Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edildi. Bunu məhz Rusiya prezidenti Vladimir Putinin dünən Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında, Nikol Paşinyanın da oturduğu zalda bildirməsi ikiqat maraqlı oldu.
Sitatı yada salaq: “Biz hər il Birliyin mədəniyyət paytaxtını seçirik və o, bütün ölkələrimizin vətəndaşlarının böyük marağına səbəb olan parlaq, yaradıcı və humanitar tədbirlərin mərkəzinə çevrilir. Hazırda mədəniyyət paytaxtı Səmərqənddir. Təklif olunan qərar layihəsinə uyğun olaraq gələn il estafeti Azərbaycanın Laçın şəhəri qəbul edəcək”.
Prezident İlham Əliyevin tədbirdə vurğuladığı kimi, xəbər həqiqətən laçınlılar daxil, Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Hərgah, aydındır ki, Laçın mədəniyyət paytaxtı olmağa namizəd qismində məqsədli şəkildə təklif olunub. Yəni ki, beynəlxalq birlik ərazi bütövlüyümüzün bərpasına, aranlı-dağlı bütöv Qarabağın gerçək və qanuni sahibinin kim olduğuna bir daha əminlik hasil eləsin. Dostlar təzədən sevinsin, qələbəmizə üzülənlər isə ya Azərbaycan dövlətinə sayğılı olmağı öyrənsinlər, ya da yaslarına davam eləsinlər...
Gözlənildiyi kimi, Ermənistandakı radikal kəsim, revanşist ünsürlər o saat isterikaya qapılıblar. Qərardan dolayı bir neçə ağız Azərbaycana və bir az da Rusiya tərəfə hürüblər – Laçına əcaib bir adla təqdim eləməklə. Görəsən hələ də şəhər və rayonlarımızı eybəcər və uydurma adlarla adlandıran bu saxtakar millətə Laçının nə dəxli? Yenə Xankəndi olsaydı, mırıldamaqlarını haradasa anlamaq olardı.
Hərçənd Xanın kəndi Xankəndi də, Laçın və Şuşa da, hamısı Azərbaycan şəhərləri. Bünövrələrini Azərbaycan türklərinin qoyduğu qədim yaşayış məskənləri. Eləcə də etnik təmizləmədən sonra indi bircə azərbaycanlının yaşamadığı İrəvan...
Yeri gəlmişkən, oktyabrın 13-də ermənilər bu şəhərlə bağlı uydurduqları növbəti “tarixi” qeyd etməyə hazırlaşırlar. “İrəvanın 2806-cı ildönümü münasibətilə” şəhərdə müxtəlif tədbirlər keçiriləcək, bayram konserti olacaq.
Məlumdur ki, İrəvanın əsası İrəvan xanı Rəvanqulu xanın dövründə, 1504-cü ildə (520 il öncə) qoyulub və onun şərəfinə əvvəlcə Rəvan qalası adlandırılıb. Təbii ki, şəhərə ermənilər çox sonradan gələnlər və ya köçürülənlərdir. Axırda da köçmənlər köklü əhalini 3 mərhələdə (1918-1920, 1948-1953 və 1988-90) oradan çıxarıblar.
Bəs 2806 rəqəmi hardan çıxdı? Guya şəhərin bünövrəsi 520 il qabaq yox, eramızdan əvvəl 782-ci ildə (!) qoyulub. Axı uzaq tarix bir yana, yaxın və orta əsrlər tarixi ilə necə belə sarsaqca və sırtıqcasına məzələnmək olar?
Bir daha rusiyalı akademikin məşhur sözünü xatırlatmağın yeri var: “Ermənilər öz tarixlərinə görə tarixə yox, tarixçilərə borcludur”. Saxtakar tarixçilərə əlbəttə ki...
Qayıdaq Laçına.
Məlumdur ki, Ermənistan da MDB-nin üzvüdür. Çıxardıqları yüz cür hoqqaya, siyasi demaqogiyaya rəğmən, nə MDB-dən, nə də KTMT və Avrasiya İqtisadi Birliyindən çıxmağı da düşünmürlər. Hara çıxırlar? “Batka” demış, başqa kimə lazımdır onlar? Əldə alət olmaqdan savayı.
Odur ki, özlərini yaxşı aparsalar və sülh müqaviləsi də vaxtında imzalansa, ardınca iki ölkə arasında diplomatik əlaqələr qurulsa, gələn il MDB-nin mədəniyyət paytaxtı kimi Laçına səyahət edə bilərlər. Şübhəsiz, sırf TURİST (qonaq) qismində, qanunlarımıza əməl eləməklə. Dinc soydaşlarımıza qarşı cinayət törətməmiş haylara Qarabağın başqa görməli yerlərini gəzməyə də şərait yarada bilərik.
Vaxtilə Xankəndində və keçmiş Dağlıq Qarabağın digər ərazilərində yaşamış keçmiş erməni vətəndaşlarımızın geri dönüş şərtləri isə çoxdan bəlli. Ağıllarına əsla ayrı şeylər gətirməsinlər. “Artsax” qatarı çoxdan gedib, status isə tarixin zibilliyində çürüyür.
Problem də elə bundadır – ağıllı olmaqda. “Miatsum” virusu qoyacaqmı?..
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ