləri alt-üst edildi...

Laçın yolu ilə bağlı 15 gündür qara-qışqırıq salan Ermənistanın “arqumentləri” Azərbaycanın beynəlxalq hüquqdan qaynaqlanan güclü, qüsursuz mövqeyinə dəyərək çilik-çilik olmaqdadır. O səbəbə ermənilərin növbəti həyasız yalanları ayaq tutsa da, yeriyə, qaça bilmir.   

Bakını haqlı olduğu yerdə haqsız çıxarmağa çalışan İrəvan artıq xaricdəki erməni lobbisi daxil, bütün rıçaqlarını işə salıb. Necə deyərlər, “sonuncu patron”larını atırlar. Ermənistan əlindən gələni edir ki, süni problem BMT TŞ-nin müzakirəsinə çıxarılsın və orada öz xeyrinə hansısa sənəd qəbul olunsun, məsələ beynəlmiləlləşsin. Hansı sənəddə ki, “Dağlıq Qarabağ”, “blokada” sözləri işlədilsin. Yəni ərazi bütövlüyümüzü şübhə altına almaqla Laçın yolunu Bakının iradəsindən çıxarmaq mümkün olsun.  

Lakin əbəs cəhdlərdir. Ona görə ki, Azərbaycanın “daşdan keçən” kontr-arqumentləri, güclü mövqeyi var. Bu mövqe sözsüz ki, həm də konstitusiyamızın 10 noyabr 2020-ci il üçtərəfli sənəddən üstün hüquqi qüvvəyə malik olmasına əsaslanır. Əlavə olaraq, BMT TŞ-nin veto hüququna malik 5 daimi üzvü arasında ən azı, bir tərəfdaşımızın olduğuna inanırıq. Nəhayət, beynəlxalq yəhudi lobbisi ilə səmərəli əlaqələrimiz və gözləntilərmiz də öz yerində.

Bu və digər səbəblərdən əksər siyasi müşahidəçilər xarici təzyiqin Bakının hərəkətlərinə ciddi təsir göstərəcəyinə inanmırlar. Ümid edilir ki, indiki reallıqlar İrəvan və “Şeytan yuvası”nı praqmatik yanaşmaya sövq edəcək. Yox, anlamasalar, onda Azərbaycan vəziyyəti beynəlxalq normalar çərçivəsində yoluna qoymaq üçün gərəkən sərt tədbirlərə əl ata bilər. Necə ki, 44 günlük savaşdan sonra bunu zaman-zaman nümayiş etdirib - “Fərrux əməliyyatı”, “Qisas əməliyyatı” və s. şəklində.

Paşinyanın “humanitar yük” açıqlamasına cavab...

Əlbəttə, rəsmi Bakı bütün hallarda beynəlxalq səviyyədə diplomatik səylərini, təbliğat və əks-təbliğat savaşını davam etdirəcək. Biz imkan verə bilmərik ki, minlərlə şəhidimizin canı-qanı bahasına əldə olunmuş hərbi zəfərimizin maddiləşməsinə ermənilər öz havadarları ilə birgə əngəl yaratsınlar. 

***

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri Elçin Əmirbəyovun Fransanın erməni lobbisinə yaxın populyar “Le Monde” nəşrinə srağagünkü müsahibəsi bu qəbildən uğurlu nəticə sayıla bilər.   

“Əgər acından ölürsünüzsə, sizin üçün ərzağın hansı yolla gəlməsinin nə fərqi?”

“Yeni Müsavat”ın məlumatına görə, bunu xüsusi səfir  qəzetin əməkdaşının Qarabağdakı bir ovuc erməninin guya blokadada olması ilə bağlı təxribatçı sualını cavablandırarkən deyib. 

Əmirbəyov xatırladıb ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əsasən, bu yoldan müstəsna olaraq humanitar məqsədlər üçün istifadə oluna bilər: “Amma təəssüf ki, son iki il yarımda yol Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin rotasiyasını həyata keçirmək məqsədilə qeyri-qanuni şəkildə istismar edilib”. 

Ardınca o, qeyd edib ki, bu yol Qarabağa silahların çatdırılması və oradan qeyri-qanuni olaraq Ermənistana faydalı qazıntıların ixracı üçün istifadə olunub. Ermənilərin iddia etdiyi və sayı guya 120 minə çatan Xankəndi əhalisinə gəlincə, Əmirbəyov bu rəqəmin şişirdildiyinə diqqət çəkib: “Bizdəki məlumata görə, Qarabağ bölgəsində 50 minə yaxın əhali yaşayır, onların da 10 mini Ermənistan silahlı qüvvələridir. Ona görə də bu il aprelin 23-də Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsi yaratmağa məcbur olduq. Bu post beynəlxalq hüquq normalarına tam uyğun yaradılıb”.

Diplomat Azərbaycanın Ağdam və Füzuli yollarından istifadə etməklə Qarabağın erməni əhalisinin humanitar ehtiyaclarını ödəmək üçün ərzaq daşınmasını təklif elədiyini də xatırladıb. “Amma Qarabağ erməniləri qəti şəkildə bundan imtina edirlər, bunu izah etmək çox çətindir. Ortada manipulyasiya və beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdi var. Əgər acsınızsa, şərt qoymamalısınız. Nə fərqi var ki, ərzaq hansı yolla - Laçından, Ağdamdan, Füzulidən gətiriləcək? Əsas odur ki, lazımi məhsulları ala biləsən. Amma kənardan açıqca Azərbaycana təzyiq göstərmək üçün məsələnin süni şəkildə siyasiləşdirilməsi görünür”, - deyə E.Əmirbəyov əlavə edib. 

***

Ermənilər HƏDDİ aşdı! “Laçın” postunu dağıda bilərik... - CANLI

Laçın yolu ətraflında davam edən siyasi şounun qətiyyən Qarabağdakı erməni sakinlərinin taleyi ilə bağlı olmadığını və sırf Azərbaycana təzyiq məqsədi güddüyünü dərk və etiraf edən erməni şərhçilər də yox deyil. 

“Qarabağda insanların guya aclıqdan ölməsindən danışaraq, xarici dünyanı aldatmağa, əhali arasında panika yaratmağa çalışmayın”. Bunu Artur Osipyan Ermənistan telekanalına müsahibəsində bildirib.

Hazırda Azərbaycanın Qarabağ bölgəsində rus sülhməramlılarının olduğu ərazidə ərzaqla bağlı hər hansı problemin olub-olmaması bağlı suala Osipyan vəziyyətin heç də deyildiyi kimi olmadığını söyləyib. “Düzünü desəm, bəhs etdiyiniz acınacaqlı vəziyyət bu gün yaranmayıb. Bu hakimiyyət (xuntaçılar - red.) 30 ildir Qarabağı talayır və bu pisləşmə indi baş verməyib, vəziyyət həmişə ağır olub. İndi bu problemlər sadəcə, daha da artıb. Bəli, problemlər var, amma guya Qarabağda insanların aclıqdan öldüyünü söyləmək şişirtmədən savayı bir şey deyil. Doğru, vəziyyət çətindir: çörək növbələrindən tutmuş mağazadan nəsə almağa qədər... Belə faktlar mövcuddur, lakin bu problemlər ”blokada" ilə bağlı deyil", - deyə o qeyd edib.

***

Bununla belə, aydındır ki, revanşist-radikal çevrələr və faktiki onların mövqeyinə yuvarlanmış Nikol Paşinyan hökuməti xarici havadarların diktəsi ilə hələ bir müddət də mənasız dirənişi davam etdirəcəklər. Lakin bunlar boşuna səylərdir. Əsas səbəbi yuxarıda göstərdik. Böyük ehtimalla, “Laçın” postu ətrafındakı “humanitar” şounun özünü-ifşasına bir şey qalmayıb. Artıq gerisayım başlayıb.

“Ermənilərin Azərbaycan və Türkiyəyə qarşı təxribatları heç vaxt da dayanmayacaq”. Bu sözləri isə politoloq Elxan Şahinoğlu deyib.

“Onların imkanları tükənir. Hətta separatçıların lideri də son müsahibəsində etiraf edir ki, Qərb və Rusiyadan istədikləri dəstəyi ala bilmirlər. Biz öz işimizi görməli, separatçılığa son qoymalı və Ermənistana təzyiqi artırmalıyıq. Doğru yolda olduğumuzu bilirik. Beynəlxalq ictimaiyyətdən də Azərbaycana güclü təzyiq yoxdur. Bəzən ermənipərəst, Azərbaycan əleyhinə açıqlamalar verirlər, amma bunlar heç nəyi dəyişmir, dəyişdirməyəcək”, - analitik vurğulayıb.

Onun sözlərinə görə, Qərblə münasibətlərimiz normaldır: “ABŞ və Avropa İttifaqı ilə enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq edirik. Ermənilərin təxribatçı siyasəti əvvəl bizə ziyan verirdisə, indi fəal olduğumuz müddətdə bu zərərləri neytrallaşdıra bilirik”.

Qalır diplomatik üstünlüyümüzü konkret sənəd üzərinə köçürmək: Ermənistana sülh müqaviləsini imzalatmaq və Laçın yoluna əsassız iddiaları həmişəlik basdırmaq...   

Siyasət şöbəsi,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR