Onlayn ictimai-siyasi qəzet
Baş naziri Nikol Paşinyan hər dəfə “sülh müqaviləsini imzalamağa hazırıq” deyəndən sonra Ermənistana növbəti silah partiyası göndərilir. Son aylar ərzində erməni rəsmilər dil boğaza qoymadan sülhdən danışıblar. O qədər uca səslə “sülh” qışqırıblar ki, daşınan silah-sursatın səsi eşidilməsin.
Amma eşidilir. Budur, təsdiqlənib ki, Yunanıstan Ermənistana Rusiya istehsalı olan “S-300” zenit-raket kompleksləri, habelə quru qoşunları üçün nəzərdə tutulan “TOR-M1” və “OSA” zenit kompleksləri göndərəcək. O da bildirilib ki, sözügedən komplekslər bir qədər əvvəl Ermənistan ordusuna silah-sursat veriləcəyini bəyan edən Fransa ilə əməkdaşlıq çərçivəsində tədarük ediləcək. Bunun əvəzində rəsmi Afina İsrail istehsalı olan komplekslərin idxalını həyata keçirəcək. Bax, ermənisayağı “sülh” belə olur.
Təkcə, bu fakt olsaydı, nə var idi ki? Bu ilin 17 iyununda Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı iki tərəf arasında “CAESAR” özüyeriyən artilleriya sistemlərinin alınmasına dair müqavilə imzalanmışdı. O vaxtlar Azərbaycan gözləyirdi ki, İrəvan onun sülh təkliflərinə cavab verəcək. Həmçinin delimitasiya və demarkasiya məsələləri üzrə Əsasnamənin razılaşdırılması barədə öhdəliyə əməl edilməsi gözləntisi var idi. Ancaq Ermənistan rəhbərliyi “iki daşın arasında” tez özünü Fransaya yetirdi və bu qaçış “CAESAR” özüyeriyən artilleriya qurğularının alınmasına dair müqavilənin imzalanması ilə bitdi. Bu da oldu ““CAESAR”lı sülh!” Bəlkə Paşinyan özüyeriyən artilleriya qurğularının başqa funksiyalarının olmadığını iddia etsin...
Fransadan İrəvana göndərilən “Ground Master” radarları və gecəgörmə cihazları bəlkə sülh göyərçinlərinin yerini aşkarlamaq niyyətilə alınıb...
Təkcə bununla da bitməyib. Ermənistanın Fransadan 3 ədəd GM200 radar sistemi, 50 ədəd “Bastion” tipli zirehli texnika satın alması və “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcəkdə alınmasına dair imzaladığı müqavilə də eskalasiyaya hazırlığın tərkib hissəsidir, sülh tədarükünün yox!
Üstəlik, Ermənistanla Fransa-Almaniya müştərək silah konserni olan KNDS arasında hərbi-texniki əməkdaşlığa dair müqavilənin imzalanması da yaxın tarixin hadisəsidir. “Leopard 2”, “Leclerc” tanklarının, “PzH 2000”, “CAESAR” haubitsalarının, zirehli transportyorların, hava hücumundan müdafiə sistemlərinin və mühəndis texnikasının istehsalçısı olan şirkətin Ermənistanla imzaladığı müqavilənin detalları açıqlanmasa da, şübhə etmirik, bu şirkət İrəvana “sülh göyərçini” eksport eləməyəcək.
Hindistanın ən böyük silah alıcısı cırtdan Ermənistandır, bu, nonsesdir. Bir ucdan alırlar, daşıyırlar. Təkcə son iki il ərzində Hindistanla yüz milyonlarla dollarlıq öldürücü silahların müqaviləsi imzalanıb, müxtəlif haubitsa, MLRS sistemləri, döyüş sursatları və digərləri isə artıq ünvanına çatdırılıb, məlum marşrutla. Hindistandan aviasiya raketlərinin, eləcə də orta mənzilli “Hava-hava” raketlərinin alınacağı barədə erməni mətbuatı yazıb ilk olaraq. Üstəlik, “Hindustan Times” qəzeti yazmışdı ki, Hindistan Ermənistanda Rusiya istehsalı olan Su-30 qırıcı təyyarələrini modernləşdirəcək. Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, İrəvanın 2024-2025-ci maliyyə illəri üçün Dehlidən silah və hərbi texnika almasına dair imzaladığı müqavilələrin həcmi 600 milyon dollara çatıb! “Sülh” üçün xərclənir bütün bu yüz milyonlar, eləmi?!
Ermənistan guya Rusiya ilə “müharibə” vəziyyətindədir. Ay KTMT-dən çıxırıq, Kremlə “kəllə atırıq”, daha nələr. Amma elə bu il Ermənistanın maliyyə naziri Vahe Ovannisyan demişdi ki, narahat olmayın, bu kimi məsələlərlə bağlı müzakirələr ictimaiyyətə açıqlanmır, lakin bütün əsas məsələlər həll olunub. “Ən azı Müdafiə Nazirliyindəki tərəfdaşlarımdan sualların qaldığına dair heç bir siqnal almamışam”, - nazir bildirmişdi. Yəni Rusiya vəd etdiyi, pulunu aldığı bütün silahları İrəvana yollayıb. “Sülh”ə baxın da...
Rusiya sərhədçiləri “Zvartnots”dan çıxan kimi, ABŞ-nin iki hərbi təyyarəsi hərbi yüklərlə endi. Bu dəfə də yük yerində ağ göyərçinlər deyildi. Ardınca ABŞ-nin Qərbi Zəngəzurda hərbi baza quracağı xəbəri yayıldı, ABŞ-Ermənistan birgə hərbi təlimləri keçirildi, erməni hərçilər Amerikaya aparıldı, NATO silahlarını əğz eləmələri üçün. Elə bu günlərdə Ermənistanda orduya kütləvi şəkildə çağırışlar davam edir, hərbi təlimlər məqsədilə. Fərari ölkənin vətəndaşlarını orduya çağırıb, sülh marşı öyrətmirlər təbii ki...
Ermənistanın silah almadığı ölkə qalmayıb az qala. Qonşu İrandan aldığı son silah partiyasının 500 milyon dollarlıq olduğu da təkzib olunmadı. Fransadan göndərilənlərin bir hissəsi hələ də Poti limanındadır, Gürcüstan gözlədir.
Reallıq budur ki, Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır!!! Ermənistanda revanşizm əhval-ruhiyyəsi, Fransanın təhriki ilə Ermənistanın sürətlə silahlanması və yeni müharibəyə hazırlaşması bölgəni növbəti dəfə od-alova qərq edə bilər! Ancaq Paşinyan və komandası bu təhlükənin miqyasını anlamır. Xatırlayırıq, 2020-ci ildə “yeni ərazilər uğrunda” müharibəyə hazırlıq gedirdi, başları əzildi, ordu darmadağın edildi, bir az kiridilər. Amma sonrakı dönəmdə Azərbaycanın qələbəsini həzm edə bilməyən paytaxtların, mərkəzlərin səfərbərliyi, “hamımız erməniyik” platforması çərçivəsində Ermənistanın hərbiləşdirilməsi, onun yenidən savaşa sövq edilməsi istiqamətində fəaliyyətləri təhlükəli vəziyyət yaradıb. Azərbaycan qalib tərəf olsa da, Ermənistandakı terrorçuların, revanşistlərin, daşnak tör-töküntülərinin, uşaq, qadın, qoca qatillərinin birdəfəlik məhv edilməsi istiqamətində addımlar atmadı, bir sıra ölkələrin nümunəsində olduğu kimi. Dövlətimiz humanist davrandı, məsələlərin sülh yolu ilə həllinə önəm verdi, 3+3 formatında uzunmüddətli əməkdaşlıq təklif etdi. Bunun əvəzində, nəfəs dərmək imkanı qazanan Ermənistan silahlanmaya girişdi, heç olmasa “pir qələbəsi” qazanmaqla sülh müzakirələrinə “əli güclü” gəlməkdən ötrü. Nikol Paşinyan kiçik də olsa, üstünlük qazanmağa çalışır ki, hakimiyyətinin ömrünü uzatsın, sonda hakimiyyəti Aşota ötürsün. Çünki erməni revanşistlər Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Nikolu “taxtdan düşən” kimi, tikə-parça eləməyə hazırdırlar, ailəsinə fəlakətlər yaşadacaqlar, bunu sosial şəbəkələrdəki paylaşımlar, təhdidlər də sübut edir. Ona görə də Nikol Paşinyan Ermənistana ayrılan vəsaitləri silah alışına yönəldir. Gerçəklik budur ki, Paşinyanın reytinqi getdikcə aşağı düşür və bunun qarşısını almaq üçün onun yeniliyə ehtiyacı var. Hətta “saqqal yükü”ndən də xilas oldu, amma nəticə əldə edə bilmədi, odur ki, bəzən anlaqsız vəziyyətdə çıxış yolları arayır. Ermənistan hakimiyyəti yeniliyi hərbi əməliyyatlarda və Azərbaycan üzərində kiçik də olsa, qələbə qazanmaqda görür;
Bir müddət əvvəl açıqlandı ki, Aİ tərəfindən Ermənistana göstərilən yardımın maksimal məbləği 12 milyon 900 min avrodur. Avropa Sülh Fondunun ayırdığı milyonları belə, Ermənistan silah-sursata xərcləyirsə, bu, artıq növbəti savaşa verilən “xeyir-dua”nın aşkar göstəricisidir! Görün necə harınlayıblar ki, artıq nüvə silahı əldə etməyin yollarını arayırlar. Kim bilir, bəlkə elə Metsamor AES-də amerikanlarla birgə ilkin mərhələni keçiblər, xəbərimiz yoxdur. Ermənistanın arxasında duran Fransa, həmçinin Avropa İttifaqı aydın görürlər ki, Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmirlər, Rusiyanın diqqətini başqa səmtə yönəltmək və onun sərhədlərinə yaxın yeni münaqişə ocağı yaratmaqla qüvvəsini bölməyə çalışırlar. Tam əminik, Ermənistanın yeni müharibə avantürası Qərbin növbəti planıdır. Burada Ermənistan hakimiyyəti ilə Qərbin maraqları üst üstə düşür. Avropa İttifaqının Ermənistanda “mülki” adında hərbi missiyası, Qərbin Azərbaycan ordusu, hərbi hissələrin dislokasiyası, potensial imkanları barədə kəşfiyyat məlumatları toplayaraq Ermənistana ötürməsi də Ermənistanın əlinin gücləndirilməsinə hesablanıb.
Görünən budur ki, Qərbin təhriki və dəstəyi ilə Ermənistanın silahlanması Cənubi Qafqaz ve gionunda vəziyyətin gərginləşməsinə, kövrək sülhün pozulmasına və yeni müharibənin başlanmasına aparır. Deməli, Paşinyana və komandasına yarımçıq sülhün imzalanması məhz silahlanmanı tam şəkildə başa çatdırmaq, alınan müasir silahlardan istifadə edəcək şəxsi heyət yetişdirmək üçün lazım imiş. Fürsət düşən kimi, Ermənistan hətta delimitasiya və demarkasiya edilmiş 12,5 km-lik ərazilərdən belə, Azərbaycana hücum edə bilər! Ermənistanın addımları və davranışları, sülh bəyanatlarından sadəcə şərti sərhədlər boyunca yerləşdirdiyi ağır texnika, hərbi sursat, şəxsi heyətin kamuflyaj məqsədilə istifadə edir.
Kəsəsi, belə aydın olur ki, ermənicə “sülh” “müharibə” demək imiş. Günah özlərinin, cəhənnəm Tanrının. “Dəmir Yumruq”dan inciməsinlər!
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ