İnsanlara hürriyət, millətlərə istiqlal!

Entoni Blinken Dövlət Departamentinin hesabatını necə şərh edir?

ABŞ-ın dövlət katibi Entoni Blinken Dövlət Departamentinin dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabatını şərh edib.

ABŞ Dövlət Departamentinin hesabatı 2021-ci ili əhatə edir. Hesabat bugünlərdə açıqlanıb.

Hesabatda deyilir ki, il ərzində dünyada avtoritarizm demokratiyanı ciddi surətdə təhdid edib.

“Nyu-York Tayms” qəzeti yazır ki, bu hesabat ABŞ prezidenti Cozef Baydenin dünyada avtoritarizmin vüsət aldığı, avtoritarizmlə demokratiya arasında əsl yarış getdiyi barədə xəbərdarlığını təsdiqləyir.

Novator.az-ın məlumatına görə, Rusiyanın 2022-ci ildə Ukraynada başlatdığı müharibə fonunda cərəyan edən hadisələr hesabat dövrünə aid olmasa da, Entoni Blinken sənədi şərh edərkən əsasən Rusiya və Çin üzərində dayanıb. O, bu ölkələrdə hökm sürən rejimlərin 2021-ci il ərzində daha repressiv hala gəldiyini vurğulayıb.

Blinken qətllər, əsassız həbslər, şübhəlilərin polis zorakılığına məruz qalması, qanunsuz əməllərdə iştirak edən hüquq mühafizə orqanı əməkdaşlarının məsuliyyətə cəlb olunmaması faktlarının daha çox Rusiyada qeydə alındığını söyləyərək dünyada insan haqlarını ən çox Rusiya hakimiyyətinin pozduğunu bildirib.

Çindən danışarkən dövlət katibi deyib ki, 2021-ci ildə Çin hökuməti Sincan bölgəsində etnik uyğurlara qarşı soyqırımı cinayətləri törətməkdə davam edib, habelə Honqkonqda fundamental azadlıqları boğub.

Entoni Blinken İran kəşfiyyatının nyu-yorklu jurnalisti oğurlaması, Belarusda jurnalisti həbs etdirmək üçün başqa ölkəyə uçan sərnişin təyyarəsinin paytaxt Minskdə yerə enməyə məcbur edilməsi məsələlərinə də toxunub.

O, Kuba və Misirdə də hökumətlərin tənqidçiləri həbs etməyə təşəbbüs göstərdiyini bildirib.

Blinkenin sözlərinə görə, Amerika öz qoşunlarını Əfqanıstandan çıxarandan sonra bu ölkədə insan hüquqları sahəsində vəziyyət pisləşib. Dövlət katibi Əfqanıstanda qadınların, etirazçıların və jurnalistlərin özbaşına saxlanması hallarından narahatlığını ifadə edib.

“Nyu-York Tayms” qəzeti yazır ki, Dövlət Departamentinin hesabatında ABŞ-ın avtoritar tərəfdaşı, neftlə zəngin Səudiyyə Ərəbistanında baş vermiş hüquq pozuntularına geniş yer ayrılıb.

Hesabatı şərh edərkən Entoni Blinken dünyada bəzi hökumətlərin tənqidçilərə qarşı əməliyyatlar zamanı bütün çərçivələri aşdığını, getdikcə daha sərt üsullara əl atdığını vurğulayıb.

ABŞ Dövlət Departamentinin 2021-ci ildəki hesablamasına görə, dünyanın 65 ölkəsində bir milyondan çox siyasi məhbus var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR