İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dünyada qaz qıtlığı olacaq” iddiası:Azərbaycanın imkanları - təhlil

Soyuq hava Avropanın anbarlarını sürətlə boşaldır, “qoca qitə”nin 8 ölkəsi Bakıdan qaz alır

Dünyanın yaşıl enerjiyə keçid mərhələsində olduğu indiki dövrdə təbii qaza olan tələbat xüsusilə Asiyada sürətlə artır. Çin, Hindistan və digər Asiya ölkələri alternativ enerjiyə keçid dövründə daha az karbon emissiyasına malik təbii qazdan istifadəni genişləndirirlər. Avropa və ABŞ nəqliyyatda, enerji təchizatında alternativ mənbələrin payını artırsalar da, sənayedə qazı əvəz edəcək enerji mənbəyi hələ ki tapılmayıb. 

Qətərin energetika üzrə dövlət naziri Saad bin Şəridə əl-Kaabinin dediyinə görə, ortamüddətli dövrdə dünyada qaz qıtlığı yaşana bilər: “Qaz dünyada ən çox tələb olunan resurs olacaq, lakin 2025-ci ildən 2030-cu ilə qədər dünya bazarında qıtlıq yarana bilər”.

Hindistan Enerji Həftəsi forumunda çıxış edən nazir həmçinin qeyd edib ki, Ukraynada müharibəyə başlayandan sonra Avropanın Rusiya qazından imtina etməsi bazara mənfi təsir edib və qaz bazarında tədarük zəncirlərində dəyişikliklərə səbəb olub. Bundan əlavə, əl-Kaabiyə görə, tədarük istiqamətlərinin dəyişməsi fonunda qaz qiymətlərində müşahidə olunan həm yuxarı, həm də aşağıya doğru kəskin sıçrayışlar da bazar üçün dağıdıcıdır.

Qeyd edək ki, ötən ilin hədsiz mülayim qışından görünməmiş ehtiyatlarla çıxan Avropa indi sərt havalar üzündən anbarlarını sürətlə boşaldır. "Gas Infrastructure Europen"in (GIE) məlumatına əsasən, fevralın 5-də Aİ ölkələrindəki anbarlardan 388 milyon kubmetr qaz götürülüb, 38 milyon kubmetr vurulub.Hazırda Avropanın anbarları 68,61 faiz doludur ki, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 13,84 faiz bəndi yüksəkdir. Anbarlarda 75,6 milyard kubmetr var. Lakin 2024-cü ilin yanvarında Avropa yeraltı qaz anbarlarından son 3 il ərzində bu ay üçün rekord həcmdə - 18,8 milyard kubmetr qaz götürüb ki, bu da ötən ilin yanvar ayı səviyyəsindən 38 faiz çoxdur.

Maye qaz - LNG terminallarından Aİ-nin qaz nəqli sisteminə tədarüklər də azalır, onlar keçən ilin oktyabrından bəri ən aşağı səviyyəyə düşüb. Yanvarda bu mənbədən əldə olunan qazın həcmi  10,65 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin həm dekabr, həm də yanvar aylarının səviyyəsindən 6 faiz azdır.

Nəticədə yanvar ayında Avropada istehlak olunan qazın 41 faizi anbarlardan götürülüb. LNG tədarükünün payı istehlakda 23 faiz, Norveçdən gələn qazın payı isə 19 faiz təşkil edib. Daha 6 faiz Şimali Afrika ölkələrindən, 2 faiz Böyük Britaniyadan idxal təşkil edib. 

LNG tədarükü ilə bağlı problemlər, digər məsələlərlə yanaşı, ABŞ-da onun istehsalının azalması səbəbindən yaranıb. "Reuters"in LSEG gəmi izləmə məlumatlarına istinadən, yazdığına görə, soyuq hava, həmçinin ikinci ən böyük ixracatçı Freeport LNG-də fasilələr ABŞ-ın maye qaz ixracının azalmasına səbəb olub. LSEG-in məlumatına görə, ABŞ istehsalçıları yanvarda 8,3 milyon ton LNG ixrac edib ki, bu da dekabrdakı 8,7 milyon tondan təxminən 5 faiz azdır.

Bundan başqa, Qırmızı dənizdəki gərgin vəziyyət, eləcə də Panama kanalındakı quraqlıq Avropaya LNG tədarükünü əngəlləyir. Nəticədə getdikcə daha çox LNG tankerləri daha uzun və daha bahalı marşrutlara getməyə məcbur olur.

Hazırda Avropa bütün mənbələrdən mümkün olan qədər qaz alır. Məsələn, yanvarda Rusiyadan Avropaya boru kəməri qazının tədarükü illik müqayisədə 41 faiz artaraq 2,52 milyard kubmetrə çatıb. “Vedomosti” qəzetinin “Qazprom”un məlumatlarına istinadən yazdığına görə, ay ərzində Ukrayna ərazisindən Aİ ölkələrinə və Moldovaya tranzit 1,29 milyard kubmetr təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32 faiz çoxdur.

Daha 1,23 milyard kubmetr Rusiya qazı  “Türk axını” xətti ilə Avropaya yönəlib. Bu istiqamətdə ixracın həcmi illik müqayisədə 51 faiz artıb. 2023-cü ilin dekabrında isə Rusiyadan Avropaya vurulan qazın həcmi 2,63 milyard kubmetr olmuşdu. Bunun 1,33 milyard kubmetri Ukrayna ərazisi ilə, 1,3 milyard kubmetri isə “Türk axını” ilə çatdırılıb.

Yaxın iki ildə dünyada maye qaz istehsalının ciddi şəkildə artacağı gözlənilir. Beynəlxalq LNG İdxalçılar Qrupunun (GIIGNL) illik sorğusuna əsasən, mayeləşdirilmiş təbii qaz (LNG) istehsalçıları 2026-cı ilə qədər ildə 100 milyon tondan çox yeni maye qaz istehsalı güclərini işə salacaq. LNG zavodlarının ümumi gücü 21 faiz artaraq ildə 576,5 milyon tondan çox olacaq.

2022-ci ildə ümumi həcmi ildə 14,9 milyon ton olan mayeləşdirmə xətləri işə salınıb. Dünyada LNG zavodlarının ümumi gücü 3 faiz artaraq ildə 476,5 milyon tona çatıb. GIIGNL hesabatında deyilir ki, 2022-ci ildə qlobal LNG tədarükü 4,5 faiz artaraq 389,2 milyon tona çatıb.

Qaz ehtiyatlarına görə ilk üç ölkədən və dünyanın ən böyük LNG istehsalçılarından biri olan Qətərin “Şimal” yatağının genişləndirilməsi layihəsi ölkənin istehsal gücünü 2026-cı ilədək ildə 77 milyon tondan 126 milyon tona qədər artıracaq.

Maye qazın ən böyük alıcısı hazırda Avropadır. "Gas Infrastructure Europen"in məlumatına əsasən, Avropa 2023-cü ildə mayeləşdirilmiş təbii qazın (LNG) idxalı üzrə rekord qırıb - hesabat dövründə Avropa İttifaqı (Aİ) ölkələrinə təqribən 131,22 milyard kubmetr maye qaz tədarük edilib. Ekspertlərin fikrincə, LNG idxalının həcmi 2022-ci il göstəricilərini 1,9 faiz ötüb. Avropa qaz mənbələri arasında LNG-nin ümumi payı 40 faiz təşkil edib.

Hesabatda qeyd olunur ki, 2026-cı ilə Rusiya (Arctic LNG 2 layihəsi), ABŞ (Corpus Christi), Kanada (LNG Canada, Cedar LNG), Meksika (Energia Costa Azul), İndoneziya ( Tangguh LNG) və Seneqal (Gimi FLNG) maye qaz istehsalı layihələri üzrə istehsal başlanacaq. Lakin artıq Rusiyanın layihəsini siyahıdan çıxarmaq olar. Çünki  ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Rusiyanın bu ən böyük maye qaz layihələrindən birinin icrasını dalana dirəyib. Ötən ilin sonlarında ABŞ-ın "Novatek" şirkətinin “Arctic LNG - 2" layihəsinə qarşı tətbiq etdiyi sanksiyalar onun çərçivəsində ilk qazın əldə olunması müddətinin qeyri-müəyyən vaxta təxirə salınmasına səbəb oldu. İndi isə aydın olub ki, sanksiyalar layihə çərçivəsində istehsal olunan yanacağın çatdırılması üçün üç Arktik gəminin - Yaponiyanın Mitsui OSK Lines (MOL) şirkətinin qaz daşıyıcılarının istifadəsinə mane olur. "Bloomberg" Agentliyinin yaydığı məlumata görə, layihənin icrası zamanı Rusiya müəssisəsindən yanacağın daşınması üçün MOL-un istehsalı olan üç qaz daşıyıcısından istifadə edilməsi planlaşdırılır. Şirkətin prezidenti Takeşi Haşimoto "Bloomberg"ə bildirib ki, ABŞ-ın sanksiyaları səbəbindən əldə olunan razılaşmalara uyğun olaraq "Arctic LNG 2" gəmilərini istifadəyə verə bilmir. İlk buzqıran gəminin tikintisi bu il başa çatdırılmalıdır: “Müqavilə öhdəliklərimiz ondan ibarətdir ki, layihə çərçivəsində nəqliyyat xidmətləri göstərə bilməsək, "Arctic LNG 2" gəmilərimizi satmalıyıq. Bununla belə, ABŞ məhdudiyyətləri var ki, biz bu müqaviləni həyata keçirməməliyik". O qeyd edib ki, onun şirkəti “problemin həlli üçün ABŞ və Yaponiya hökumətləri ilə işləyir”.

"Bloomberg"ə görə, Yapon şirkətinin gəmiləri olmasa, “zavodun tam layihə gücünə gətirilməsi çətin olacaq”.

Bundan əlavə, Bayden hakimiyyətinin LNG istehsalı layihələrinə yaratdığı maneələr bu ölkədən ixracın azalmasına səbəb ola bilər. Artıq indidən bu azalma proqnozlarda hiss olunur. ABŞ Energetika Nazirliyinin hesabatına görə, ölkənin 2024-cü ildə gündə 12,09 milyard kub.fut qaz ixrac edəcəyi gözlənilir. Bir ay əvvəl bu göstərici 12,36 milyard kub.fut olaraq proqnozlaşdırılmışdı. Beləliklə, proqnoz 2,2 faiz və ya 0,3 milyard kub.fut azalıb. fut/gün (və ya ildə təxminən 2,7 milyard kubmetr). 2025-ci il üçün ixrac proqnozu gündə 14,43 milyard kub.fut səviyyəsində saxlanılıb (ildə təqribən 150 milyard kubmetr).

Hazırda Avropa sənayesində durğunluq, bəzi hallarda isə tənəzzül hökm sürür. Lakin ən uzağı bu ilin üçüncü rübünə doğru bu prosesin bərpa və inkişafla əvəz olunacağı gözlənilir. Bu isə Avropanın qaza tələbatının da artacağı deməkdir. Ən böyük mənbədən - Rusiyadan qaz alışını minimuma endirən Avropa digər mənbələrdən  alışları artırmaq məcburiyyətindədir. Nəzərə alsaq ki, 2025-ci ilin sonunadək Rusiya qazının əsas alıcıları - Avstriya və İtaliya da ondan imtina edəcək, onda Avropada təbii qaza olan tələbatın daha da artacağını söyləmək olar. 

Bu şəraitdə Azərbaycan qazına olan tələbatın da artması qaçılmazdır. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziyalara müsahibəsində bildirib ki, artıq Avropanın 8 ölkəsi Azərbaycandan qaz alır: “Serbiya Azərbaycan qazını alan sayca səkkizinci ölkədir. Bu vaxta qədər Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan artıq bizim qaz sistemimizə qoşulub, müxtəlif interkonnektorlar yaradılıb və bütün bu interkonnektorların təkanverici qüvvəsi Cənub Qaz Dəhlizi olub”.

Onun sözlərinə görə, Azərbaycan qazına tələbat var və artacaq: “Resurslarımız var, "Şahdəniz" qaz yatağı dünyanın ən böyük qaz-kondensat yatağıdır. Keçən il başlamışdır, amma bu il artıq 1,5 milyard kubmetr qaz “Abşeron” qaz yatağından çıxarılacaq. Bu, əlavə resursumuzdur. Ondan sonra ümid edirəm ki, hər halda, qarşıya belə vəzifə qoyulub, bu ilin sonuna - dekabr ayına qədər “Azəri-Çıraq-Günəşli” yatağında “Dərin qaz” adlandırılan layihə çərçivəsində də ilk qaz əldə olunacaq. Orada da potensial çox böyükdür. Bizim digər layihələrimiz və “Abşeron” qaz yatağının ikinci fazası - bu barədə də qərar qəbul edilməlidir, yəni investisiya qərarı. Bu qərar qəbul olunarsa, əminəm ki, olunacaq, “Abşeron”da illik hasilatın həcmi 5 milyard kubmetr təşkil edəcək. Yəni bu, çox əhəmiyyətli rəqəmdir. Ondan başqa, “Şəfəq”, “Asiman”, “Ümid”, “Babək”, “Naxçıvan”, “Qarabağ” - bütün bu yataqlarda bu gün hazırlığa doğru işlər gedir və onların da resurs bazası kifayət qədər böyükdür".

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR