İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada inflyasiya azalır, Azərbaycanda isə artır - səbəb...

Azərbaycan Mərkəzi Bankı: “Xarici bazarlardakı qiymət dəyişikliyi ölkəmizdə 6-9 ay müddətində təsirini göstərir”

2022-ci ilin son ayında dünyanın əsas iqtisadi mərkəzlərində inflyasiyanın zəifləməsi müşahidə olunur. ABŞ-da noyabr ayının yekununda illik inflyasiya oktyabrdakı 7,7 faizdən 7,1 faizə düşüb. Avrozonada isə istehlak bazarında qiymət indekslərinin illik artımı oktyabrdakı 10,6 faizə qarşı noyabrda 10,1 faiz təşkil edib.

İnflyasiya sürətinin zəifləməyə başlamasına baxmayaraq, mərkəz banklar pul-kredit siyasətini sərtləşdirməyə davam edirlər. Dekabrın 13-də ABŞ Federal Ehtiyatlar Sistemi(FED) uçot dərəcəsini 0,50 baza bəndi artırmaqla 4,25-4,50 faizə çatdırıb. Uçot dərəcəsinin belə yüksək həddi 2007-ci ildən bəri olan müddət üçün rekorddur. FED rəhbəri Cerom Pauell bəyan edib ki, qurum 2 faiz təşkil edən hədəf inflyasiyasına nail olunana qədər pul-kredit siyasətini sərtləşdirməyə davam edəcək. Bu isə növbəti il ərzində də uçot dərəcəsinin artırılacağı ehtimalını artırır.

FED-dən iki gün sonra - dekabrın 15-də toplanan Avropa Mərkəzi Bankı hər üç əsas faiz dərəcəsini 0,50 baza bəndi artırmaq barədə qərar qəbul edib. Bankın qərarı ilə kreditlər üzrə baza faiz dərəcəsi 2,5-ə, depozitlər üzrə 2-yə, marja kreditləri üzrə 2,75-ə qaldırılıb. AMB də inflyasiyanı məqbul həddə salana qədər uçot dərəcəsinin yüksək saxlanacağını bəyan edib.

Avropa Mərkəzi Bankı inflyasiya gözləntilərini artım istiqamətində dəyişib. Quruma görə, 2022-ci ilin yekununda Avrozonada inflyasiya 8,4 faiz, 2023-cü ildə 6,3 faiz, 2024-cü ildə isə3,4 faiz təşkil edəcək. Sentyabrda Bank analitiklərinin gözləntiləri müvafiq olaraq  8,1 faiz, 5,5 faiz və 2,3 faiz idi.

Bankın yeni proqnozuna əsasən Avrozona iqtisadiyyatı 2022-ci ili 3,4 faiz artımla(əvvəlki proqnoz 3,1 faiz) başa vuracaq. 2023-cü ildə isə iqtisadi artım əvvəl güman edilən 0,9 faiz deyil, 0,5 faiz olacaq.

Dünyanın bir sıra ölkələrində inflyasiya göstəriciləri - AZƏRTAC

İki gün əvvəl Böyük Britaniya Mərkəzi Bankı da toplanaraq uçot dərəcəsinin 0,50 faiz bəndi artırmaqla 3,5-ə qaldırıb. Bu, son 14 ildə ən yüksək göstəricidir. Bankın açıqlamasında qeyd olunur ki, hazırda Böyük Britaniya iqtisadiyyatı resessiya yaşayır, lakin noyabrda vəziyyət gözləndiyindən daha yaxşı olub. Tənzimləyicinin proqnozuna görə, ölkə iqtisadiyyatı 4-cü rübü 0,1 faiz daralma ilə başa vuracaq.

Dünən Rusiya Mərkəzi Bankı da uçot dərəcəsi ilə bağlı müzakirə apararaq, onun 7,5 faiz həddində dəyişməz saxlanması barədə qərar verib. Qurum ölkədə inflyasiya prosesinin sürətlənməsi (illik 12,7 faiz), həmçinin Rusiyanın neft və neft məhsullarına embarqo qərarının qüvvəyə minməsinin iqtisadiyyata mənfi təsirlərini nəzərə alaraq faiz dərəcəsini sabit saxlamaq qərarına gəldiyini açıqlayıb.

İnkişaf etmiş ölkələrdən fərqli olaraq, dördüncü rübdə Azərbaycanda inflyasiyanın azalması deyil, əksinə, sürətlənməsi müşahidə olunur. Belə ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən sentyabrda ölkədə illik inflyasiya 13,4 faiz, oktyabrda 13,7 faiz, noyabrda isə 13,8 faiz təşkil edib.

Dekabrın 16-da Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0,25 faiz bəndi artırılmaqla 8,25 faizə, faiz dəhlizinin aşağı həddi 1.25 faiz bəndi artırılaraq 6.25 faizə qaldırılıb, faiz dəhlizinin yuxarı həddi 9.25 faiz səviyyəsində dəyişməz saxlanılıb. Qurumun açıqlamasında qeyd olunur ki, faiz dəhlizinin eninin daraldılması qərarı 2022-ci ilin avqust ayında Mərkəzi Bankın İdarə Heyəti tərəfindən pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi ilə bağlı qabaqlayıcı açıqlamalara uyğun qəbul edilib. Və bu qərar eyni zamanda faktiki göstəricilər və yenilənmiş makroiqtisadi proqnozlara əsaslanır.

Onu da qeyd edək ki, Azərbaycanda rəsmi uçot dərəcəsinin ölkə iqtisadiyyatına, xüsusilə kredit dərəcələrinə və milli valyutanın məzənnəsinə ciddi təsiri, demək olar ki, yoxdur. AMB-nin yeni rəhbərliyi bu təsiri formalaşdırmağı hədəflədiyini elan edib, lakin yaxın və ortamüddətli perspektivdə bunun reallaşması mümkün hesab olunmur.

AMB-də hesab edirlər ki, dünya ərzaq qiymətlərindəki azalma dinamikası, ticarət tərəfdaşlarında inflyasiyanın nisbətən səngiməsi ölkədə inflyasiya səviyyəsinə zaman intervalı ilə təsir edir: “Son 2 ayda faktiki illik inflyasiya sabitləşsə də hələ də ikirəqəmli olaraq qalir. Növbəti il üzrə inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksəkdir. Cari ilin sonuna pul bazasının ikirəqəmli səviyyədə artımı proqnozlaşdırılır. Bu şəraitdə məcmu tələbin izafi genişlənməsini məhdudlaşdırmaq üçün pul siyasətinin sərtləşdirilməsi məqsədəuyğun sayılıb. Pul siyasətinin sərtləşdirilməsi tempi, səviyyəsi və bu səviyyədə qalma müddəti qarşıdakı dövrdə illik inflyasiya göstəricilərindəki dinamikadan və yenilənmiş proqnozlardan asılı olacaq”.

IMF: "Qlobal inflyasiya yaxın perspektivdə yüksək qalacaq" - FED.az

AMB-dən bildirildiyinə görə, profisitli tədiyə balansı valyuta bazarında təklif kanallarını dəstəkləməkdə davam edir: “Həm neft-qaz sektoru, həm də qeyri-neft-qaz sektoru üzrə ixracın artım tempi yüksək olaraq qalır. Bu şəraitdə tədiyə balansının cari əməliyyatlar hesabının əsas elementi olan xarici ticarət balansının profisiti 10 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 3.1 dəfə artaraq 23.1 milyard ABŞ dollarına çatıb. 2023-cü ildə də cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnoz dəyişməz qalır. Enerjidaşıyıcılarının qiymətləri hazırki səviyyəsində qalarsa, növbəti ildə də cari hesab profisitinin ümumi daxili məhsula nisbətinin ikirəqəmli səviyyədə qalacağı gözlənilir. Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artması və valyuta bazarında təklifin genişlənməsilə müşayiət olunur. Bu da Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinə daha çox qənaət etməyə imkan verir”.

Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə, noyabrda əvvəlki aya nəzərən qeyri-neft-qaz sənayesi müəssisələrində faktiki istehsal və istehsal güclərinin yüklənməsi səviyyəsi yüksəlib. İqtisadi artıma daxili tələbin həm istehlak, həm də investisiya komponentləri dəstək verir: “2022-ci ilin 11 ayında ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 3 faiz, qeyri-neft-qaz investisiyalarının həcmi isə 24.5 faiz artıb. Bu dövrdə dövlət büdcəsi xərclərinin 16.4 faiz artması daxili tələbi stimullaşdıran əsas amillərdən biri olub”.

AMB bəyan edir ki, dünya bazarındakı qiymətlərdəki azalmanın Azərbaycanda hiss olunması 6-9 ay müddətində baş verir: “İnflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında xarici mənşəli xərc amilləri üstün mövqeyini saxlayır. Son 6 ayda dünya ərzaq qiymətlərinin 14 faiz azalması və tərəfdaşlarda orta çəkili inflyasiyanın nisbətən səngiməsi son aylar inflyasiya tempinin aşağı düşməsinə təsir edən amillərdən biri olub. Lakin bu təsir 6-9 ay zaman intervalında reallaşır”.

Azərbaycanda avqustda 0.9% səviyyəsində inflyasiya olub

İnflyasiya gözləntiləri sektorlar üzrə fərqli istiqamətdə dəyişir. AMB-nin real sektor müəssisələri arasında apardığı monitorinqin nəticələrinə görə, inflyasiya gözləntiləri noyabrda oktyabr ayı ilə müqayisədə ticarət və xidmət sahələrində artıb, qeyri-neft-qaz sənayesində demək olar ki, dəyişməz qalıb, tikintidə isə azalıb: “Aparılmış təhlillər göstərir ki, inflyasiya əvvəlki ayda pik həddə (15.6 faiz) çatıb və bundan sonra onun düşmə istiqamətində hərəkət edəcəyi gözlənilir. 2023-cü il üzrə inflyasiya proqnozunun təkrəqəmli səviyyədə olmasına baxmayaraq, inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksək qalır”.

Mərkəzi Banka görə, monetar şərait inflyasiyaya azaldıcı təsir göstərməkdə davam edir. Belə ki, manatın nominal effektiv məzənnəsinin bahalaşması inflyasiya təzyiqlərini məhdudlaşdıran mühüm amillərdən biri olaraq qalır. 11 ayda nominal effektiv məzənnənin möhkəmlənməsi tempi 7.9 faiz təşkil edib: “Sterilizasiya əməliyyatlarının həcminin genişlənməsi pul təklifinin artımını məhdudlaşdırmaqla inflyasiya təzyiqlərini azaldır. 11 ayda manatla pul bazası cəmi 7.3 faiz artıb. Dekabr ayında pul bazası başlıca olaraq fiskal əməliyyatlardan təsirlənəcək”.

Qeyd edək ki, 2022-ci ilin noyabr ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları əvvəlki aya nəzərən 1 faiz, ilin əvvəlinə nəzərən 18.1 faiz, ötən ilin eyni ayına nəzərən isə 21.1 faiz artıb. 11 ayda bank sistemi üzrə biznes kreditləri 12.7 faiz, istehlak kreditləri 27.7 faiz, ipoteka kreditləri isə 21.9 faiz artıb.

ABM-nin son təhlilləri inflyasiyanı artıran və azaldan faktorlar arasında tədricən balansın yarandığını göstərir: “Dünya ərzaq qiymətlərində azalma və bunun təsiri ilə tərəfdaş ölkələrdə inflyasiya təzyiqlərinin nisbətən səngiməsi inflyasiyaya azaldıcı təsir göstərə bilər. Qlobal iqtisadiyyatda aktivliyin azalması və əksər ölkələrdə pul siyasətinin sərtləşməsi də bu prosesə dəstək verir. Bununla belə, resessiya ehtimalının reallaşması bir çox inkişaf etməkdə olan ölkələrin xarici balansında əhəmiyyətli dəyişiklik yarada bilər.

Daxili inflyasiya risklərinə ilk növbədə məcmu tələbin izafi genişlənməsi aiddir. Artan xərclərin inflyasiyaya transformasiyasını məhdudlaşdırmaq üçün fiskal və monetar siyasətlər arasında effektiv koordinasiya bundan sonra da davam etdiriləcək, dayanıqlı məcmu tələb və təklif balansının yaradılması üçün zəruri qərarlar veriləcək".

Mərkəzi Bank inflyasiya hədəf diapazonuna daxil olanadək məcmu tələbin izafi genişlənməsini məhdudlaşdıracaq monetar şəraitin yaradılmasını təmin edəcək.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR