İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət idarələrini qarət edən 12 yaşlı pioner – o, çekisti aldadıb, sorağı Molota qədər çatıb

Gənc pioner Valentin Yeqorov nadir fərasəti sayəsində sovet kriminologiyasının tarixinə düşüb. O, demək olar ki, bütün sovet dövlət qurumlarını qarət etməyi bacarıb. Yeqorovun işi o qədər qeyri-adi olub ki, təkcə Xalq Daxili İşlər Komissarlığının rəhbərliyini yox, həm də Siyasi Büronu təşvişə salıb. Uzun müddət bu hekayə haqqında heç nə məlum olmayıb. Yalnız bir neçə il əvvəl Stalin dövrünün tədqiqatçıları Borisenok və Mozoxin arxivdə onunla bağlı təfərrüatlar öyrənib ictimailəşdiriblər.

1930-cu illərin əvvəllərində SSRİ-də pioner hərəkatı geniş vüsət alıb. O dövrdə pionerlər partiya siyasətinin gənc dirijorları hesab olunub və müxtəlif dövlət kampaniyalarında - din əleyhinə mübarizədən tutmuş bürokratiyaya qarşı mübarizəyə qədər fəal istifadə olunub.

SSRİ-də bürokratiyanın tənqidinə icazə verilib. Müxtəlif şöbələrdə müəyyən nöqsanları aşkar etmək üçün qabaqcıl fəallar dərhal işə götürülüb. Ən aktiv komsomolçulardan və pionerlərdən ibarət “yüngül süvari” adlanan “ordu” birbaşa dövlət aparatının aşağı səviyyələrinə nəzarət etmək üçün yaradılıb. Məhz həmin illərdə özünü “islah etmək” istəməyən, “bürokratik təxribat”la məşğul olan “çar rejiminin maskalanmış qulluqçuları”nın təmizlənməsi kampaniyası gedib.

b0047144-8a0c-4bdd-8c92-483efee11405.jpeg (87 KB)

“Yüngül süvarilər”ə faktiki olaraq istənilən müəssisə və ya quruma giriş imkanı verilib. Belə səfərlər “basqınlar” adlanıb. İşçilər bu “basqınlar”ə mane olmamalı, əksinə, onlara hər cür köməklik göstərməyə borclu olublar.

Əslində, 12 yaşlı pioner Valentin Yeqorov məhz belə “süvari”lərdən biri olub. Onun ilk qurbanı Dzerjinskinin adamı, Belarusiya SSR-də dövlət siyasi idarəsinin keçmiş rəhbəri, təcrübəli çekist Yan Olski-Kulikovski olub. 1930-cu illərin əvvəllərində Olski-Kulikovski partiya siyasətinin növbəti mərhələsinə uyğun gəlməyib və orduda xidmət edən keçmiş çar zabitlərinin məruz qaldığı repressiyalara qarşı olub. O, israr edib ki, onlara qarşı iş “saxta”dır, buna görə o, Birləşmiş Dövlət Siyasi İdarəsindən xaric edilib və ictimai iaşəyə - Xalq Daxili Ticarət Komissarlığı yanında yeməkxanalar, restoranlar və kafelər baş idarəsinin rəisi vəzifəsinə keçirilib.

Yeqorov komissarla təsadüfən tanış olub. Bir gün hər ikisi Xalq Komissarlığının eyni yeməkxanasında olub. Olski-Kulikovski açıq-aşkar heç bir işi olmayan bir yeniyetmə görüb, ondan gəlişinin məqsədini soruşub. Hazırcavab Yeqorov gənc pionerlərin “süvari”si olduğunu bildirib. O, partiyanın göstərişlərinə uyğun olaraq bürokratiya ilə mübarizə apardığını deyib.

5137c9c9-2e57-49dc-b2e0-6e0ee609e666.jpeg (175 KB)

Bu, Olski-Kulikovskinin xoşuna gəlib və onu ertəsi gün şəxsi görüşə dəvət edib və idarənin bütün yeməkxanalarını yoxlamaq üçün mandat verəcəyini vəd edib. Fəal pioner fürsəti əldən verməmək qərarına gəlib. Mühafizəçiləri, sonra isə katibi inandıran pioner rəisin otağına qalxıb. Artıq gec olduğu üçün o, vəsiqəni almayıb, amma keçmiş NKVD zabitinin stolundan saat oğurlamağı bacarıb. Olski-Kulikovski vəziyyətdən xəbərsiz oğlana başqa vaxt gəlməsini təklif edib.

Olsk-Kulikovski ilə üçüncü görüşündə yeniyetmə cinayət başında yaxalanıb. “Çekist” başqa kabinetə kağız götürməyə gedəndə Yeqorov masada bir neçə gizli sənəd və qiymətli əşyalar götürüb. Geri qayıdan rəis vəziyyəti dərhal anlayıb və milis çağırıb. Lakin idarəyə gedəndə Valentin milisin əlindən qaça bilib.
Bir müddət gözdən itən pioner hədəf olaraq Xalq Maliyyə Komissarlığını seçib və orada bir həftə qalıb. Bu dəfə o, intuisiya ilə deyil, aydın planla hərəkət edib.

Binaya daxil olan kimi dərhal özünü yeməkxananı yoxlayan “pioner süvari”si kimi təqdim edib və səlahiyyətli şəxslə görüşməyi tələb edib. Onu yeməkxanaya aparıblar, sonra binanı gəzməyə gedib. Bütün otaqların açarlarını əlinə keçirən yeniyetmə şkafların hamısını açaraq qiymətli əşyaları və pulları götürüb.
İkinci dəfə özünü iclasda iştirak etməyə gəlmiş komsomolçu kimi, üçüncü dəfə idarə qəzetinin jurnalistlərindən birinin qohumu kimi təqdim edib. Nəhayət, mühafizəçilərə xalq maliyyə komissarı Qriqori Qrinkonun oğlu olduğunu deyib. O, təmizlikçiləri xalq komissarının oğlu olduğuna və atasını gözlədiyinə inandıra bilib. Nəticədə təmizlikdən sonra onun idarə rəisinin kabinetində qalmasına icazə verilib. Lakin o, Qrinkonu soya bilməyib, onun kabinetində qiymətli heç nə tapılmayıb.

bc32a5a1-d5d9-49c3-8496-07a723d43412.jpeg (56 KB)

Bir həftə ərzində pioner Xalq Maliyyə Komissarlığında, demək olar ki, bütün otaqlardan oğurluq edib və bir dəfə də olsun cinayət başında tutulmayıb. Üstəlik, o, paytaxt məktəblərindən birinə satdığı Leninin portreti kimi, oğurladığı digər əşyaları da başqa qurumlara satmağı bacarıb.

Pioner bütün əsas dövlət binalarını “gəzib”. O, Xalq Maliyyə, Daxili Ticarət, Ağır Sənaye, Səhiyyə komissarlıqlarında, Moskva Şəhər Komitəsində, Komsomolin Mərkəzi Komitəsində, bütün əsas sovet qəzet və jurnallarının redaksiyalarında olub.

Onu ələ keçməsinə səbəb isə qəzet redaksiyasında stolun üstündəki fotoaparat olub. SSRİ-də yenicə istehsal olunmağa başlayan texnika çox baha olub və lüks mal sayılıb. Yeqorov onu küçədə satmaq istəyəndə milis tərəfindən saxlanılıb.

1e6ecdb4-572a-4438-9574-ab7319ae0876.jpeg (62 KB)

O, oğurluqları inkar etməyib, əksinə, böyük dövlət işi gördüyünə inanaraq çox fəxr edib. Yeqorovun sözlərinə görə, o, dövlət qurumlarından şəxsi maraqları naminə yox, “axmaqlara öyrətmək” üçün oğurluq edib. Pionerlə bağlı iş o qədər böyüyüb ki, məsələ xalq daxili işlər komissarı Henrix Yaqodanın özünə çatıb və o, bəzi yüksək vəzifəli məmurlarla təfərrüatları bölüşüb. Bu, SSRİ Xalq Komissarları Sovetinin sədri Vyaçeslav Molotovda xüsusi təəssürat yaradıb, o, pionerin sərgüzəştləri haqqında hekayəni Siyasi Büronun bütün üzvlərinə göndərməyi əmr edib ki, onlar dövlət aparatında hansı ehtiyatsızlığın hökm sürdüyünü gözləri ilə görə bilsinlər.

Yeqorovu müşahidə edən ekspertlər onun kleptomaniyadan - oğurluğa patoloji həvəsdən əziyyət çəkdiyi qənaətinə gəliblər. Cinayət məsuliyyəti yaşının 12 yaşa endirilməsi ilə bağlı məşhur fərman o vaxt hələ qüvvədə olmadığı üçün pioner həbs cəzası almayıb. Əvəzində o, Xüsusi Məktəblər və Uşaq Evlərinin Elmi-Praktik İnstitutuna göndərilib, sonradan oradan yoxa çıxıb.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR