İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan, Putin və Əsəd görüşəcək - Türkiyə liderindən ilginc təklif

Suriya böhranını həll etmək üçün üç ölkə başçıları bir araya gələ bilər; Vaşinqton məsələyə necə yanaşacaq?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Türkiyə, Rusiya və Suriya liderlərinin görüşünü təklif edib. “Yeni Müsavat” yazır ki, Ərdoğan Suriya - Türkiyə - Rusiya üçtərəfli birliyi olaraq hərəkət etmək istəyini ifadə edib. Onun sözlərinə görə, bunun üçün əvvəlcə kəşfiyyat orqanlarımız, sonra müdafiə nazirləri və xarici işlər nazirləri  görüşməlidir. Onların görüşlərindən sonra lider olaraq bir araya gələk. “Mən bunu cənab Putinə təklif etdim və o, buna müsbət reaksiya verdi. Beləliklə, biz bir sıra görüşlərə başlayacağıq”, - deyə Türkiyə lideri vurğulayıb.

Uzun müddətdir dalana dirənmiş Suriya böhranının həlli ilə bağlı Ərdoğanın irəli sürdüyü təklif, yəni ən yüksək səviyyədə müzakirələr yeni gəlişmədir. Dünyada hazırda cərəyan edən proseslər, xüsusilə İranla bağlı baş verənlər bölgədə Suriya məsələsinin həllinin yenidən gündəmə gəlməsini təbii olaraq şərtləndirir. Ukrayna krizisi, dünyanın diqqətinin bu müharibəyə yönəlməsi fonunda da Suriya problemini yoluna qoymaq indi Ankara və Moskva üçün vacibdir. Hətta Tehrana da... Düzdür, Vaşinqton Suriyada silahlı kürdləri dəstəkləyir, amma bu ölkədəki münaqişə getdikcə əhəmiyyətini itirməyə, arxi-aktual konfliktə çevrilməyə başlayır. Üstəlik, Əsəd rejiminin qorunub saxlanması ilə burada müxtəlif qüvvələrin maraqlarını xeyli dərəcədə tormozlaya bildilər. Amma Türkiyə üçün indi mühüm olan Suriya ilə sərhədində terror təhdidlərini sıfıra endirməkdir.

Ərdoğan bu günlərdə açıqladı ki, qurudan və havadan antiterror əməliyyatlarına başlanacaq, lakin yerini və vaxtını deməyəcəklər. Rusiya isə Türkiyənin əməliyyatlarından məmnun olmasa da, Ukrayna müharibəsi səbəbindən, eləcə də Ankaradan bir sıra asılılıqlarının olmasına görə antiterror addımlarına təmkinlə yanaşmağa çalışır. O zaman Ərdoğanın Suriya planı baş tutacaqmı? Üç ölkə liderinin görüşü nə vəd edir? Bu prosesə ABŞ-ın mövqeyi necə ola bilər? Rusiya Prezident Aparatının mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Bəşər Əsəd arasında görüş təşkil edə bilər. “Vladimir Putin dəfələrlə regionda sabitlik naminə iki prezident arasında görüşün təqdirəlayiq olduğunu vurğulayıb. Rusiya tərəfi bu görüşə hərtərəfli dəstək verməyə hazırdır”, - deyə Peskov bildirib.

Siyasi şərhçi Ramiyə Məmmədovanın fikrincə, prinsipcə görüş mümkündür, lakin tezliklə baş tutmasını gözləmir. Onun sözlərinə görə, Ərdoğan İsraillə barışıqdan sonra Suriya ilə də münasibətləri yoluna qoymaq istəyə bilər, amma arada körpülər yanıb. “Sözsüz ki, siyasətdə əbədi düşmənçilik olmur. Ancaq Əsəd görüşəcəkmi? Düzdür, Suriyanın iqtisadi dəstəyə ehtiyacı var. Türkiyədə olan suriyalı qaçqınların da qayıdışı üçün müəyyən razılaşmalar mümkündür. Sadəcə, Əsəd rejimi indi İran və Rusiyanın sözünə baxır”. Ekspert hesab edir ki, Türkiyə Ukrayna-Rusiya böhranında əsas vasitəçi olduğu kimi, Kreml də Ankara-Dəməşq arasında moderatorluq edə bilər: “Şərq və Qərb krizis içərisindədir. Və bunların hər birində Türkiyə, Rusiya, İran iştirak edirlər. İndi yeni dünya nizamının quruculuğu prosesi getməkdədir. Təbii ki, dövlətlər paylarını götürmək üçün çırmanıblar. Ona görə geopolitik qarşıdurmanın olimpində çalışırlar ki, bəzi arxiv böhranları yoluna qoysunlar. Ola bilsin ki, üçtərəfli görüş keçiriləcək, amma tezliklə böhran həllini tapmayacaq. ABŞ Suriyada YPG qüvvələrini dəstəkləyir, Rusiya bölgədən çıxmaq istəmir, Əsəd rejimi Tehran və Moskva arasında qalıb, beləcə konkret işıq görünmür. Yəni 2011-ci ildən bu problem başlayıb, 11 ildir ki münaqişə bitmir, səngiyib, amma sönməyib”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR