İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Məsimlidən SƏRT SÖZLƏR: “Kərə yağının bir kilosunun qiyməti..."

Deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında olduqca maraqlı fikirlər səsləndirib.

O, ikinci oxunuşda müzakirəyə çıxarılan “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi barədə danışarkən bildirib ki, qidanın keyfiyyəti minimumdursa,onun yüksək səviyyədə təhlükəsizliyindən danışmaq olmaz.

Məsimli qeyd etdi ki, qida təhlükəsizliyi milli təhlükəsizliyimizin mühüm tərkib hissəsi və genefondumuza bilavasitə təsir edən çox ciddi bir  məsələ olduğundan, “Qida təhlükəsizliyi haqqında” qanununu qəbul edilməsi çox vacibdir: “Eyni zamanda  qida təhlükəsizliyinə tələbin dinamikliyinin xeyli dərəcədə artdığı müasir şəraitdə bu sahədə elə bir qanun qəbul edilməlidir ki, əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə,eləcə də  istehlakçıların hüquqlarının müdafiəsinin etibarlılığının artırılmasının hüquqi təminatını gücləndirə bilsin”.

Ə.Məsimli ardınca qanun layihəsində nəzərə alınması vacib olan məsələlərdən bəhs etdi: “Birincisi, qanun layihsində qida təhlükəsizliyindən geniş söhbət açılsa da, keyfiyyət məsələsi arxa planda saxlanılır və qida məhsullarının yalnız minimum keyfiyyət göstəricilərilərindən söhbət gedir. Beynəlxalq sənədlərə əsaslanaraq ortaya qoyulmuş bu yanaşma qidanın keyfiyyət və təhlükəsizliyinin etibarlı nəzarət mexanizmi yaradılmış ölkələrdə bəlkə də özünü doğruldur.Amma qidanın keyfiyyət və təhlükəsizliyinin etibarlı nəzarət mexanizminin mövcud olmadığı  Azərbaycan şəraitində  bu, əslində, bir tərəfdən, məhsulların keyfiyyətinin aşağı salınmasını qanuniləşdirir, digər tərəfdən isə genetik modifikasiya olunmuş orqanizmlərə və yem məhsullarına  geniş meydan yaradır. Məsələn, daha çox gəlir əldə etmək istəyən biznes qurumları südün yağını,qaymağını yığır,yerdə qalan südün tərkibinə marqarin, bitki yağı,vaxtı ötmüş yağlar və sair daxil edirlər. Həmin qatqılardan alınmış qida məhsulu  təhlükəsizdir, amma keyfiyyətsizdir. Bu əsasda dükan-bazarda satılan süd və süd məhsullarının əksəriyytinin, xüsusən də kərə yağı adı altında satlan yağların əksəriyyətinin keyfiyyəti bərbad vəziyyətdədir. Kərə yağının 1 kilosunun qiyməti 16-30 manat və ondan da yüksək, marqarinin 1 kilosunun qiyməti 5 manat ətrafında, bitki yağının 1 litrinin və ya kilosunun qiyməti 4,50-5,50 manatdır, vaxtı ötmüş yağlar isə istehlaka yararsız olduğundan, sadəcə atılmalııdr. Həmin qatqılardan alınan yağabənzər məhsulu kərə yağı adı ilə satıb, qiymət fərqindən milyonlarla manat qazanırlar”. Ə. Məsimlinin sözlərinə görə, qanunlar elə hazırlanmalııdr ki, həmin fürsətcillərin istehlakçıların hüquqlarının tapdalamaqla milyinlarla əlavə gəlir götürülməsi kimi cinayət əməllərinin qanuniləşdirilməsinə yer olmasın: “Qidanın keyfiyyəti minimumdursa, onun yüksək səviyyədə təhlükəsizliyindən danışmaq olmaz! Ona görə də qanunda qidanın təhlükəsizliyi ilə keyfiyyəti məsələsinə münasibətdə optimal nisbət təmin olunmalıdır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR