Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda bir aralar güclü şahmat məktəbi yaranmışdı. Hətta dünya çempionu yetişdirmişdik. Harri Kasparovu nəzərdə tuturam. Burada bir haşiyə çıxım.
Bəzən bizimkilər haqlı olaraq Harri müəllimi “ermənipərəst” adlandırırlar. Anası erməni olan şəxs üçün nə dərəcədə uyğun yarlıkdır, bunu qoyaq bir qırağa. Sadəcə, Kasparovun düşmənçiliyində özümüzün də rolumuz olub, etiraf etməliyik. Məsələn, 1990-cı ilin 20 Yanvarında sovet ordusu Azərbaycanda dinc əhalini qıranda Kasparov “20 Yanvar şəhidləri fondu”na 5 min dollar yardım etmişdi və bunun qəbzini Azərbaycan Xalq Cəbhəsinin rəsmi orqanı olan “Azadlıq” qəzetinə göndərmişdi. Hətta 2000-ci illərdə Azərbaycanda keçirilən bəzi beynəlxalq şahmat turnirlərində iştirak arzusunu da bəzən dolayı, bəzən birbaşa çatdırıb, lakin Şahmat Federasiyamıza başçılıq edənlər (məsələn, Mərkəzi Bankın müdiri Elman Rüstəmov) bu istəyi qətiyyətlə rədd ediblər. O üzdən, “qoynumuzda ilan bəsləmişik” deməkdənsə, “ilanın quyruğunu özümüz basdalamışıq” söyləmək daha məqsədəuyğundur.
Qayıdaq yazımıza. Təəssüf ki, son illər şahmatın inkişafında geri qalırıq. Özbəkistan artıq bizi keçməkdədir. Rəsmi Daşkəndin idmana qayğısı, ümumiyyətlə, bizdən fərqli olaraq siyasi reklam üçün deyil, gerçək işləri əhatə edir. Məhz o siyasətin sayəsində hazırda Avropanın güclü liqalarında özbək futbolçular oynamaqdadır. Ali və orta təhsil müəssisələrinin stadionu yoxdursa, gözdən pərdə asmaq üçün saxta idman dərsləri keçilirsə, hansı inkişaf olacaq? Bir ara guya orta məktəblərdə şahmat öyrədirdilər, o da bütün işlərimiz kimi yarımçıq buraxıldı.
Nəsə, başınızı ağrıtmayım, mövzu bu deyil. Sadəcə, iki gün qabaq şahmat hakimi Faiq Həsənovun Ginnesin rekordlar kitabına düşməsi xəbərini görəndə təəccübləndim. Çünki bu adamı hələ uşaq vaxtımdan tanıyıram. Əyani, şəxsən deyil, televizor ekranından.
1980-ci illərdə, hələ SSRİ dövründə AzTV-də şahmat verilişi vardı, Faiq müəllim orada şahmat öyrədirdi. Sovet “keyfiyyətli” maqnit lövhədə bəzən fiqurlar yaxşı yapışmırdı, şah böyrü üstə əyilirdi, fil qopub piyadanı minirdi və sairə. Əyəncəli idi. Şəxsən mən şahmat öyrənmək üçün deyil, hansı fiqur qopacaq, ona baxmaq üçün intizarla ekran başına keçərdim. Ümumiyyətlə, Faiq müəllimin çox da yaxşı şahmat müəllimi olduğunu, uşaqlarda şahmata həvəs, məhəbbət yaratdığını iddia edə bilmərəm. Məndə bu yaranmayıb.
Sözgəlişi, o vaxt belə profil aparıcılar vardı, ekran, telekanalizasiya cəmi 1 dənə, alternativsiz olduğu üçün məcbur onlara baxırdıq. İndiki uşaqlar bunu təsəvvür belə edə bilməz. Məsələn, Qara müəllim var idi, heyvanlardan-zaddan danışırdı. Ayaz Salayev kinodan qırıldadırdı. Murtuz müəllim beynəlxalq temalarda danışır, kapitalist dünyasını pisləyirdi və sairə. Maraqlıdır ki, onların heç birisi öz sahəsinə maraq oyatmadı. Hər halda, mən “Salayevə baxıb rejissor olmaq, Murtuz müəllimi izləyib diplomat olmaq qərarına gəldim” deyənlərə rast gəlməmişəm. Bəlkə Qara müəllimə görə kimsə bioloq olubdur. Bir az o, şirin danışırdı.
Faiq Həsənovun müstəqillik dövrü fəaliyyətinə gələndə, sən demə, o, həmçinin bizim Şahmat Federasiyasında vitse-prezident imiş. Lakin Ginnesin kitabına bunun üçün deyil, “dünyada ən uzun müddət çalışan şahmat hakimi” şəklində düşübmüş. Tam 60 il 149 gün hakim işləyibdir.
Təbrik edirəm, davamlı olsun, inşallah, Faiq müəllimin 100 illik hakimliyini qeyd edək. Azərbaycan isə dünya rekordlarına tək hakimliyi ilə yox, oyunçuları ilə də düşsün.
Əslində bütün yazını elə bu sonluq üçün yazmışam: necə olur ki, bizim Faiq Həsənov, Tofiq Bəhramov kimi dünya şöhrətli idman hakimlərimiz var, ancaq bir Azərbaycan şöhrətli məhkəmə hakimi tapa bilmirik? Axı prinsipcə belə çıxır ki, biz ədalət duyğusundan tam məhrum deyilik.
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ