Onlayn ictimai-siyasi qəzet
Müğənnilərdən üzr istəməyə məcbur edilənlərə adamın yazığı gəlir. Baxırsan, yekə kişidir, bığlı-saqqallı adamdır, əvvəllər nə keks yeyibsə, indi çıxıb deyir, səhv eləmişəm, çox yemişəm, üzr istəyirəm, filankəs məni bağışlasın...
Biz ürəyiyuxa adamlar olduğumuzdan dərhal döyüldüyü və ya hədələndiyi güman olunan zavallıya yazığımız gəlir, Anadolu türklərinin ağzı ilə deyirik, “dağ başıdırmı burası, dövlət, hökumət, qanunlar hardadır”.
Amma ədalətli oğlanlarıqsa, gərək söhbətə bir az qabaqdan başlayaq, durduğu yerdə qadın müğənnini “quşdur”, “saxlayanı var”, “bilirik, nəyin hesabına qabağa gedir” kimi təhqiramiz eyhamlara məruz qoyanlara hiddətlənək, onları təhqir edənlərə deyək ki, dağ başıdırmı bura, a kişi, camaatın anası-bacısı ilə nə işin var, hansı haqla onu əxlaqsızlıqda ittiham edirsən.
Bax, bunu heç vaxt demirik, çünki həmin o qadınlara qarşı bizim də düşüncəmiz aşağı-yuxarı eynidir. Yəni könlümüz təhqir edənlərdən yanadır.
Halbuki şəxsən tanımadığımız bir qadının maşını, evi necə alması, pulu necə qazanması, kimlə oturub-durması, kim(lər) tərəfindən saxlanması bizə dəxli olmayan məsələlərdir. Hər kəs öz namusuna cavabdeh olmalıdır. Heç kəs başqasının şəxsi həyatını sorğulamamalıdır. Bir müğənni qadının bir kişiyə vətəndaş vəziyyəti aktlarının qeydiyyatı şöbələrində rəsmi müqaviləsi olmadan səhər yeməyi hazırlamasının və ya onunla tətilə getməsinin bizə dəxli yoxdur. Yetər ki, bu həyat tərzi tv-lərdə reklam, təbliğ olunmasın, yeni, gənc nəslə nümunə kimi göstərilməsin.
Əgər o cür həyat tərzi keçərnlərdən xoşumuz gəlmirsə, gəlməsin, yaxınlıq etməyək, qohum olmayaq, ünsiyyət qurmayaq, şəkil çəkdirməyək, toyda oxumağa çağırmayaq, amma daha canlı video açıb, “qədim peşə yiyəsi” olduğunu da vurğulamayaq.
Nəzərə almalıyıq ki, heç də hamı yetim-yesir deyil. Beşi susar, eləcə rəfiqələrinin üstünə ağlayar, amma birinin yiyəsi böyürdən çıxar, təhqir yağdırana deyər, gəl bura, o gün videoda dediyini, Feysbukda yazdığını təkrar elə. Təkrar isə heç də həmişə biliyin anası deyil, bəzən güclü biləyin qarşısında əzbər pozulur. O zaman ortaya yeni videolar çıxır.
İndi elə çıxmasın ki, adamları üzr videosuna çəkilməyə məcbur etmək doğru hərəkətdir. Xeyr. Qanun pozuntusudur. Bu, o deməkdir ki, həmin şəxs təxminən yarım saatlıq girov götürülüb, hardasa çarəsiz duruma salınıb, öz şəxsiyyət və ləyaqətinin özü tərəfindən alçaldılmasına razılaşmış duruma gətirilib.
Hərdən hökumət strukturları da ictimai yerlərdə xuliqanlıq, xalqa qarşı yekəbaşlıq edənləri tutub üzr videosuna çəkir, heç o hərəkətdən də xoşumuz gəlmir. Hərçənd iki gün qabaq lotu-lotu, qoçu-qoçu camaata “bomba oğlan” olduğunu göstərən birinin başı qırxılmış və çöməltmə oturdulmuş yerdə hamıdan üzr istəməsi videosunu izləmək xalqda məmnunluq yaradır. Biz “bomba oğlan”ların təvazökarını sevən camaatıq, yekəbaşlıq, lotuluq edənləri isə həmişə ya üzüquylu düşən, ya da çöməltmə oturan yerdə görmək istəyirik.
Yəni adam elə vəziyyətlərə düşməmək üçün gərək sözünün dalını, qabağını fikirləşsin. Elə kimsə bir az yiyəsizdirsə, onu dərhal hoydu-hoyduya götürmək, Monika Beluççinin “Malena”sının gününə qoymaq lazımdır? Elə edərsən, “Zita və Gita”dakı gədənin gününə düşərsən.
Amma Afət Fərmanqızının bu mövzuda dediyi bir fikir xoşuma gəldi. Xanım başına gələn hadisəyə izahat verərək deyir: “Sənətçilərdən kim öndədirsə, əli çatmayan başlayır onu söyməyə. İstirahət edirsən, istirahət edə bilməyən söyür, ərə gedirsən, əri olmayan söyür, maşın alırsan, maşını olmayan söyür, yaxşı günlü olursan, pis günlü olan söyür və sairə. Sanki bütün problemlərin kökündə biz müğənnilər dayanırıq".
Xanım haqlıdır. Son vaxtlar monopolist inhisarçıları, odioz və mafioz məmurları, büdcəni talayanları qırağa qoyub, düşüblər başqalarının üstünə, ya təqaüd, medal alan ziyalıları, ya nəsə bir “quş buraxmış” (bəzən buraxmamş) deputatları, ya da müğənniləri söyürlər. Halbuki ətin bahalaşmasında onların günahı yoxdur.
“İstirahət edirsən, istirahət edə bilməyən söyür” fikri isə lap doğrudur. 3-4 il öncə dostlardan biri 40 ilin başında bir dəfə istirahət etdiyi məkandan şəkil paylaşmışdı, bir neçə adam şərh bölümündə yazmışdı ki, ölkənin pulunu daşıyıb aparır, xaricilərə yedirdirsiz. Halbuki o dostumuz xarici ölkəyə bəziləri kimi 2-3 milyon və ya 100 min avro aparmamışdı, apardığı pul 5-6 yüz dollardan artıq deyildi. Necə nəfəs çəkdilərsə, yollar birdəfəlik bağlandı. İndi ölkənin pulu ölkədə qalır, cibimizi yırtır, aparıb veririk müğənnilərə.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ