İnsanlara hürriyət, millətlərə istiqlal!

Düşmənləri dosta çevirən böyük siyasət: bunu 21-ci əsrin Azərbaycanı bacardı-qürurverici faktlar

Son həftə boyunca Azərbaycan siyasi gündəmi müəyyənləşdirən azsaylı ölkələrdən oldu. ADA Universitetində dünyanın onlarla ölkəsindən gəlmiş ekspertlərin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər xarici auditoriyada da geniş əks-səda doğurdu.

Dövlətimizin başçısı növbəti dəfə Azərbaycan həqiqətlərini faktlarla, sübutlarla, tarixə istinad edərək təqdim etdi, Ermənistan adlı kadastr sənədi olmayan ölkənin mövcud olduğu Qərbi Azərbaycan ərazilərindən başlamış, Qarabağadək, Zəngəzur dəhlizinədək...1923-cü ildə sovetlər tərəfindən yaradılan Dağlıq Qarabağ Muxtar Vilayətində kök salmış separatizmin son çırpıntılarının Bakıda, Ədalət Məhkəməsində eşidilən etirafları fonunda qalib ölkənin qalib Prezidentinin səsləndirdiyi həqiqətləri qulağında sırğa etməli olanlar gərək ki, bundan sonra doğru-dürüst fikirləşsinlər, növbəti səhvlərə yol verməsinlər! Ermənistanda yerləşmiş Avropa kəşfiyyatçıları bu vaxtadək 5 min dəfə posta çıxdıqları barədə hesabat verməklə özlərinin destruktiv fəaliyyətlərinə “fövqəladə don” geyindirməyə, bölgədə mövcudluqlarına əsaslar yaratmağa çalışırlar. Gündüzlər binokllarla ərazilərimizə boylanan Avropa İttifaqının cəsusları indi də gecə növbəsinə keçdiklərini elan ediblər. Bir aya yaxındır Ermənistan tərəfdən açılan atəşlərə reaksiya verməyənlərin gecə növbələri də sülhə xidmət etməyəcək, şübhəsiz. Amma Bakıdan verilən xəbərdarlılara əməl etməsələr, uduzan təkcə Ermənistan olmayacaq...

ADA Universitetində İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru"  mövzusunda beynəlxalq forum keçirilib » Azərbaycan Prezidentinin Rəsmi  internet səhifəsi

Prezident ADA Universitetində Minsk Qrupu ilə bağlı mövqeyini bir daha açıq şəkildə bəyan etdi. Bu mənasız qrup ləğv edilməlidir, onsuz da yoxdur, onun növbəti dəfə bir araya gəlməsi mümkün deyil. Bu gün təkcə Rusiya-Fransa soyuq savaşı yoxdur. ABŞ-Rusiya münasibətləri də bəllidir, Tramp nə qədər loyal görünsə də. Bu gün ABŞ ilə Fransa arasında da soyuq küləklər əsir. Hər üç həmsədr dövlətin bir-birini görməyə gözü yoxdur. Hətta Mariya Zaxarova da Minsk Qrupunun olmadığını etiraf edir. Bütün bunlardan sonra ölmüş bir qrupu necə diriltmək olar? Ermənistan hakimiyyəti isə ölünü diriltmək üçün höcət edir və Qərbdəki havadarları da bu, mənasız iddiaları müdafiə edir.

Prezident açıq danışdı. Sülh sazişi ilə bağlı top Ermənistandadır. Amma bunun üçün masadakı digər şərtlər də icra olunmalıdır. Minsk Qrupu ilə bağlı mənasız iddialardan vaz keçmək də yetərli deyil. Ermənistan Konstitusiyası dəyişdirilməlidir! Bu konstitusiya ilə sülhə getmək mümkün deyil! Avropa İttifaqının hərbi dəstəyi, ABŞ-nin strateji tərəfdaşlığı və digər ermənipərəst çevrələrin oyunbazlığı, havadarlığının nəticəsidir ki, Ermənistan XİN-in başçısı Ararat Mirzoyan Antalya Forumunda “at kimi” dirəndi ki, guya Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yoxdur. Bunlarla necə sülhə nail olmaq olar? Ermənistanın apardığı savaş qeyd olunanlarla bitmir. Bu ölkə transsərhəd çayları, xüsusilə Araz çayını çirkləndiririr, bu, on illərdir davam edir. Belə qonşuluqmu olar?

Azərbaycan ordusu dünya miqyasında …

Əgər indinin özündə Ermənistanın xüsusi təyinatlı polis dəstəsinin veteranlar ittifaqının sədri, polkovnik Qrişa Sarqsyan Paşinyanı Azərbaycana qarşı yeni müharibəyə başlamağa çağırırsa, neft və qaz kəmərlərinə zərbələr endirməsini təklif edirsə, Mingəçevir su anbarını bombalamağı zəruri sayırsa, onda bu faşist təfəkkürlülərlə necə sülh şəraitində yaşaya bilərik? Təkcə Qrişanın ağlı deyil bu. Ermənistan hakimiyyəti büdcəsinin böyük hissəsini silah-sursata ayırırsa, şərti sərhədlərin dəqiqləşdirilməsindənsə, zamanını səngər, tunel qazmağa, artilleriya qurğularını sərhədlərimizə sarı tuşlayırsa, deməli, 44 günlük dərs yetərli olmayıb. Təsadüfi deyilki, Prezident ADA Forumunda bildirib ki, biz realistik və dərhal Ermənistanla dost olacağımızı deyə bilmərik. Yəni Azərbaycan müstəqil dövlətdir, prosesləri o diqtə edir, kimsə onunla diqtə dili ilə danışa bilməz.

Müzəffər Azərbaycan ordusu | Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ  Rayon İcra Hakimiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya prezidentinin Cənubi Qafqaza səfəri zamanı ölkəmizə qarşı yol verilən təxribatçı hərəkətə dövlətimizin prinsipial mövqe göstərməsindən bəhs edərkən də bir daha bütün dünya onun liderlik keyfiyyətlərinə şahid oldu. Təsəvvür edin, bəzi ölkələr Almaniya prezidenti ilə görüşmək üçün lobbiçilik fəaliyyətini işə saldığı bir vaxtda Azərbaycan Prezidenti deyir ki, əgər yol verilmiş təxribata görə ictimai şəkildə üzrxahlıq edilməsəydi, alman həmkarının səfərinin tarixi dəyişdirilə bilərdi. Yəni Almaniya prezidenti Frank Valter Ştaynmayerə “stop” qoyula bilərdi. Müstəqil siyasət budur! Azərbaycanın heç bir ölkədən, heç bir liderdən asılılığının olmamasının, kimsənin qarşısında öhdəliklər götürməməsinin məntiqi nəticəsidir! Əksinə, Avropanın 12 dövlətinin Azərbaycan qazına ehtiyacı var. Dünyanın bir sıra ölkələri üçün Cənubi Qafqazın açar dövləti olan Azərbaycanın sözü həlledicidir! Belə bir durumda cılız Ermənistandan növbəti dəfə ölkəmizə qarşı istifadənin yalnız qarşı tərəf üçün fəlakətli olacağına şübhə yeri yoxdur. Ermənistanın militarist və revanşist siyasəti onun özünün başında çatlayacaq! Prezident hələ çox əvvəllər demişdi: peşman olacaqlar! ADA Forumunda da İrəvana xəbərdarlıq edildi. Azərbaycan dövlətinin başını qatmağa, vaxtını almağa çalışır bədxahlarımız. Çox təhlükəli oyunun içindədirlər. Anlamırlar ki,  Azərbaycan dövləti və onun Prezidenti qlobal əhəmiyyətli məsələlərin həlli ilə məşğuldur, regionda növbəti gərginlik yaratmaqla yalnız özlərini bədbəxt edəcəklər.

Azərbaycan Ordusu geri çəkiləcək? - Asryan

Azərbaycan yoluna davam edir, qlobal miqyaslı məsələlərə töhfəsini əsirgəməyərək. Elə eyni həftədə Bakının həm də Türkiyə-İsrail danışıqları üçün məkan olması, bundan əvvəlki Ankara-Təl-Əviv gərginliyinin də məhz Azərbaycanın vasitəçiliyi ilə ortadan qaldırılmasının açıqlanması dövlətimizin gücünü, qüvvəsini, artıq beynəlxalq səviyyədə böhranların aradan qaldırılmasında söz sahibi olmasından xəbər verir. 30 il ərzində vasitəçilərdən, həmsədrlərdən yarımayan Azərbaycan təkcə öz problemlərini həll etməklə kifayətlənmir, həm də dostları, müttəfiqləri arasında barışın əldə olunmasına nail olur, diplomatiya, böyük siyasət, bəşəriyyətə xidmət budur! Böyük siyasətdəki uclaşmaya diqqət edin: Türkiyə ilə İsrail diplomatları bir araya gətirildiyi gün, İsrailin düşməni İranın rəsmiləri ilə ölkəmizdə Araz çayı üzərindəki dostluq körpüsü və Zəngilan-Ordubad dəmir yolu müzakirələri aparılırdı. Siyasət dostları düşmən etmək deyil, düşmənləri dosta çevirməkdir!

Antalya şəhərində “Antalya Diplomatik Forumu”nun açılış mərasimi keçirilib  » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Antalya Diplomatik Forumunda da Azərbaycanın varlığını, gücünü, qüvvəsini gördü. “Parçalanmış dünyada diplomatiyanın bərpası” mövzusunda keçirilən Forumda iştirak etməyə haqq edən həm də öz əməli ilə qlobal miqyasda töhfə verən ölkəmiz, ölkəmizin başçısı idi. ADA Forumunda Şimali Kiprə “biz sizinləyik” ismarıcını yollayaraq, beynəlxalq aləmə ədalətin bu Türk Cümhuriyyəti ilə bağlı da təmin olunması zərurətini çatdıran Prezident İlham Əliyevin Antalya Beynəlxalq Forumunda Quzey Kıprıs Türk Cümhuriyyətinin lideri Ersin Tatarla görüşü də böyük siyasətin davam idi. Çünki “bizim bir ailəmiz var – Türk Dövlətləri ailəsi”. Həmçinin Azərbaycan və Türkiyənin Suriya böhranının aradan qaldırılması ilə bağlı anlaşmanın nəticəsi olaraq Suriyanın keçid dövr prezidenti Əhməd Əl-Şaraa ilə görüşü, onu ölkəmizə dəvət etməsi faktı da tarixin ilklərindəndir! Təkbaşına torpaqlarını işğaldan azad edən Azərbaycan Antalya Beynəlxalq Forumunda Qərbi Azərbaycandan didərgin salınan insanların öz yurdlarına ləyaqətli qayıdış hüququnun bərpasına çağırış edir!

İlklər yazılır tarixə. Hələ davamı gələcək, buna zərrə qədər şübhəmiz yoxdur. Bütün bunları 21-ci əsrin Azərbaycanı, onun Qalib Prezidenti bacardı! Var millətimizin, dövlətimizin imzası imzalar içində!!! Vətəndaş olaraq çox qürurluyuq!

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR