İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan deputatından Nikol Paşinyana HÜQUQ DƏRSİ

Ermənistan Baş Nazirinin müsahibəsindəki fikirlər bir daha sübut edir ki, rəsmi İrəvan sülhə səmimi şəkildə yanaşmır, əvvəllər verdiyi vədlərdən geri çəkilir və sadəcə vaxt qazanmağa çalışır.

Baş nazirin iddia etdiyi kimi, guya Ermənistan Konstitusiya Məhkəməsinin qərarı ilə konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının hüquqi əsasları aradan qaldırılıb – bu, tamamilə əsassız və beynəlxalq rəyi aldatmağa yönəlmiş yanaşmadır.

Əsl vəziyyət isə belədir: Ermənistanın qüvvədə olan Konstitusiyasının Preambulunda 1990-cı il 23 avqust tarixli Müstəqillik Bəyannaməsinə istinad olunur. Həmin bəyannamədə isə Qarabağla bağlı açıq ərazi iddiası əksini tapır – təkcə siyasi yox, həm də hüquqi baxımdan Ermənistanın Qarabağı öz tərkib hissəsi kimi qəbul etməsi ifadə olunub. Beləliklə, Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı normativ istinad formalaşdırılıb.

Paşinyanın istinad etdiyi Ermənistan Konstitusiya Məhkəməsinin son qərarı vəziyyəti daha da çətinləşdirir. Belə ki, Məhkəmə Preambulanı "dəyişməz" (immutable) elan etmiş və onu dəyişdirilə bilməyən maddələr siyahısına daxil etmişdir. Halbuki Ermənistan Konstitusiyasının mövcud redaksiyasında preambulanın belə statusu yox idi və bu hissə "dəyişdirilə bilməz maddələr" arasında sadalanmırdı.

Bu isə hüquqi baxımdan səlahiyyətin aşılması (judicial overreach) və Konstitusiyanın orijinal mətninə doktrinal müdaxilə nümunəsidir. Normativ-hüquqi əsas olmadan Preambula “toxunulmaz” elan edilibsə, bu qərar həm Ermənistanın daxili hüquqi sisteminin prinsipinə, həm də xalqın suveren iradəsini ifadə etmək hüququna ziddir.

Yəni bu qərar mahiyyətcə Ermənistan parlamenti və cəmiyyətini Azərbaycanın ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən istinaddan imtina etmə hüququndan məhrum edir. Beləliklə, Ermənistan rəhbərliyi nə qədər "sülh istəyirik" desə də, yeni qərar sülh sazişinin imzalanması üçün ermənistanın hüquqi bazasınını faktiki olaraq mümkünsüz etdi.

Azərbaycan tərəfi Ermənistan Konstitusiyasının yalnız preambulasının dəyişdirilməsini tələb edirdi. Lakin Ermənistan Konstitusiya Məhkəməsinin sonuncu qərarı bu istinadı dəyişməyin tamamilə mümkünsüz etdi. Bu isə Ermənistanı sülhə gedən yolda daha da mürəkkəb konstitusiya islahatlarına məcbur edir. Hazırda Ermənistanın yeganə yolu bütov Konstitusiyasını dəyişməkdən keçir. Halbuki əvvəl sadəcə məhkəmənin qərarı ilə preambulanı dəyişə bilmək imkanları var idi.

Əgər Ermənistanın əsl niyyəti sülhdürsə, onlar öz işlərini niyə çətinləşdirdilər?

Qərarın siyasi məqsədlə verildiyini, vaxt qazanmaq üçün atıldığını göstərən digər sübut isə 1998-ci ildə Ermənistan Konstitusiya Məhkəməsinin Robert Koçaryanla bağlı verdiyi qərardır. Həmin dövrdə Konstitusiyaya əsasən prezidentliyə namizəd son 10 il ərzində Ermənistan ərazisində yaşamış vətəndaş olmalı idi. Koçaryan isə bu şərtlərə  uyğun gəlmirdi – o, Qarabağda doğulmuşdu, Ermənistan vətəndaşı deyildi və yalnız 1997-ci ildə İrəvana köçmüşdü.

Lakin Konstitusiya Məhkəməsi həmin uyğunsuzluğu legitimləşdirmək üçün Qarabağı Ermənistanın hüquqi mühiti kimi qəbul etdi, faktiki olaraq elan etdi ki, Qarabağ Ermənistanın tərkib hissəsidir. Əgər bu gün səmimi niyyət hüquqi ziddiyyətləri aradan qaldırmaqdırsa, o zaman 1998-ci ildə verilmiş bu qərarın hüquqi nəticələri niyə hələ də qüvvədə qalır? Niyə məhz Konstitusiya Məhkəməsinin sonuncu qərarında da Koçaryanla bağlı qəbul etdiyi qərarı istisna edir?

Bütün bu hüquqi ziddiyyətlər və ikili standartlar göstərir ki, Ermənistan Konstitusiya Məhkəməsinin qərarı sülh prosesinə qarşı məqsədyönlü şəkildə təşkil edilmiş hüquqi-siyasi baryerdir.

Ermənistan ictimaiyyəti anlamalıdır ki, sülh sazişi ilk növbədə Ermənistanın öz gələcəyi üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycan bu saziş olmadan da öz suverenliyini qoruyur və regionda lider rolunu möhkəmləndirir. Lakin Ermənistan üçün sülh alternativsizdir – əks təqdirdə ölkədə təcrid, geosiyasi zəiflik və sosial-iqtisadi durğunluqla daha da dərinləşəcək, Ermənistanın dövlət kimi mövcudluğu təhlükə atına düşəcək.

Azərbaycanın mövqeyi isə aydındır və prinsipialdır: Ya sülh real olacaq, ya da məsuliyyət tam şəkildə Ermənistanın üzərində qalacaq.

Kamal Cəfərov, Milli Məclisin deputatı

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR