İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan əsgərimizi Bakıdakı həmin terrorçularla dəyişmək istəyir, yaxın zamanda…” - Polkovnikdən ŞOK AÇIQLAMALAR

Xəbər verildiyi kimi, Ermənistan İstintaq Komitəsi fevralın 28-də səhər saatlarında Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində itmiş Azərbaycan ordusunun əsgəri Ruslan Pənahov barəsində 5 maddə üzrə cinayət işi açıb.

Bəs görəsən, Ermənistanın Cinayət Məcəlləsinin 5 maddəsi ilə iş qaldırmaqda əsl məqsədi nədir?

uzeyir ceferov.jpg (190 KB)

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Musavat.com-a açıqlamasında bildirib ki, əsgərimizin azad olunması üçün Azərbaycanın müvafiq qurumları lazımi işləri görürlər:

“Siyasi təmaslarda da bu məsələ artıq qarşı tərəfin diqqətinə çatdırılıb. Ermənistan tərəfinin əsgərimiz Ruslan Pənahova qarşı yanlış addım atdığı bildirilib. Bildiyim qədərilə Ermənistan tərəfinə bu absurd ittihamlardan əl çəkməsi tövsiyə olunub.

Ermənistanın Cinayət Məcəlləsinin 5 maddəsi ilə iş qaldırmaqda başqa məqsədi var. Məqsəd bu gün Bakıda cəza çəkən erməni terrorçularının bir qrupunu - 2020-ci ildə 44 günlük savaşdan sonra əllərində silah Azərbaycan ərazilərinə qeyri-qanuni girən, qanunazidd əməllər törədən terrorçuları dəyişməkdir.

Ermənistan tərəfinin diqqətinə çatdırılıb ki, ortada bir dənə də olsun fakt yoxdur. Yeganə sübut odur ki, əsgərimiz şərti sərhədi azaraq o tərəfə keçib. Onun gənc əsgər olması, ərazinin qarla örtülü olması, hava şəraitinin mürəkkəb olması bu duruma səbəb olub. Əsgərimiz bir atəş belə açmayıb. Ermənistan tərəfi bilir ki, əsgərimizin avtomatında neçə güllə olmalıdır, neçə güllə olub. Onun silahını bu gün də ekspertizaya təqdim etsələr, bir dənə də atəş açması faktı yoxdur. Ermənistan 5 qondarma maddə ilə özünü gülünc vəziyyətə qoyur”.

PENAH.jpg (168 KB)

Hərbi ekspertin sözlərinə əsasən, Ermənistan unutmamalıdır ki, onlar 2020-ci ildən indiyədək yüzlərlə əsgərini geri alıb:

“Azərbaycan heç bir şərt irəli sürmədən onları qaytardı, baxmayaraq ki, onlar bizim ərazilərimizə xəbərdarlıq ediləndən sonra gəlmişdilər. Təəssüflər olsun ki, Ermənistan bu gün bu yolla bizə təzyiq göstərmək istəyir. Mətbuatda və ictimaiyyətdə müəyyən müzakirələr var ki, əsgərimiz Ruben Vardanyan, Araik Arutyunyan və yaxud başqa bir separatçı ilə dəyişdirilə bilər. Belə bir məsələ gündəlikdə yoxdur. Əvvəla, onlar hələ istintaq altındadır. İkincisi, onların istintaqı bitəndən sonra məhkəmə prosesi keçiriləcək, prosesdən sonra onlar Azərbaycanın cəzaçəkmə müəssisələrində cəzalarını çəkməlidirlər. Gələcəkdə bu məsələ hər hansı bir formada müzakirə oluna biləcək.

Əsgərimiz tez bir zamanda Azərbaycan tərəfinə qaytarılmalıdır və qaytarılacaq. Əminliyim odur ki, ciddi işlər görülür, yaxın zamanda bu işlərin hansı nəticə verəcəyini Ermənistan tərəfi özü də görəcək, buna şahid olacaq”.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR