Onlayn ictimai-siyasi qəzet
"Dişləri qıcamaq, yəni bruksizm, adətən yuxuda baş verən, çənənin qeyri-iradi sıxılması və dişlərin bir-birinə sürtülməsi ilə xarakterizə olunan vəziyyətdir. Bu hal bəzən Parkinson xəstəliyi kimi sinir sistemi pozuntularının ilkin əlaməti ola bilər".
Bu barədə gazeta.ru-ya istinadla rusiyalı uşaq nevroloqu Nataliya Stepanenko məlumat verib.
Həkimin sözlərinə görə, bruksizm təkcə dişlərin qıcırtı səsləri ilə deyil, çənə ağrısı, baş ağrısı və diş zədələnmələri ilə də müşayiət oluna bilər:
"Əgər müalicə olunmasa, bu, diş minasının aşınmasına və dişlərin düzgün düzülməməsinə səbəb ola bilər", - deyə o bildirib.
Nevroloqun sözlərinə görə, bruksizmin səbəbləri müxtəlif ola bilər:
Stres və emosional gərginliklər - insan bu zaman şüuraltı olaraq çənəsini sıxır;
Epilepsiya və Parkinson xəstəliyi kimi sinir sistemi pozuntuları;
Kəllə-beyin travmaları;
Düzgün olmayan dişləmə və digər stomatoloji problemlər;
Kofein, alkoqol və bəzi dərman preparatlarının qəbulu.
Bruksizmin əsas əlaməti gecə vaxtı dişlərin qıcırtı səsləridir. Həkimin sözlərinə görə, insan özü bunu hiss etməyə bilər, lakin ətrafdakılar bu səsləri eşidə bilərlər. Bununla yanaşı aşağıdakı simptomlar da müşahidə oluna bilər:
Baş ağrısı;
Çənədə narahatlıq və ya ağrı;
Diş zədələnmələri;
Üz nahiyəsində ağrılar;
Baş gicəllənməsi;
Diqqəti cəmləməkdə çətinlik.
Nataliya Stepanenko qeyd edib ki, bruksizm diaqnozu üçün stomatoloq və ya nevroloqa müraciət etmək lazımdır.
"Bəzən "bruks-çeker" adlı xüsusi ağız qoruyucusu istifadə edilir. Müalicə səbəbdən asılı olaraq dəyişir: uşaqlarda keçici ola bilər, böyüklərdə isə sakitləşdirici preparatlar, əzələ boşaldıcılar və psixoloq yardımı tövsiyə edilir", - deyə həkim sözlərini yekunlaşdırıb.//Oxu.az
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ