Onlayn ictimai-siyasi qəzet
“Dekabrın 11-də biz Əbu-Dabi hava limanına, oradan da şəxsi nəqliyyat vasitəsi ilə “Dubay Mall”a gəlmişik. Dörd nəfər istirahət məqsədilə gəldiyimiz səfərdə anlaşılmazlıq səbəbindən saxlanılmışıq, ölkəni tərk etməyimizə icazə verilmir”.
Musavat.com xəbər verir ki, bunu Oxu.az-a saxlanılan Emin Bəhman oğlu Cəlilov deyib. O bildirib ki, dörd azərbaycanlı yoldaşdan ikisi ölkəyə geri qayıdıb, iki nəfər isə “Dubay Mall”da afrikalı uşaqla icazəsiz şəkil çəkdirdiyi üçün saxlanılıb:
“Ticarət mərkəzində bir-birimizdən 10-15 metr aralı gəzirdik. Birdən orada afrikalı bir uşaq gördüm. Əlimi uşağın çiyninə qoyub şəkil çəkdirdim. Xatirə üçün dörd-beş saniyəlik bir video da çəkdim. Daha sonra təşəkkür məqsədilə uşağın başından öpdüm. İngilis dilində “çox sağ ol, təşəkkür edirəm” dedim.
Bizdən aralıda gəzən digər yoldaşımızı səslədik. O gəldi, altı-yeddi metr məsafədən mənim, uşağın və o biri yoldaşın şəklini çəkdi. Orada başqa heç nə olmayıb. Nə uşağa lağ etmişik, nə qeyri-etik davranışımız olub. Sadəcə, yanlış anlaşılma olduğundan anasının şikayətçi olduğunu deyərək bizi burada saxlayıblar. O uşaqla anası da turist idilər, Afrikadandırlar. Üç gün bizi nəzarətdə saxladılar. Daha sonra izahat alıb, telefonları alıb, buraxdılar. Dedilər ki, ölkədən çıxışınıza qadağa qoyulub, işiniz məhkəməyə göndəriləcək. 20-25 gün bizim işimizi yubatdılar.
Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinə, Azərbaycan Xarici İşlər Nazirliyinə məlumat vermişik. Artıq 50 gündür, biz burada çıxılmaz vəziyyətdə qalmışıq. Bilmirik, vəziyyət hansı yerdədir, amma biz heç bir qeyri-etik hərəkət etməmişik. Gah deyirlər, iki ildən on ilə qədər cinayət işi açıla bilər, gah deyirlər, şikayət geri götürülüb. Aidiyyəti qurumlardan xahiş edirik ki, bizim məsələni ciddi nəzarətə götürsünlər. Ailələrimiz bizdən narahatdırlar, iş yerlərimizdə problem yaranır. Rica edirik ki, bu məsələnin aydınlaşdırılması və bizim Azərbaycana qayıtmağımız üçün zəruri addımlar atılsın”.
Xarici İşlər Nazirliyindən bildirilib ki, bu məsələ ilə bağlı Azərbaycanın Dubaydakı baş konsulluğu tərəfindən müvafiq addımlar atılıb:
“Zəruri araşdırma aparılır, hələlik yekunlaşmayıb”.
***
Dubaya gəzməyə gedən iki Azərbaycan vətəndaşı orada qaradərili uşaqla icazəsiz şəkil çəkdirdiyi üçün həbs olunub.
Musavat.com xəbər verir ki, bu barədə həbs olunan şəxslərin dostlarından biri Anews.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, iki aydır dostlardan xəbər ala bilmirlər:
“Dostumuz Cəlilov Emin Bəhman oğlu iki ay öncə üç dostu ilə birgə Dubaya gəzməyə gedib. Elə həmin gün də geri qayıtmalı idilər. Orada ticarət mərkəzlərinin birində qaradərili uşaqla anasından icazə almadan foto çəkdiriblər. Nəticədə uşağın anası şikayətçi olub. Buna görə də gəzməyə gedən iki dostu həbs etmək qərarı verilib. Emin bəyin anası yaşlıdır və övladından xəbər ala bilmir. Aidiyyəti qurumların dəstəyinə ehtiyacımız var”.
Məlumata görə, həmin şəxslər qeyri-etik ifadələr işlədərək qarşı tərəfə “neqr” deyiblər.
Mövzu ilə bağlı Xarici İşlər Nazirliyindən bildirilib ki, bu məsələ Azərbaycanın Dubaydakı Baş konsulluğunun nəzarətindədir. Müvafiq dəstək göstərilir. Əlavə məlumat olacağı təqdirdə açıqlanacaq.
Hüquqşünas Fariz Namazlı qeyd edib ki, azərbaycanlıların həbs olunması Birləşmiş Ərəb Əmirliklərinin qanunları ilə tənzimlənir: “Bizim oradakı səfirliyimizin məsələyə qarışmaq kimi səlahiyyəti var. Azərbaycanlıların müdafiə olunması üçün tədbirlər həyata keçirə bilər. Onların vəkillə təmin olunmasına dəstək göstərə bilər”.
Vəkil, həmçinin vurğulayıb ki, hər iki ölkə arasında “cinayət törətmiş şəxsin verilməsi haqqında” müqavilə varsa, o müqavilə əsasında vətəndaşların Azərbaycana göndərilməsi təmin oluna bilər.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ