Onlayn ictimai-siyasi qəzet
“Özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş Türk dünyası bəşər sivilizasiyasına yeni misilsiz nümunələr vermək iqtidarındadır. Bu gün öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu sıraya qoşulması Türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır. İqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir”. Bu çağırış Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu zaman Türk dünyasının birliyi istiqamətində ifadə etdiyi birlik çağırışlarından biridir. Ulu öndər Heydər Əliyevin bütün çağırışlarının mahiyyətində bir məqsəd dayanırdı: böyük bir ailəni xatırladan Türk dünyasının birliyi təmin edilməlidir.
Şübhəsiz ki, Heydər Əliyevi əvəzsiz və ölməz liderə çevirən amillər bu böyük coğrafi məkanın bugünkü reallıqlarından daha aydın görünür. Bu barədə “Yeni Müsavat”a deputat Aydın Hüseynov bildirdi ki, Ulu öndər tarixin müxtəlif mərhələlərində bir-birindən ayrı düşmüş Türk dünyasını birləşdirmək üçün yorulmaz səylər göstərirdi. Azərbaycançılıq ideologiyası ilə Türk dünyasının birliyinə nail olmaq Heydər Əliyev siyasətində xüsusi çəkiyə malik olub. Onun məqsədyönlü fəaliyyətinin uğurlu nəticələri bu istiqamətdə davamlı addımların atılmasına mühüm töhfələr verdi. Ulu öndər uzaqgörənliklə dünya xəritəsində yer alan türk xalqlarının gələcək taleyini əvvəlcədən görürdü: “1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycan və digər türk dövlətləri öz dövlət müstəqilliklərini bərpa etdilər. Bununla da Heydər Əliyevin Türk dünyasının gələcəyi ilə bağlı xəyalları gerçəkliyə çevrildi. Bir daha sübut olundu ki, türk xalqları daim əsarətdə qalmayacaqlar, öz müstəqilliklərinə, azadlıqlarına nail olacaqlar.
Ümummilli lider Heydər Əliyevin müdrik siyasi fəaliyyəti Azərbaycanın bütün türk dövlətləri ilə əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayıb. Heydər Əliyev Türk dünyası qarşısında misilsiz xidmətlərinə görə 1999-cu ildə “Beynəlxalq Atatürk Sülh Mükafatı”na layiq görülmüşdü. Belə bir faktı xüsusi qeyd etmək lazımdır ki, Heydər Əliyev Türk dünyasının birliyinə, sadəcə, etnik köklərin eyniliyinə əsaslanan mədəni-etnoqrafik birlik kimi baxmır, bu birliyin gələcəyini xüsusi diqqət mərkəzində saxlayırdı. Ulu öndər daim bu çağırışı etmişdi ki, türk xalqlarının yaxınlaşması vacibdir. Bu dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin isə “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” müdrik kəlamları artıq uzun illərdir iki ölkənin münasibətlərinin təməl prinsiplərinə çevrilib. Hazırda bu münasibətlər məhz həmin prinsiplərə söykənərək müasir dövrün yeni çağırışlarına uyğun olaraq inkişaf etdirilir".
Deputat qeyd etdi ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ümumilikdə Türk dünyasının birliyində yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycan-Türkiyə qardaşlığı, müttəfiqliyi 2021-ci ilin 15 iyununda imzalanan Şuşa Bəyannaməsində öz əksini tapdı: “Bu qardaşlığın rəsmiləşməsi, Azərbaycan və Türkiyənin bundan sonra da birgə addımlayacağına edilən çağırışlar ümumilikdə Türk dünyası birliyinin daha da möhkəmlənməsində özünü aydın göstərir. Təbii ki, müasir şəraitdə bu birlik, həmrəylik bütün sahələrdə uğurla inkişaf etdirilir.
Dahi lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın Türk dünyasının həmrəyliyinə xidmət edən addımlarının miqyası və əhəmiyyəti ölçüyəgəlməzdir. Ulu öndərin Türk dünyasının birliyində rolu, misilsiz xidmətləri bütün türk dövlətlərində onun xatirəsinin böyük ehtiramla anılmasında, adını daşıyan küçələrin, parkların açılmasında, abidələrinin ucaldılmasında özünü aydın təcəssüm etdirir, türk dövlətləri arasında əlaqələrin inkişafında əməyinin böyüklüyünü bir daha təsdiqləyir".
A.Hüseynov dedi ki, Ulu öndərin əsasını qoyduğu Türk dünyasının birliyinə, türk dövlətləri arasında çoxtərəfli əməkdaşlığın inkişafına yönələn addımlar sırasında 2009-cu ildə Naxçıvan Sazişi ilə hazırkı adı Türk Dövlətləri Təşkilatı olan qurumun yaradılmasını xüsusi qeyd etməliyik. Eyni zamanda Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), mədəniyyət diplomatiyasından bəhrələnərək bu əməkdaşlığa töhfəsini verən TÜRKSOY, elm və təhsil sahəsində əməkdaşlığın inkişafını hədəfləyən Türk Akademiyası, Türk dünyasının tarixi və mədəni irsinin qorunması və təşviqinə xidmət edən Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması da bu istiqamətdə mühüm qərarlar olaraq tarixə keçib: “Müxtəlif ölçülərdə türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri türk dövlətləri arasında hərtərəfli əməkdaşlığın inkişafına təkan verməkdədir.
Azərbaycanın qardaş türk dövlətləri ilə əməkdaşlığının zənginləşməsində, yüksələn xətt üzrə inkişafında Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin xüsusi rolu danılmazdır.
Türk dövlətləri bundan sonra da əməkdaşlıq əlaqələrinin bütün istiqamətlər üzrə inkişafına davamlı töhfələr verəcək və daha sıx birləşmiş Türk dünyasına nail olacaqlar".
Yazını hazırladı: Etibar SEYİDAĞA
16 Aprel 2025
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ