İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya üçtərəfli bəyanatlardan niyə bərk yapışıb?

Ekspertin fikrincə, Moskvanın planları var

Aprelin 12-də Türkiyədə Antalya Diplomatik Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib. Rusiya XİN-in məlumatına görə, söhbət zamanı iki ölkə arasında müttəfiqlik əməkdaşlığının və strateji tərəfdaşlığın möhkəmləndirilməsi üzrə praktiki addımlar, birgə tədbirlərin qrafiki müzakirə edilib.

“Tərəflər beynəlxalq və regional gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 3+3 Regional Əməkdaşlıq Platforması çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsinin, o cümlədən Xəzər Beşliyinin işinin intensivləşdirilməsinin vacibliyi vurğulanıb. Rusiya tərəfi Azərbaycanla Ermənistan arasında normallaşma prosesini və sülh müqaviləsinin bağlanmasını asanlaşdırmağa hazır olduğunu təsdiqləyib. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə üçtərəfli sazişlərin bütün spektrinin həyata keçirilməsinin zəruriliyi vurğulanıb”, - məlumatda bildirilir.

Qeyd edək ki, Rusiya rəsmiləri istər Azərbaycan, istərsə də erməni həmkarları ilə görüşlərdə həmişə Putinin imzası duran üçtərəfli sənədləri (10 noyabr 2020 kapitulyasiya aktı, 11 yanvar 2021 Moskva və 26 noyabr 2021 Soçi anlaşmaları) xatırladırlar. Bu, nəyin siqnalıdır, Moskva faktiki surətdə işləməyən həmin bəyanatlardan niyə möhkəm yapışıb, vasitəçiliyə qayıtmaqmı istəyir? Bakı və İrəvan buna razı olarmı?

Yusif Bağırzadə: Bu, Azərbaycan dövlətinin insan həyatını ən ali dəyər kimi  qiymətləndirməsinin ən bariz nümunəsidir - "İki sahil"

Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Rusiya tərəfi təbii olaraq həm Ermənistana, həm də Azərbaycana təsir imkanları əldə etmək və bununla da Cənubi Qafqazda itirdiyi və ya zəifləyən mövqelərini bərpa etmək istəyir: “ATƏT Minsk Qrupu ilə bağlı Azərbaycanın həssaslığını və o formatı diriltmək imkanlarının olmadığını nəzərə alaraq Azərbaycan və Ermənistan arasında bundan əvvəl Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmalara istinad edir. Çünki həmin razılaşmalarda və imzalanmış sənədlərdə bu və ya digər dərəcədə Rusiyanın maraqları da öz əksini tapıb. Həm 10 noyabr 2020, həm də 11 yanvar 2021-ci illrdəki razılaşmalarda Azərbaycan və Ermənistan arasında kommunikasiya xətlərinin bərpası ilə bağlı müddəalar yer alıb və Zəngəzur dəhlizi istiqamətində təhlükəsizlik təminatçısı qismində Rusiyanın iştirakı nəzərdə tutulub. İndi də Rusiya məhz bu sənədlərə istinad edərək 2020-2022-ci illərdə üçtərəfli sazişlərin bütün spektrinin həyata keçirilməsinin zəruriliyindən çıxış edir. Yəni başqa sözlə, Rusiya özünün vasitəçilik təklifləri ilə həm danışıqlar prossesini öz nəzarəti altına almaq, həm Qərbi bu və ya digər şəkildə proseslərdən uzaqlaşdırmaq, həm də Zəngəzur dəhlizi istiqamətində öz maraqlarını təmin etməklə yeni təsir imkanları əldə etməyə çalışır”.

Politoloqun sözlərinə görə, təbii ki, indiki mərhələdə Rusiyanın bu istiqamətdə təşəbbüsü ələ alması nə bizim, nə də Ermənistanın maraqlarına cavab vermir: “Ermənistan Qərbə inteqrasiya siyasətini davam etdirir və belə bir zamanda yenidən Rusiyanın vasitəçiliyinə müsbət yanaşmaq Qərbdən Ermənistana təzyiqlərə rəvac verə bilər. Biz isə Rusiyanın Ermənistanı öz əlində saxlamaq üçün istənilən danışıqlarda bu və ya digər şəkildə onların maraqlarından daha çox çıxış edəcəyini bildiyimiz üçün indi Rusiyanın vasitəçiliyinə isti baxa bilmərik”.

Y.Bağırzadənin fikrincə, ümumiyyətlə isə istər Rusiya, istər Avropa İttifaqı, istərsə də ABŞ-ın vasitəçiliyi ilə keçirilən görüşlər onu göstərdi ki, üçüncü tərəflərin iştirakı zamanı aparılan danışıqlarda bu və ya digər şəkildə üçüncü tərəflərin maraqları da masaya yatırılır və nəticədə hər hansı bir məsələ ilə bağlı razılaşmalar əldə etmək çətinləşir. Bu baxımdan, iki ölkənin birbaşa danışıqlarının daha effektli və nəticəyə çatmağa imkan verən olması özünü artıq sübut edib: “Delimitasiya və demorkasiya komissiyalarının iclaslarında əldə olunan razılaşmalar buna sübutdur. Odur ki, hər hansı vasitəçiyə də ehtiyac yoxdur”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR