İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev sülh masasında şərtləri təkbaşına diktə edir: Avropa Birliyinin imici və nüfuzu Bakıdan asılıdır

Fransa ucbatından Brüssel prosesinin uğurları ciddi təhlükə altında qalıb, Avropa Birliyində Azərbaycanın Qranada görüşündən imtina etməsindən sonra Cənubi Qafqazda Rusiyanın orbitrliyinin yenidən ön plana keçmə ehtimalının artdığını anlayırlar... Ona görə də, indi Avropa Birliyi yenidən üçtərəfli Brüssel formatına qayıtmaqla, Rusiyanın təşəbbüsü ələ almaq şansını əngəlləməyə çalışır, əgər, növbəti görüş baş tutarsa, əsas gündəliyi rəsmi Bakının müəyyən edəcəyi şübhə doğurmur...

Afrikadan qovulan Fransa Cənubi Qafqazda da iflasa uğramağa başlayıb. Rəsmi Paris Cənubi Qafqaza böyük ümidlər bəsləyirdi. Afrikada itirdiklərinin müəyyən bir qismini bu regionda kompensasiya etməyi planlaşdırırdı. Və bu hədəfinə çatmaq üçün də Cənubi Qafqazda sülh prosesi üzərindən manipulyasiyalara cəhd göstərirdi.

Əslində, rəsmi Parisin geopolitik hesablamalarının tamamilə yanlış olduğunu iddia etmək də çətindir. Belə ki, 44 günlük savaşdan sonra Cənubi Qafqazda yeni situasiya yaranmışdı. Rusiyanın geopolitik mövqeləri ciddi şəkildə zəifləmişdi. Fransanın təsiri altında olan Ermənistan isə Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmağa can atırdı. Və bütün bunlar Fransanın iştahını qabartmaqla yanaşı, rəsmi Parisdə əlverişli fürsət təsəvvürü yaradırdı.

5b5a96dd2b20ba074fa414c406a51064.jpg (261 KB)

Ancaq rəsmi Paris Cənubi Qafqazda məkrli oyunlar qurmaq niyyətinə düşərkən, yalnız Azərbaycanın verə biləcəyi reaksiyanın təsir gücünü nəzərə almağa ehtiyac duymamışdı. Böyük ehtimalla Azərbaycanın dünya nəhəngi hesab edilən Fransaya münasibətdə maksimum səviyyədə ehtiyatlı davranacağına əmin idi. Yəni, rəsmi Paris Azərbaycanı hesaba qalmayaraq, yalnız Rusiya ilə rəqabət aparacağını arxayın olmuşdu.

Ona görə də, Fransa Rusiya ilə rəqabət məqsədilə Ermənistan üzərindən Cənubi Qafqaza yerləşməyə cəhd göstərirdi. Bu prosesdəsə, Ermənistanı dəstəkləməklə, Azərbaycanın milli maraqlarını öz mənafeyi çərçivəsində "xərcləmək" niyyətinə düşmüşdü. Və indi böyük ehtimalla rəsmi Paris də tam dəqiqliyi ilə anlayır ki, bu, Fransanın Cənubi Qafqazda buraxa biləcəyi ən yolverilməz səhv idi.

Məsələ ondadır ki, rəsmi Bakı Fransanın Azərbaycanın milli maraqları üzərindən faydalanmaq niyyətlərinə olduqca sərt və qətiyyətli reaksiya verdi. Xüsusilə də, Prezident İlham Əliyevin Fransanın Cənubi Qafqazda cərəyan edən proseslərdə iştirakını bloklanması rəsmi Parisi küncə sıxışdırdırdı. Rəsmi Paris belə cəsarətli reaksiyanı gözləmədiyindən əvvəlcə ciddi çaşqınlıq keçirtdi. Ardınca isə vəziyyəti düzəltmək üçün Azərbaycana təzyiq göstərməyə cəhd göstərdi.

Təbii ki, Fransa zaman keçdikcə, Azərbaycanın real gücünü və siyasi iradəsini nəzərə almaq məcburiyyətində qaldı. Rəsmi Paris nəhayət ki, Cənubi Qafqazda Fransanın əsas rəqibinin əslində, Rusiya deyil, məhz Azərbaycan olduğunu anlaya bildi. Və təkbaşına Azərbaycan qarşısında üstünlük qura bilməyəcəyini nəzərə alaraq, özünə müttəfiqlər tapdı.

9745224f5f8fd41fe1e2f76ad7b56d0a.jpg (63 KB)

Maraqlıdır ki, rəsmi Paris Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel və Almaniya kansleri Olaf Şolts ilə situasiyanı öz xeyrinə dəyişə biləcəyinə əmin görünürdü. Belə ki, Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri Olaf Şoltsu da yanına alıb, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçilik missiyasına ortaq olmaq niyyətinə düşdü. Hətta Azərbaycan və Ermənistan liderlərinin bir neçə görüşündə iştirak etməyə də nail oldu.

Ancaq rəsmi Parisin hesablamaları yenə yanlış idi. Çünki Fransa ortaq olmağa çalışdığı vasitəçilik missiyasından Cənubi Qafqazda sülh prosesinin inkişafına deyil, əksinə, regionda yeni savaşın törədilməsinə yönəlik istifadə etməyə çalışırdı. Hər halda, Fransa prezidenti bir neçə dəfə sülh sazişinin imzalanmasına yaranmış münbit şəraiti pozmağa bacarmışdı. Və bu dəfə oxşar "missiya"nı Qranada görüşündə icra etməyə hazırlaşırdı.

Halbuki, bu dəfə rəsmi Bakı prezident Emmanuel Makrona belə bir şans tanımadı. Azərbaycan liderinin Fransanın iştirak etdiyi görüşə qatılmayacağını bəyan etdi. Bu isə Fransanın beynəlxalq imicinə, eləcə də, Cənubi Qafqaza münasibətdə qurduğu məkrli planlara sarsıdıcı zərbə vurulması anlamına gəlirdi. Və rəsmi Paris üçün Cənubi Qafqazın sülh masasından qovulmaq xarakteri daşıyırdı.

Beləliklə, Fransa Cənubi Qafqaz uğrunda mübarizədə Azərbaycan qarşısında növbəti dəfə ağır məğlubiyyətə uğramış oldu. İndi rəsmi Parisin Cənubi Qafqaz planlarını hətta Avropa Birliyinin mülki müşahidə missiyasının "çətiri" altında Ermənistana yerləşdirməyə nail olduğu fransız və alman casusları belə, xilas edə bilməz. Yəni, Fransa üçün regional sülh prosesinin, hətta bəlkə də, Cənubi Qafqazın qapıları uzun müddətlik qapadılıb.

30ed3f36-8368-4d7c-9517-ac6085b0de46.jpg (136 KB)

Ancaq rəsmi Bakı tərəfdən Fransanın oyundankənar vəziyyətə salındığı bu prosesdə daha bir önəmli və maraqlı məqam da mövcuddur. Belə ki, rəsmi Paris öz mövqeyi və riyakar oyunları ilə yalnız Fransanın deyil, həm də Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçilik missiyasını böyük risk altına salıb. Hər halda, prezident Emmanuel Makronla ortaqlıq Şarl Mişelin müəyyən uğurlar qazana bildiyi Brüssel prosesinə də rəsmi Bakının etimadını sarsıdıb. Və indi uğurlu vasitəçi imici korlanmağa başlamış Şarl Mişeli narahat edə biləcək əsas məsələ də məhz bu məqamdır.

Böyük ehtimalla Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel də bu təhlükəni gördüyü üçün dərhal situasiyanı düzəltməyə ehtiyac duydu. Belə ki, o, Fransa ucbatından Qranada görüşünün iflasa uğramasının ardından Azərbaycan və Ermənistan ilə təmasa keçdi. Nəticədə oktyabr ayının sonuna doğru Brüsseldə üçtərəfli görüşün keçirilməsini razılaşdırmağa nail oldu. Bu, müəyyən mənada, Avropa Birliyi tərəfindən də Fransanın arzuolunmaz "vasitəçilik missiyası"ndan imtina edilməsi anlamına gəlir.

Əslində, Avropa Birliyində Azərbaycanın Qranada görüşündən imtina etməsinin Cənubi Qafqazda sülh prosesinin yenidən Rusiyanın orbitrliyi altına keçmə ehtimalını artırdığını anlayırlar. Ona görə də, indi Avropa Birliyi yenidən üçtərəfli Brüssel formatına qayıtmaqla, Rusiyanın təşəbbüsü ələ almaq şansını əngəlləməyə çalışır. Bu baxımdan, əgər, baş tutarsa, növbəti Brüssel görüşünün məhz Azərbaycanın müəyyən etdiyi gündəlik üzrə keçiriləcəyi də qətiyyən şübhə doğurmur. Və bu, Avropa Birliyinin rəsmi Bakının siyasi iradəsinə artıq həssas yanaşmaq məcburiyyətində olduğunu göstərir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR