İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni kilsəsi və revanşistlərin “artsax sancıları” – Uzağı yanvarın 1-dək...  

“Gallup” Beynəlxalq Assosiasiyasının Ermənistanda keçirdiyi son rəy sorğusu maraqlı nəticələri üzə çıxarıb. Hansıların ki, xeyli dərəcədə bizə də dəxli var.

Ondan başlayaq ki, respondentlərin 46,6 faizinin fikrincə, rəsmi İrəvan Qarabağda vaxtilə mövcud olmuş oyuncaq qurumun “müstəqilliyi” uğrunda yenidən mübarizə aparmalı, yalnız ondan sonra Qarabağ erməniləri öz evlərinə qayıtmalıdır. Sorğu iştirakçılarının 40 faizi isə hesab edir ki, Ermənistan Qarabağdan gedən erməniləri inteqrasiya etmək, onlara sosial-hüquqi dəstək vermək üçün hər şeyi etməlidir. Rəyi soruşulanların yalnız 9,2 faizi Qarabağda yaşamış ermənilərin Azərbaycanın nəzarətində olan bölgəyə qayıtmasının mümkün sayıb.

Nəticələr sözsüz ki, hər şeydən öncə ermənilər arasında ksenofik ovqatın, Türkə nifrətin qaldığını göstərir. Eyni zamanda, bu, Azərbaycana qarşı əsassız torpaq iddiasının böyük bir kəsimə hələ də hakim kəsildiyinin sübutudur. Paşinyanın boş-boş danışması ilə deyil ki. Elə təkcə o fakt ki, Ermənistanın konstitusiyasında keçmiş DQMV onun ərazisi kimi göstərilib, özlüyündə hər şeyi deyir...

Ancaq “sirkə nə qədər tünd olsa, öz qabını sındırar”. Başqa xalqa qarşı kin-küdurəti milli ideologiya səviyyəsinə qaldıran hansı cəmiyyət ağ günə çıxıb ki? Dünyada inkişaf eləmiş, əhalisi rifah içində olan bircə monoetnik dövlət göstərə bilərsinizmi? Yoxdur. Hətta ərəblərlə qarşılıqlı düşmənçilik vəziyyətində olan İsraildə günü bu gün 9.5 milyonluq əhalinin 21 faizi ərəbdir, ərəb dili isə xüsusi statusa malikdir...

Mətləbdən uzaqlaşmayaq.

“Dəniz duzu”nun dadını bilmək üçün damla da yetərlidir. “Gallup”un sorğusu da göstərir ki, erməni cəmiyyətinin az qala yarısı (46.6%) 2-ci Qarabağ savaşından, 24 saatlıq antiterror tədbirlərindən dərs götürməyib, ağıllanmayıb, Azərbaycanla dinc-yanaşı yaşamağın tərəfdarı deyil və separatizmə təzə “nəfəs” verilməsini istəyir.

Balaca rəqəm sayılmaz. Təsəvvür edin, üzləşdikləri bunca bəla-müsibətdən sonra, Azərbaycanın öz suverenliyini tam bərpa edib öz halal haqqını almasından sonra da kapitulyant ölkədə revanşizm hissləri azalmayıb. Bu, həm də o ehtimalı gücləndirir ki, Bakının şərtləri əsasında sülh müqaviləsi imzalanarsa, Ermənistan qarışa bilər.

Heç şübhəsiz, belə radikal ovqatın erməni cəmiyyətində kök salmasında Fransa başda olmaqla, xarici havadarların da mühüm rolu var. Məhz bu abı-havadan cəsarətlənərək mifik qurumun uydurma “parlamenti”nin “deputatları” tezliklə İrəvanda toplaşıb “artsax”a “ikinci nəfəs” verməyə, guya hər şeyin itirilmədiyi görüntüsünü yaratmağa hazırlaşırlar.

Olsun. 30 il “dövlətcik-dövlətcik” oynayanlar qoy uzağı yanvarın 1-dək bir az da “evcik-evcik” oyunu oynasınlar. Hərçənd Paşinyan hökuməti Ermənistanda qondarma “dqr institutları”na icazə verilməyəcəyini bildirib. Gözləyək...

Daşnak ünsürü, “Hayastan” müxalif deputat blokunun üzvü Armen Rüstəmyan isə bütün reallıq hisslərini itirərək bildirir ki, “artsax məsələsi bağlanmayıb, bunun əksini söyləmək Azərbaycanın maraqlarına xidmət eləməkdir”. Ardınca da iddia edir ki, Ermənistanın “artsaxın müstəqilliyi”ni tanımaması ən böyük strateji səhv olub.

Zavallılara heç cür çatmır ki, erməni xalqının ən böyük strateji səhvi bu deyil. İllərdir “miatsum” sərsəmliyini ona sırıyan siyasi avantüristlərin ardınca getməsidir. Yəni bu toplum əslində Azərbaycana minnətdar olmalıdır ki, onu dəhşətli, xroniki bir mərəzdən faktiki xilas edib – təbii ki, bir daha revanşist-radikalların felinə uymasa. Bu isə artıq bizim problem deyil.

Beləcə, separatçı-radikallar indi də tarixin zibilliyində eşələnməyə, “artsax”, “miatsum”, “Böyük Ermənistan” axtarmağa başlayıblar. Daha iki dəlil.

Məsələ ondadır ki, Azərbaycanın mərhəmət göstərib Ermənistana keçməsinə izn verdiyi silahsız separatçılar gələn xəbərlərə görə, həvəslə Ermənistan ordusuna cəlb olunur. Xeyir ola? Nə hazırlıqdır belə?

Yaxud az öncə məlum oldu ki, erməni katolikosluğu (Eşmiədzin) qanunsuz “artsax yeparxiyası”nı qoruyub saxlamaq barədə təxribatçı qərar çıxarıb. Dünyada görünməmiş haldır ki, bir dövlətin dini mərkəzi başqa dövlətin ərazisində mövcud olmayan bir icmanın dini təsisatını həmin ölkənin razılığı, suverenliyi və ərazi bütövlüyünü saya salmadan saxlayır (İcma olsa belə, məsələ Azərbaycanın Konstitusiyası, qanunları çərçivəsində həllini tapmalıdır). Hədəf məlum: erməni separatizm bundan sonra həm də bu şəkildə gündəmdə saxlanacaq, təbliğ olunacaq.

Nə deyək. Erməni hoqqalarına öyrəncəliyik. Bu millətin xislətinə də yaxşı bələdik. Hər halda Azərbaycan nə edəcəyini bilir. Revanşist-daşnaklar, radikallar da bilsin ki, bizim “fors-major” vəziyyətlər üçün B planımız da var, lazım gəlsə, “C” planımız da...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR