İnsanlara hürriyət, millətlərə istiqlal!

Düşmənə qan udduran giziri Bakının mərkəzində qətlə yetirənlərə AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində Orxan Zeynalov və  İlqar Abdurrahmanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə müttəhimlərə hökm oxunub. Orxan Zeynalov 19 il, İlqar Abdurrahmanov 18 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bundan əvvəl keçirilən prosesdə prokuror Orxan Zeynalovun 20 il, İlqar Abdurrahmanovun isə 19 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

Musavat.com-un xəbərinə görə, hər iki şəxsi müttəhimlər kürsüsünə çıxaran qanlı olay ötən ilin martın 16-da, gecə saat 3 radələrində baş verib.

Həmin gün Nəsimi Rayon Prokurorluğuna 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə ölməsi barədə məlumat daxil olub. İlkin araşdırma zamanı Cəsarət Vəliyevin tanışı ilə birgə metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən restoranlardan birində yemək yeyərkən musiqi sifariş etməyə görə qonşu masada əyləşən şəxslərlə aralarında yaranmış mübahisə zamanı bıçaq xəsarəti alması və həmin xəsarət nəticəsində xəstəxanada ölməsinə, eləcə də 1994-cü il təvəllüdlü Camal Həsənovun xəsarət almasına əsaslı şübhələr müəyyən edilib. Keçirilən əməliyyat zamanı hadisəni törətməkdə təqsirli bilinən Orxan Zeynalov və İlqar Abdurrahmanov həbs ediliblər.

Xatırladaq ki, Cəsarət Vəliyev və Camal Həsənov Dövlət Sərhəd Xidmətinin əməkdaşları olublar. Baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və 2022-ci ilin 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

CESARET.jpg (125 KB)

İstintaq orqanı tərəfindən Orxan Zeynalov və İlqar Abdurrahmanovun barəsində Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29,120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR