Onlayn ictimai-siyasi qəzet
Prezident Administrasiyasında erkən nikahların qarşısını almaq üçün təkliflər hazırlanıb
Azərbaycanda erkən nikahların qarşısını almaq üçün müvafiq qanunlar və digər normativ-hüquqi aktlara əlavə və dəyişikliklər üçün təkliflər hazırlanıb. Bu barədə Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov jurnalistlərə açıqlamasında bildirib. R.Qasımov bildirib ki, əsas məqsədləri bu təkliflərin ictimaiyyətlə birgə müzakirəsi və effektiv həll yolunun tapılmasıdır:
“Erkən nikahlarla bağlı maarifləndirmə, ictimaiyyətin bu problemlərin həllinə qoşulması mühümdür. Təbii ki, biz anlayırıq ki, erkən nikah tək Azərbaycanda deyil, dünyada da ciddi problemdir. Bu problem bizi də narahat edir. Məqsədimiz balanslı, effektiv həll yollarının tapılmasıdır”.
Qeyd edək ki, Azərbaycanda erkən nikah probleminin aradan qaldırılması istiqamətində həm inzibati, həm də maarifləndirici tədbirlər aparılmasına baxmayaraq, son dövrlər bu problemin daha da artdığı müşahidə olunur. Erkən nikah qanunla qadağan olmasına baxmayaraq, xüsusən bölgələrdə bəzi ailələr buna məhəl qoymur. Təkcə son bir həftə ərzində ölkədə 3 erkən nikahın qarşısı alınıb. Belə ki, Beyləqanda 16 yaşlı qızın 42 yaşlı şəxsə zorla ərə verilməsinin, Bakı kəndlərinin birində 16 yaşlı qızın toy mərasiminin, Naxçıvan Muxtar Respublikasında 16 yaşlı qızın evlənmək məqsədilə qaçırılmasının qarşısı alınıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, 2023-cü il ərzində quruma erkən nikahla bağlı 50 müraciət daxil olub, bu müraciətlərdən 20 fakt üzrə cinayət işi başlanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova isə komitənin 2023-cü il fəaliyyətinin yekunlarına həsr olunmuş brifinqdə deyib ki, ötən il erkən nikah hadisəsi ilə bağlı 29 fakt üzrə monitorinq aparılıb - ailə səfərləri təşkil edilib, 25 erkən nikah halının qarşısı alınıb.
Göründüyü kimi, erkən nikahla bağlı işlər aparılsa da, problem səngimək bilmir.
Bəs daha hansı tədbirlərə ehtiyac var? Niyə valideynlər qızlarının taleyinə bu cür məsuliyyətsiz yanaşır?
Millət vəkili Fazil Mustafa hesab edir ki, erkən nikaha daxil olan qızların toyu üçün restoran sahiblərinin cəzalandırılması erkən nikahla mübarizə üsullarından biri ola bilər: “Bu toyun təşkilində kimin iştirakı varsa, onlar da məsuliyyətə cəlb olunmalıdır”.
Taliyə İbrahimova
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib ki, erkən nikahla bağlı mərasimlərə görə məsuliyyətin müəyyənləşdirilməsi təklif olunur: “Bu halların qarşısının alınması va cəzalandırılması ilə bağlı mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir. Eyni zamanda nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi və erkən evliliklə nəticələnən mərasimlərin keçirilməsinə görə də məsuliyyətin müəyyən edilməsi təklif olunur”.
Mövzu ilə bağlı tanınmış psixoloq Vəfa Rəşidova “Yeni Müsavat”a danışıb: “Bu problemin arxasında birinci növbədə ailə modeli və ailədə təhsilə nə qədər önəm verilməsinin səbəbləri yatır. Yəni hansı ailədə ki, valideyn uşağı düzgün, təhsilə istiqamətləndirir, həmin ailələrdə qızlar ərə getmək kimi bir alternativ seçmirlər, onlar üçün ilk növbədə təhsil önəmli olur. Təhsilə istiqamətləndirilməyən, təhsilə meyilli olmayan qızlar da çalışırlar ki, tez bir şəkildə ərə getsin, ər onu saxlasın, məsuliyyətini çəksin. Erkən nikaha da daxil olduqdan sonra bəhanə gətirirlər ki, valideynləri onu oxutmadıqları, təhsilinə pul ödəmədikləri üçün bu addımı atıb. Amma halbuki təhsil almaq üçün mübarizə aparmağın bir çox yolları var, yəni çətin deyil. Yetər ki, insan bunu istəsin.
Vəfa Rəşidova
Daha bir məsələ, erkən yaşda ərə gedən qızlar hamiləliyə, ana olmağa hazır deyillər. Qadında uşağın inkişaf etdiyi orqanlar tam yetişmədiyindən bətndəki uşağın da inkişafı ləngiyə bilir ki, bu da anormallığa gətirib çıxarır. Eyni zamanda vaxtından tez ana olmaq qadının tez yaşlanmasına, müxtəlif xəstəliklərə tutulmasına, orqanizmində hormonlar balansının pozulmasına səbəb olur. Sübut olunub ki, qadın xəstəliklərinə əksər hallarda erkən yaşda ailə quran qadınlarda rast gəlinir.
Həmçinin erkən yaşda ana olan qızlar təkcə fiziki deyil, həm də psixoloji olaraq da buna hazır deyillər. Anaya ehtiyacı olan qızlar özləri erkən yaşda ana olur, uşaqlarına doğru-dürüst tərbiyə verə bilmir. Erkən nikaha daxil olan qızlar ana olduqdan sonra öz övladları ilə savadsız, düzgün olmayan formada rəftar edir, təzyiq göstərirlər ki, mən təhsil almamışam, amma sən oxumalısan. Burada bir sual yaranır ki, “bəs sən niyə oxumadın, kim sənə mane oldu?” Bu zaman yenə də valideynlərini əsas gətirib, özlərini müdafiə edirlər.
Övladlarını təhsilə meyilləndirmək məsuliyyəti birinci növbədə valideynlərin üzərinə düşür. Amma bir çox valideynlər “qızımı tez ərə verim, yüküm azalsın”, - deyə düşünür. Yəni hazırda 2024-cü ildir və hələ də bu gün qız övladını “yük”, oğlan övladını isə “şah əsəri” kimi görənlər, “oğul düşmən çəpəridir” deyənlər var. Əsas problem də budur. Valideynlər tez bir zamanda qızlarından azad olmağa, ərə verməyə çalışırlar. Bu psixologiyada doğulan qız uşağı üçün də təbii ki, ərə getmək ona görə ən böyük uğur sayılacaq. Bu, cahillikdir. Əlbəttə ki, dəftər-kitabın, təhsilin, dünyagörüşünün, məntiqin olmadığı yerdə cahillik at oynadır.
Beləliklə, ata-ana, valideyn və övlad məsuliyyətsizliyinin birləşməsi erkən nikaha yol açır və biz sonradan bədbəxt taleləri izləyirik".
Hazırladı: Xalidə GƏRAY
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ