Onlayn ictimai-siyasi qəzet
“Rusiya və Qərbin böyük hissəsi Ermənistanı Azərbaycana qurban verməyə çoxdan razılaşıblar”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikir yerli politoloq Armen Ayvazyana məxsusdur.
Onun sözlərinə görə, Rusiya İrəvana zəmanət verməyəcəyini açıq şəkildə bəyan edir, hər gün Ermənistana qarşı Azərbaycana dəstəyini göstərir. Elə Qərbin özü də Ermənistana zəmanət verməyəcəyini bildirir. Erməni ekspertin fikrincə, bu gün nə Qərbdən, nə də Rusiyadan Azərbaycana yönəlik heç bir təzyiq əlaməti yoxdur.
Ayvazyana görə, bu cür təminatlar Azərbaycana siyasi, diplomatik və iqtisadi təzyiqləri əhatə edə bilərdi. “Həm Rusiyanın, həm də Qərbin bunun üçün lazımi təsir rıçaqları var. Lakin onlar dünyanın müxtəlif yerlərində baş verən ziddiyyətlər fonunda onilliklər ərzində Azərbaycanı maliyyələşdirir və silahlandırırlar, Bakının Ermənistana qarşı davam edən təhdidlərə göz yumurlar”, - deyə o qeyd edib.
Ayvazyan rusiyapərəst və qərbyönlü siyasətçiləri və ekspertləri Ermənistan ictimaiyyətini çaşdırmamağa çağırıb. “2023-cü ilin payızında Qarabağdakı hərbi əməliyyatdan bir neçə gün əvvəl İstanbulda Rusiya, ABŞ və Avropa İttifaqının nümayəndələri arasında görüş keçirilib. Aydındır ki, görüşdə Türkiyə tərəfi də iştirak edib”, - deyə erməni politoloq bildirib.
Ravanşist ekspert yenə müharibədən danışıb. “Azərbaycana heç bir güzəşt edilə bilməz. Bundan əlavə, diqqətimizi İrana yönəltməli, onunla müqavilələr bağlamalı, birgə təlimlər keçirməli, lazım gələrsə, Sünikdə müəyyən sayda İran bölmələrini yerləşdirməliyik”, - deyə Armen Ayvazyan fikrini bu cümlə ilə yekunlaşdırıb.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ