Onlayn ictimai-siyasi qəzet
Əlcəzair ölkənin suverenliyinə ediləcək istənilən müdaxiləyə qarşı sərt şəkildə reaksiya verəcəyini bildirib.
Musavat.com xəbər verir ki, Əlcəzairin Xarici İşlər Nazirliyi Fransa XİN başçısı Jan-Noel Barronun Əlcəzairin 12 Fransa konsulluq əməkdaşının 48 saat ərzində ölkəni tərk etməsini tələb etməsini “ədalətsiz” adlandırmasına cavab olaraq məlumat yayıb.
“Bu qərar Əlcəzairin Fransadakı konsulluq əməkdaşının nümayişkaranə şəkildə saxlanılmasına cavab olaraq qəbul edilib. Bu, diplomatik normaların və təcrübələrin açıq şəkildə pozulmasıdır”, – deyə Əlcəzair XİN-in bəyanatında qeyd olunub.
Nazirlik həmçinin Fransa daxili işlər naziri Bruno Retaillonu da sərt şəkildə tənqid edib. Bildirilib ki, onun davranışları şəxsi maraqlarla diktə olunur, siyasi uzaqgörənlikdən və Əlcəzair-Fransa münasibətlərinin gələcək inkişafı qarşısında məsuliyyətdən məhrumdur.
Əlcəzair XİN vurğulayıb ki, saxlanılan konsulluq əməkdaşı diplomatik toxunulmazlığa malikdir. Buna baxmayaraq, Fransa hakimiyyəti onunla cinayətkar kimi rəftar edib, alçaldıcı münasibət göstərib. Qeyd olunub ki, bu insident ölkə prezidentləri arasında telefon danışığı və Fransa xarici işlər nazirinin Əlcəzairə səfəri ilə yaxşılaşan münasibətlər fonunda baş verib.
Əlcəzair xəbərdarlıq edib ki, Fransa daxili işlər nazirinin ölkənin suverenliyini pozacaq istənilən növbəti addımı “sərt və adekvat” cavabla qarşılanacaq. Bu cavab qarşılıqlılıq prinsipinə əsaslanacaq.
Xatırladaq ki, aprelin 11-də Fransada müxalifətçi Əmir Buxorsun ("Amir DZ" kimi tanınır) guya oğurlanması ilə əlaqədar olaraq üç əlcəzairli, o cümlədən konsulluq əməkdaşı saxlanılıb. Onlar Fransada ağır cinayətlər törətməkdə ittiham olunurlar.
Aprelin 13-də Əlcəzair Xarici İşlər Nazirliyi Fransanın səfiri Stefan Romateyə etiraz notası təqdim edib. 14 apreldə isə Əlcəzair 12 Fransa konsulluq əməkdaşının 48 saat ərzində ölkəni tərk etməsini tələb edib.
Musavat.com
16 Aprel 2025
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ