Onlayn ictimai-siyasi qəzet
Bakının Xətai rayonunda 2007-ci il təvəllüdlü Elcan ailə münaqişəsi zəminində 1977-ci il təvəllüdlü anası Fəridəni (adlar şərti verilib – red.) qətlə yetirib.
Elcan onunla eyni mənzildə yaşayan anası Fəridənin daim onun şərəf və ləyaqətini alçaldıb, təhqir etməklə fiziki ağrılar yetirməsindən bezib. O, anasını öldürməklə qisas almaq qərarına gəlib.
2023-cü il fevralın 10-da yaşadıqları Xətai rayonu, Sarayev küçəsində yerləşən mənzilin mətbəxindən bıçaq götürüb. Yataq otağına daxil olaraq çarpayıda yatan Fəridənin bədəninin müxtəlif nahiyələrinə bıçaqla vurmağa başlayıb.
Yuxudan oyanan Fəridəhəyatını xilas etmək üçün müqavimət göstərməklə mənzilin digər yataq otağına qaçıb. Elcan hərəkətlərini davam etdirərək bacıları – Şahnaz və Aybənizin gözü qarşısında anasına zərbələr vurmağa davam edib. Ümumilikdə 129 bıçaq xəsarəti alan qadın vəfat edib.
“Anam ləyaqətimi alçaldırdı”
İstintaq orqanı tərəfindən Elcanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü(xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elcan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, uşaqlıq dövründən anası tərəfindən pis rəftara məruz qalıb:
“Anam ləyaqətimi alçaldır, oxlovla mütəmadi olaraq məni döyürdü. Hətta bir dəfə sinif yoldaşım Səlimlə telefonla danışan zaman üstümə qışqıraraq məni təhqir etdi. Bunu eşidən Səlim qorxusundan telefonu söndürdü.
Anamın mənimlə, bacılarımla və atamla pis rəftarından bezərək onu qətlə yetirmək qərarına gəldim.
Atam anamı boşasın deyə onun telefonunda gizlin olaraq Səid adlı şəxsin saxta profilini yaratmışdım ki, guya anam bu şəxslə ünsiyyət yaradıb”.
“Gecəni yata bilmədim”
Elcanın sözlərinə görə, fevralın 8-də saat 18 radələrində atası mühafizəçi işlədiyi şirkətə gecə növbəsinə gedib, növbəti gün saat 8 radələrində evə qayıtmalıymış: “Fevralın 9-da məktəbə getdim. Günorta saatlarında məktəbdən çıxaraq evə gəlib nahar etdim. Yenidən hazırlığa yollandım. Hazırlıqdan dönüb, bir qədər telefonla oynadıqdan sonra gecə saat 12 radələrində yatdım.
Mən qonaq otağında, bacılarım öz otaqlarında, anam isə öz yataq otağında yatdı. Anama qarşı əsəbilərim soyumadığı üçün onu öldürüb, canımı qurtarmaq istədim. Bütün gecə bunu fikirləşdiyim üçün yata bilmədim.
Fevralın 10-da səhər saat təxminən 5-6 radələrində yatdığım otaqdan çıxaraq evin mətbəxinə getdim. Stolun üzərindən mətbəx bıçağını götürərək anamın otağına keçdim. Çarpayısında yatan anamın başına və bədəninin müxtəlif nahiyələrinə ardıcıl bir neçə bıçaq zərbəsi vurdum”.
Elcan qeyd edib ki, anası yuxudan ayılaraq qışqırıb, bıçağı ondan almağa çalışıb: “Mənə müqavimət göstərdi. Əlimdən qaçaraq bacılarım yatan otağa keçdi. Bıçaq əlimdə anamın arxasınca qaçdım. Səs-küyə oyanan bacılarım – Şahnaz və Aybənizi qorxuzaraq qarşımamalarını tapşırdım. Anamın baş və bədənin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi də vurdum.
Anam güclə ayaq üstə qalaraq əvvəlcə tualetə, sonra isə hamam otağına keçdi. Hamamın qapısını bağlamağa çalışsa da, mən qapını içəri doğru itələdim, anam yerə yıxıldı. Hamamda yıxıldığı yerdə anama bir neçə bıçaq zərbəsi vurdum. Onun səsi kəsildi və qan içində yerdə uzanıqlı vəziyyətdə qaldı.
Bundan sonra anamın öldüyünü zənn edərək hamamdan çıxdım. Halım pisləşdi, şok vəziyyətinə düşdüm. Bacılarım atama etdilər. Evə təcili yardım və polis əməkdaşları gəldilər. Əməlimdən peşmanam”.
“Dini paltarlarını yandırıb”
İş üzrə zərərçəkmiş Fəridənin hüquqi varisi, atası Səfərin sözlərinə görə, qızı Gəncə şəhərində orta məktəbi bitirib və texnikumda təhsili alıb: “Nəsiblə ailə quran qızımın birgə nikahdan 21 yaşlı üç övladları doğuldu. Ailə üzvləri ilə birlikdə yaşayır, Bakı şəhərində “8-ci kilometr” bazarında qadın paltarı satıcısı işləyirdi.
Təxminən bir il yarımdan artıq müddət olar ki, Fəridənin övladları – Şahnaz və Elcan hansısa dini cərəyana qoşulub, valideynlərdən xəbərsiz müxtəlif yığıncaqlarda iştirak edərək dərslərdən yayınırdılar.
Fəridə xəbər tutub ki, qızı Şahnaz təhsil aldığı universitetdən çıxıb, bacısı Aybənizi də oxuduğu liseydən çıxarıb və onu aldadaraq deyib ki, onların dini qrupunda yaxşı bir oğlan var, yığışdıqları kafedə onu dərslərdən hazırlayar, universitetə daxil olar.
Fəridə bundan xəbər tutandan sonra uşaqların dini paltarlarını yandırıb, onlardan dini yığıncaqlara getməməyi tələb edib”.
“Oğurluğu gizlətdilər”
Zərərçəkmiş şəxsin hüquqi varisinin sözlərinə görə, daha sonra ailədə dava-dalaş yaranıb:
“Elcan anasına deyib ki, bu sənə baha başa gələcək. Elcanın bu dərəcədə aqressivləşməsinə, dərsdən yayınaraq dini yığıncaqlara getməsinə bacısı Şahnaz səbəb olub. 25 oktyabr 2022-ci ildə Fəridəgilin evindən 18 min ABŞ dolları, 10 min manat və ailəyə məxsus 1 kiloya qədər qızıl-zinət əşyaları oğurlandı. Eyni zamanda evdə yanğın baş verdi.
Təsadüfi deyil ki, şkafın ancaq oğurlanan pul və qızıl saxlananı hissəsi yanmışdı. Fəridə və əri Nəsib telefonla danışaraq bunu bizə xəbər verəndə bildirdim ki, bu, Şahnazla Elcanın işidir. Lakin onlar uşaqların adına söz çıxmasın deyə oğurluq barədə polisə xəbər vermədilər. Uşaqlar isə oğurladıqlarını kimlərə verdiklərini gizlədərək heç nə demədilər”.
“Bu, intihar hadisəsi deyil, qətldir”
Səfər qeyd edib ki, bundan başqa, onun həyat yoldaşı Səmayə 2 yanvar 2023-cü ildə Bakı şəhərinə, qızı Fəridənin evinə qonaq gəlib:
“Səmayə boynunda olan 60 qramlıq qızıl boyunbağını çıxararaq evə qoyub, həmin boyunbağı da yoxa çıxdı. Evdə hamı bildi ki, bu, Elcanla atası Nəsibin işidir. Lakin onlar heç nəyi boynuna almadılar.
Bundan başqa, həmin il fevralın 4-də Elcan anası Fəridəni balkondan itələyərək yerə yıxmaq istəmişdi. Fəridə özünü yıxılmaqdan güclə saxladığı üçün Elcanın istəyi baş tutmadı. Fəridə oğlundan nə üçün belə hərəkət etdiyini soruşduqda, demişdi ki, guya zərafat edir. Bütün bu olanları Fəridə telefonla danışıq zamanı bizə bildirdi.
Fevralın 10-da saat 6 radələrində Elcan Fəridəni yaşadığı evdə çoxsaylı bıçaq zərbələri vuraraq öldürdü. Hadisə baş verən vaxt uşaqların ataları Nəsib evdə deyilmiş. Cinayəti gizlətmək üçün Şahnaz Nəsibə zəng vuraraq Fəridənin özü-özünə bıçaq zərbələri vuraraq intihar etdiyini söyləyib. Lakin hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə gəldikdən sonra müəyyən edilib ki, bu, intihar hadisəsi deyil, qətldir”.
“Heç kəslə yola getmirdi”
İş üzrə şahid qismində ifadə verən Nəsibin sözlərinə görə, 15 yaşlı Elcan onun doğma oğludur, mərhum Fəridə isə həyat yoldaşı olub: “Fəridə çox əsəbi adam idi. Evdə və işlədiyi paltar geyimi mağazasında heç kəslə yola getmirdi. Kiçik bir səbəb onun hövsələdən çıxırdı. Məni, oğlum Elcanı, qızlarım Şahnaz və Aybənizi söyüb təhqir edirdi. Hətta fiziki zor tətbiq edirdi.
Bir dəfə mənimlə mübahisə zamanı mətbəx bıçağı ilə ayağımdan xəsarət yetirmişdi. Lakin ondan polisə şikayət etməmişəm. 2006-cı ildən hazıradək mühafizəçi işləyirəm. İşə gecə növbəsinə çıxmalı oluram. Bu zaman Fəridə uşaqlarım ilə evdə olurdu”.
“Öldüyünü başa düşdüm”
Nəsib qeyd edib ki, Elcan onu anasından boşatdırmaq məqsədilə anasının telefonunda saxta profil yaradıb: “Guya həmin profildə anası başqa bir şəxslə sevgi söhbətləri aparır... Telefonda olan yazışmaları mənə də göstərdi. Mən mətbəxdə olan Fəridənin yanına keçərək yazışmaları ona təqdim etdim. Bunun nə olduğunu soruşdum.
Fəridə həyəcanlandı, yazışmaların ona aid olmadığını bildirdi, əlini Qurana basa biləcəyini dedi. Mən də ona inandım. Fəridə əsəbi qadın olsa da, əxlaqsız deyildi. Mənə həmişə sadiq idi.
Hadisə günü gün ərzində evdə olmuşam, saat 18 radələrində işə getdim. Növbəti gün, saat 8 radələrində evə qayıtmali idim. Qızım saat 6 radələrində zəng vuraraq dedi ki, Elcan Fəridəni öldürüb. Dərhal işdən çıxaraq evə gəldim. Mənzilə daxil olanda gördüm ki, qızlarım qonaq otağında divanda əyləşib, Elcan isə ayaq üstə dayanaraq ağlayır.
Fəridəni gözüm axtardıqda hamam otağının qapısı açıq olduğu üçün onu yerdə uzanıqlı vəziyyətdə, bədəninin qana bulaşdığını gördüm. Yaxınlaşaraq barmağımla nəbzini yoxladım, nəbz dayanmışdı. Elcandan soruşdum ki, niyə belə elədin? Elcan isə ağladı və mənə heç bir cavab vermədi.
Sonra zəng edərək hadisə barədə qardaşıma və Gəncə şəhərində yaşayan qayınatama məlumat verdim. Təcili tibbi yardıma da xəbər elədik. Təcili tibbi yardım briqadasının əməkdaşları Fəridənin ölüm faktını təsdiq etdilər və bu barədə Xətai Rayon Polis İdarəsinə məlumat verdilər”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elcan 10 il azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib./Teleqraf.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ