İnsanlara hürriyət, millətlərə istiqlal!

Şpaqat teatrı

Milli Məclisdə səsvermə zamanı deputatlardan birinin qərarın əleyhinə səs verməsi haqda yazmışdıq. Son araşdırmalarımız ortaya ilginc təfərrüatlar çıxarmışdır. Sən demə, deputat Qədirli “yox” düyməsinə təsadüfən basıbdır. Necə deyərlər, sürüşdürmə olubdur. Test üsulu ilə imtahan verən gənclər bunun mənasını bilirlər.

O baxımdan, vətəndaşlarımızdan yeni təkliflər gəlir. Məsələn, seçici Vüsal bəy yazır ki, həmin düymə ləğv edilsin. Doğrudan da, axı “yox”, “əleyhinə” düyməsi nəyə lazımdır? Düymə olmasa, basan da olmaz - atalarımız demişkən.

Sözgəlişi, mən keçən dəfə yazacaqdım, yer olmadı, məcburam indi əlavə edim: qərarın əleyhinə səs verən şəxsin Razi Nurullayev olmasına ciddi şübhələrim var idi, çünki Razi bəy vaxtilə “Yox” adında ictimai-siyasi hərəkat qayırmışdı, yalan olmasın, narıncı inqilabımızın önündə gedirdi. “Yox” yaradan adamın bu gün hökumətin qərarlarına “yox” deməsi təbiidir.

İmişlinin digər deputatı Səyyad Aran isə parlamentdə çıxışında yol polisi avtomobili əhvalatına görə həbs edilənlərin azadlığa buraxılmasını xahiş etmişdir. Zarafat edirəm, belə şey yoxdur. Səyyad müəllimin təklifi milli teatrımızı inkişaf etdirməklə bağlıdır. Deyir Nəsibə Zeynalovanın oğlu, görkəmli artistimiz Cahangir Novruzovu Türkiyədən gətirməliyik.

Novruzov 30 ildir buradan çıxıb gedibdir və Adanada özü üçün kabab yeyir. Nə üçün gəlib burada ac qalmalıdır, AzDramanın balkonundan başqa yetim aktyorlar kimi bahalı avtomobillərə baxıb köks ötürməlidir, arada hökumətə yalvarıb medal, fəxri ad, təqaüd-zad dilənməlidir? Ağıllı adamdır, gəlməz. Əslində mən anlayıram Səyyad Aran niyə Novruzovu dartıb gətirmək istəyir. Son illər teatrlarımızda rejissorlar, aktyorlar arasında tez-tez dava düşür. Deputat isə Novruzovun bədən quruluşuna, gövdəsinə baxır, fikirləşir aktyorları döyə-döyə adam eləməyə bunun gücü çatar. Nərmənazik olsan, sənə bizim teatrlarda heç qarderobçunun köməkçisi - şarftutan vəzifəsi belə verilməz.

Həmin prinsiplə bizim teatrın xilası, qurtuluşu üçün Cekki Çanı, Şvartsnegeri-filanı AzDramaya rejissor dəvət eləmək daha uyğundur. Hətta Van Dammın gəlini azərbaycanlı olduğu üçün dəvətimizi rədd eləməz. Gəlsin AzDrama ilə Muzkomediya arasında şpaqat açsın, xalq tamaşaya dursun.

Hüseynağa Atakişiyev öləndən sonra teatra getmirəm, xəbərim yox idi, sən demə, son vaxtlar milli teatrlarımız novatorluğa, yeniliyə əl atırmış. Hər şeyi canlı oynayırmışlar. Məsələn, pyesdə atlı rolu varsa, səhnəyə həqiqi at çıxarırlar. Bəzi teatr tənqidçiləri isə bunu tənqid edir, deyirlər teatr sirk deyil (bir ara Azdramaya direktoru elə sirkdən göndərmişdilər). Bu haqda oxuyanda iki teatr lətifəsi yadıma düşdü. Tamaşa başlayır, artist deyir ki, mən tələb edirəm 1-ci səhnədə mənə həqiqi şərab verilsin. Rejissor deyir: “Etiraz eləmirəm. Ancaq onda son pərdədə həqiqi zəhər içəcəksən”. İkinci lətifədə isə artist səhnədə, roluna uyğun olaraq qışqırır: “Mənə at verin, at!” Yerdən birisi guya aktyoru pərt etmək istəyir: “Eşşək olarmı?” Aktyor deyir: “Əlbəttə! Gəl!”

Yazını daha bir mədəniyyət dolu məktubla bitirirəm. Oxucularımızdan Elçin Əliyev şpaqat açaraq saz çalan sənətkarlarımızı tərənnüm etmişdir:

“Barmağın əsəndə, itməsin pərdə,

Mikrafon əlində, xəyalın yerdə.

İşin tərs gedəndə, düşəndə dərdə,

Dərdi dilə gətir, saz qucağında.

Sazı göyə qaldır, bir kruq fırlat,

“Yanıq Kərəmi”ni, Kərəm tək sızlat.

Sonra şpaqat aç, milləti ağlat,

Şabaşa toyuq yığ, qaz qucağında".

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR